Başqa ölkələrdə ərzaq və çörəyin qiyməti bizə nisbətdə çox bahadır-DEPUTAT




“Azərbaycan Rusiyadan nəinki buğda, həmçinin bir çox ərzaq məhsulları- taxıl, bitki yağları, sənaye məhsulları idxal olunur. Rusiyaya sanksiyaların tətbiq olunması bir çox sahələrdə müəyyən çətinliklər yaradacaq”.
Bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Tahir Rzayev Rusiyaya tətbiq edilən sanksiyalar və bunun Azərbaycan iqtisadiyyatına təsirindən danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan həm Ukrayna, həm də Rusiyadan fərqli məhsullar idxal edirdi:
“Müharibələrin davam etməsi həm iqtisadiyyata küllü miqdarda ziyan vuracaq, həm də Azərbaycanla müəyyən əlaqələrin zəifləməsinə səbəb olacaq. Hardasa 2 milyon tona yaxın buğdanı ölkəmiz özü istehsal edir. Ancaq 1 milyon 300 min ton buğdanı Rusiya, Qazaxıstan, Ukraynadan alırdıq. Qabaqlayıcı tədbirlər görülməlidir. Prezident müsahibəsində aqrar mövzuda suallara aydınlıq gətirərkən bununla bağlı münasibətini bildirib. Biz əkin sahələrinin hər hektarında məhsuldarlığı artırmalıyıq.
İşğaldan azad olunmuş ərazilərdə əkinin həcmini artırmalıyıq. Nə qədər artımalı olsaq da, yenə də xarici ölkələrdən təlabat artacaq. Çünki bütün əkin sahələrini buğda istehsalı üçün ayıra bilmərik. Bu zaman digər sahələr əziyyət çəkə bilər. Ən başlıca yolumuz budur ki, ən müasir texnologiyaları tətbiq etməklə, yeni toxum sortları almaqla ölkədə taxıl məhsuldarlığını artıraq”.
Komitə sədri deyir ki, Rusiyadan idxal dayanarsa, Azərbaycan buğdanı Kanadadan ala bilər:
“Amma bu bizə baha başa gələ bilər. Rusiya ölkəmizə yaxındır, həm də nəqliyyat xərcləri aşağıdır. Buğda baha başa gələrsə, Azərbaycan iqtisadiyyatına böyük miqdarda ziyan dəyər. Biz israfçılığa yol verməməliyik. Qeyd edim ki, istər buğda istehsalında, istərsə də digər məhsulların istehsalında çox ciddi nöqsanlara yol veririk. Yüz tonlarla çörək insanlar tərəfindən atılır. Bu restoranlarda, şadlıq evlərində, yas mərasimlərinə belədir. Biz çörəkdən israfçılıqla istifadə edirik. Bu yolverilməzdir, israfçı ölkə kimi tanınırıq. Çörəyə münasibət dəyişilməlidir. Qənaət rejiminə keçməliyik”.
Deputat bildirib ki, bu cür şəraitdə ölkəmizdə çörəyin qiymətinin qalxması təbii hesab olunmalıdır:
“Başqa ölkələrdə ərzaq və çörəyin qiyməti bizə nisbətdə çox bahadır. Xarici ölkələrə gedəndə görürük ki, süfrəyə çörəyi qram- qram qoyurlar. Bizim ölkə ilə müqayisə edəndə, ölkəmizdə çörək nə qədər israfçılığa gedir? İnsanlar zibil qutularına torba- torba çörək qoyurlar. Elə adamlar var ki, həmin yerlərdən kisəylə çörək götürürlər. Bu düzgün deyil. Bir adama bir çörək lazımdırsa, bunu nizamlayıb almalıdır. Bir çörək lazım olur, gedib beş çörək alıb gətirir. 4-ü qalıb keyfiyyətini itirdikdən sonra tullanır. Axı belə münasibət olmaz! Biz digər məhsullara da eyni münasibəti bəsləyirik. Məsələn, Almaniyada insan bir almanı almır, yarısın kəsdirib, çəkiyə vurdurub alır. İnanırsınız? Amma, biz süfrəyə nələr qoyuruq... İki adam gəlir, süfrəyə 20 adamın ərzağını qoyuruq. Bunun çoxu da atılır”.
Tarix: 10-03-2022, 19:00
Xəbəri paylaş





Xəbər lenti