Rusiyaya sanksiyalar artır: Moskvanı ağır defolt gözləyir


Rusiyaya sanksiyalar artır: Moskvanı ağır defolt gözləyir

Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra proseslər daha da dərinləşməyə başladı.
Bir çox ölkələr Rusiyanın işğalçılıq siyasətinə etiraz əlaməti olaraq müxtəlif üsullar tətbiq etməyə başladılar. Bu kontekstdə diqqəti cəlb edən ilk ciddi sanksiya addımı təbii qaz təchizatında böyük ölçüdə Rusiyadan asılı olan Almaniya tərəfindən tikintisi başa çatdırılan “Şimal axını-2” boru kəmərinin lisenziyalaşdırma prosesinin dayandırılması oldu.
Daha sonra müharibə başlayandan bəri ABŞ Prezidenti Bayden tərəfindən dilə gətirən, lakin onun həyata keçirilməsində ciddi şübhələrin olduğu Rusiya banklarının beynəlxalq SWIFT sistemindən çıxarılması addımı gəldi.
SWIFT sistemindən kənarda qalmaq Rusiyanın son 30 ildə həyata keçirdiyi iqtisadi/maliyyə qloballaşma təşəbbüslərinin əsas sütunlarından birini sıradan çıxarmaq deməkdir. Daha sonra Rusiya Mərkəzi Bankı (RMB) ilə bütün maliyyə əməliyyatları qadağan edildi. ABŞ, İngiltərə, Kanada və Aİ ölkələri Rusiya Mərkəzi Bankı ilə bütün maliyyə əməliyyatlarını dayandıraraq, Rusiya hökumətini müəyyən mənada öz valyuta ehtiyatlarından istifadə edə bilməyəcək vəziyyətə gətirdilər.
Beləliklə, tətbiq edilən "iqtisadi məngənədə" qalan Rusiya mövcud vəziyyətdən çıxış yolu tapa biləcəkmi, yoxsa Kremli defoltmu gözləyir?
İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, bu gün Rusiyanın valyuta ehtiyatları mövcuddur:

"18 fevral 2022-ci il tarixinə əsasən, Rusiyanın 643 milyard 200 milyon dollar strateji ehtiyatları, 74 milyon unsiya qızıl ehtiyatları vardı. Rusiya tarixən hər hansı ağır vəziyyətdə yaşamağa bir ərazi olub. Bugünkü proseslər hər hansı Avropa, Qərb ölkəsinə tətbiq edilsəydi qısa zaman kəsiyində sosial partlayış baş verərdi.
Bu gün artıq Rusiyanın maliyyə sistemi tamamilə iflic olub. Hazırda əhali öz vəsaitini banklardan geri çəkə bilmir. Çünki əhali xaos, bazar fiaskosu çərçivəsində ilk növbədə "panika" ilə üz tutub banklara, pullarını geri çəkmək istəyir. Təbii ki, pullar bankda seyfdəki kimi qalmayıb, xəzinə deyil, bu vəsaitləri müəyyən bir dövriyyəyə cəlb edirlər. Bu gün həmin vəsaitlərin geri qaytarılması mümkün deyil.
Artıq banklar likvidliyini itirir, müflisləşmə ərəfəsindədir. Bundan başqa SSRİ dağılandan sonra Qərb yerli istehsalı mərhələli şəkildə məhv edib və Rusiyanı uzun illərdir ki, özündən asılı vəziyyətə salıb. Bu gün istər qida, istərsə də qeyri-ərzaq məhsullarında Qərb texnologiyalarından, komponentlərdən istifadə edərək yerli istehsal onun üzərində qurulub. Hazırda da bunun qarşısı tamamilə alınıb. Ölkəyə idxal əməliyyatları yoxdur, sanksiyalar tətbiq olub.
Bu gün ölkənin bazalarında, anbarlarında olan ehtiyatlardan istifadə etdikdən sonra bu proses də dayanacaq. Nəqliyyat infrastrukturunu bloklayıblar, tamamilə Qərbə çıxışları dayanıb. Ancaq bir neçə ökə istisna olmaqla yüngül canlanma qalıb".
Ekspertin fikrincə, bu kompleks tədbirlər qısa zaman kəsiyində ilk növbədə bəlkə də siyasi motivasiyaya toxunmasa da, sosial nöqteyi-nəzərdən ölkəyə zərbəni endirəcək:
"Belə olduğu halda xaosun daha da genişlənməsinə səbəb olacaq. Bundan sonra defolta gələ bilər. Ölkənin maliyyə dayanıqlılığının mənfiyə keçməsi, hər hansı bir ödənişin aparıla, perspektivdə də bunun qarşısının ala bilməməsi artıq ölkənin defoltla üzləşməsi deməkdir.
Bu gün Rusiyanın ehtiyatları var, onunla 6 ay ərzində bu xərcləri həyata keçirmək mümkündür. Ondan sonra isə artıq qırmızı xəttə yaxınlaşır. Ölkəni texniki defolt olaraq elan etmək olar. Əslində texniki defoltu indi də elan etmək olar. Əgər bir il ərzində ardıcıl olaraq dörd rüb ÜDM-də kəskin azalma baş verirsə, artıq texniki tənəzzül və yaxud defolt kimi dəyərləndirmək olar. Hazırda ehtiyatlar var, ancaq resurslar tükənməyə doğru gedir".
Tarix: 7-03-2022, 22:03
Xəbəri paylaş





Xəbər lenti