Qıtlıq və bahalıq qapıda: Ərzaq talonları geri qayıdır? - BU NƏDİ BELƏ?


Rusiya və Ukrayna arasındakı müharibə Qara dənizdən taxıl daşınmasında risk yaratdığından, Çikaqoda buğda qiymətləri tarixi ən yükək səviyyələrə qalxıb.

Çikaqoda buğda fyuçersləri rekord səviyyəyə qalxaraq buşel üçün 13,63 dollara yüksəlib. Qiymətlərdə rekord qeydə alındıqdan sonra 12,02 dollara qədər geriləyib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, qlobal ərzaq qiymətləri fevral ayında bitki yağları və süd məhsulları başda olmaqla, bütün zamanların ən yüksək səviyyəsinə çatıb. FAO-nun açıqlamasında bildirilir ki, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi fevral ayında yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq orta hesabla 140,7 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə artım tempi 24,1 faiz təşkil edib.

Onu da qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində ölkənin təhlükəsizliyini təmin etmək üçün xüsusi iqtisadi tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Kremlin mətbuat xidmətinin məlumatına görə, fərmanda hökumətin tərtib edəcəyi siyahıdakı məhsulların dekabrın 31-ə qədər Rusiya xaricinə çıxarılmasının qadağan olunması əksini tapıb. Rusiya Prezidenti hökumətə iki gün ərzində ölkə xaricinə çıxarılması qadağan olunan məhsul və xammaların siyahısını hazırlamağı tapşırıb.
Qeyd edək ki, Azərbaycan bir sıra məhsulları, o cümlədən ərzaq buğdasının müəyyən hissəsini Rusiyadan idxal edir. Ərzaq buğdası ilə bağlı yaranan bahalaşma Azərbaycanda digər məhsulların bahalaşmasında da özünü göstərəcəkmi? Eləcə də hazırda rəsmi olmasa da, Rusiyada bəzi məhsulların pərakəndə satışına limit tətbiq edilir. Hətta müəyyən müddət sonra Sovet dönəmində qüvvədə olan talon sisteminin bərpa olunacağı ehtimalı da səsləndirilir.

Putinin yeni fərmanından sonra məhsul qıtlığı yaranacağı təqdirə Azərbaycanda da satışa limit tətbiq edilə bilərmi? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, ilkin hesablamalara görə, Rusiyadan gedən, bu ölkədə fəaliyyətini dayandaran şirkətlərdə 4,5 mln. Rusiya vətəndaşı çalışırdı.Amma həmin şirkətlərlə subkontrakt və digər müqavilələrlə çalışan rusiyalılar da var. Toplamda 11-12 mln. nəfər işsiz, gəlirsiz qala bilər:

“Daha bir məsələ odur ki, 5 milyona yaxın Rusiya vətəndaşı daşınmaz əmlakın biznes seqmentində icarələrdən pul qazanırdı – indi isə böyük alış-veriş mərkəzləri, dükanlar, ofislər boş qalacaq, bunun da təsiri olacaq. Digər tərəfdən, 15 milyondan çox rusiyalı müxtəlif şəhərlərdə öz mənzil və evlərini xarici vətəndaşlara icarə verməklə qazanc əldə edirdilər, xaricilərin getməsi, yaxın ətraf ölkələrdən Rusiyada yaşayıb pul qazanan miqrantların öz ölkələrinə dönməsi riski onların da gəlirsiz qalmasına səbəb olacaq. Yəni birbaşa və dolayısı ilə 30-35 milyon Rusiya vətəndaşının gəlirlərinin kəskin azalması gözlənilir. Dünən Rusiya Mərkəzi Bankı ölkədə dollar satışını sentyabr ayına qədər qadağan etdi, bu isə “qara bazar”ın yaranmasına səbəb olacaq. Digər tərəfdən, Rusiyada mal-məhsul qıtlığı da yaranır, piştaxtalar boş qalır, bu isə yenə SSRİ dövründə olan kimi “alverçilərin”, piştaxta altından satışların yaranmasına səbəb olacaq, bir müddət sonra isə Rusiyada ərzaq talonları da dövriyyəyə buraxıla bilər”.

Ekspertin sözlərinə görə, Rusiyadan taxıl idxalı ilə bağlı asılılığımız kifayət qədər ciddidir:

“Yəni Rusiyadan 700 min tona yaxın taxıl alırıq. Hazırda taxılın alınmasında müəyyən problemlər yaşana bilər. Ancaq Azərbaycanın 280 günlük taxıl ehtiyatı var. Bu, o demək deyil həmin dəqiqə qıtlıq yarana bilər. Bununla yanaşı, alternativlərin tapılmasına, xüsusilə də Qazaxıstanla yeni müqavilələrin bağlanmasına ehtiyac var. Qazaxıstan taxılı Rusiya taxılını tam əvəz edə bilər. Digər bir amil isə odur ki, biz Rusiyadan bitki yağlarını daha çox alırdıq. Günəbaxan, qarğıdalı yağını həm Ukraynadan, həm də Rusiyadan idxal edirdik. Beləliklə, Azərbaycanın asılılğını nəzərə alsaq, bitki yağlarının bitməsi ilə bağlı qiymətdə kəskin artım ola bilər. Bunun əvəzlənməsi daha çətindir. Çünki bölgəmizdə və dünyada Ukrayna və Rusiya bitki yağlarının 45-50 faizini verir. Bunun əvəz olunması çətin görünür. Bununla bağlı Azərbaycanda da qiymət artımının olması mümkündür”.

O ki qaldı qadağalara, ekspert deyir ki, Azərbaycan hələ o siyahıda deyil:

“Ancaq adı siyahıda olmayan ölkələrə ixrac rüsumları artırılacaq. Hətta qadağalar qoyulmasa belə, ixrac rüsumları artırılacaq. Ola bilər ki, Rusiyadan gələn malların kəskin bahalaşmasının şahidi ola bilərik”.

Ekspertin fikrincə, Azərbaycanın limit tətbiqinə getməyəcək:

“Hələ təşviş yaradacaq vəziyyət yoxdur. Ancaq hazırlaşmaq lazımdır, alternativ ölkələrdən ixrac məhsullarının gətirilməsi ilə bağlı danışıqlar genişlənməlidir. Bununla bağlı Azərbaycan hökumətinin üzərinə böyük iş yük düşür”.

Qeyd edək ki, Ukrayna hökuməti bəzi dənli bitkilərin, şəkər, duz və ətin ixracını qadağan edib. Bu barədə Ukraynanın Nazirlər Kabinetinin açıqlamasında deyilir. Qeyd olunur ki, bu ilin sonuna qədər çovdar, arpa, qarabaşaq yarması, darı, şəkər, duz və ətin ixracına qadağa qoyub. Xatırladaq ki, ötən il ərzində Azərbaycan Ukraynadan 4 min tondan çox şəkər (dəyəri 2,4 mln. dollar), 7,3 min ton duz (991 min dollar) və 24,6 min ton ət (42,3 mln. dollar) idxal edib.
Tarix: 9-03-2022, 20:43
Xəbəri paylaş





Xəbər lenti