Rusiya üçün kritik defolt günü - 16 mart


Neft Fondu 500 milyon dollarını geri ala biləcəkmi?

Ukraynaya hücumdan sonra görünməmiş sanksiyalarla üzləşən Rusiya defolt qarşısındadır. Ölkənin valyuta ehtiyatları dondurulub, gəlir kanalları bağlanıb. Beynəlxalq reytinq agentlikləri bir-birinin ardınca Rusiyanın defoltdan yayına bilməyəcəyini bəyan edirlər. Belə ki, bütün agentliklər Rusiyanın suveren reytinqini defoltqabağı səviyyəyə endiriblər. Fitch reytinq agentliyi isə bəyan edib ki, defolt qaçılmazdır.
Qeyd edək ki, martın 5-də prezident Vladimir Putin xarici borcun müvəqqəti ödəniş qaydasını təsdiqləyib. Həmin qaydaya əsasən Rusiyaya qarşı sanksiyalar tətbiq edən “dost olmayan” ölkələrdən olan kreditorlara dövlət borcu rublla, özü də Rusiya banklarında açılmış hesablar vasitəsilə həyata keçiriləcək. Qərar Maliyyə Nazirliyinə xarici dövlət borcunu xarici valyuta ilə qaytarmağa icazə verir. Defolt hər hansı bir ölkənin öz öhdəliklərini müqavilədə nəzərdə tutulan müddətdə və valyutada ödəmək imkanını itirməsi deməkdir. Rusiyanın xarici borclarını rubla konvertasiya etməsi faktiki olaraq defoltdur.
Rusiya analitikləri hesab edirlər ki, defoltla bağlı ilk tarix martın 16-dır. Həmin gün Rusiya xarici kreditorlara qaytarılma müddəti 2023 və 2043-cü illər olan suveren istiqrazlar üzrə 117 milyon dollar ödəməlidir. Dünya təcrübəsində bəzi dövlətlərin qiymətli kağızları üzrə ödənişin milli valyuta ilə ödəməsi halları var. Lakin Rusiyanın ödəniş etməli olduğu qiymətli kağızları üzrə belə hal nəzərdə tutulmayıb. Buna görə də Rusiyanın həmin kağızlar üzrə ödəniş etmək üçün 30 gün - aprelin 15-dək vaxtı olacaq. Blommbergin Morgan Stanley bankının strateji analitiki Saymon Veyverə istinadən yazdığına görə, bu müddətdə ödəniş icra olunmasa, Rusiya rəsmən defolt sayılacaq.
İnvestorların Rusiya kağızlarından gəlir əldə etmək imkanı hələ qalır. ABŞ Maliyyə Nazirliyi ölkə investorlarının mayın 25-dək Rusiya dövlət orqanlarından ödənişləri qəbul etmələrinə icazə verib. Bura Rusiya Mərkəzi Bankı, Milli Təhlükəsizlik Fondu və Maliyyə Nazirliyi aiddir.
Limit bitib: ABŞ-ın Maliyyə Nazirliyi defolt təhlükəsi olduğunu bəyan edib  - 27.07.2021, Sputnik Azərbaycan
Rusiya Maliyyə Nazirliyi martın 6-da dövlət qiymətli kağızları üzrə ödənişləri ölkəyə qarşı sanksiyaların imkan verəcəyi təqdirdə həyata keçriləcəyini bəyan edib. Lakin bu ödənişlər olunmasa, xarici kreditorlar məhkəməyə müraciət edərək Rusiyanın defolt elan olunmasına nail ola bilərlər. Bu, onlara öz vəsaitlərini Rusiyanın dondurulmuş aktivləri hesabına geri almağa imkan verəcək.
2021-ci ilin iyununda açıqlanan son məlumatlara əsasən, Rusiya Mərkəzi Bankının 6402 milyard dollarlıq ehtiyatlarının 380 milyard dolları dondurulub. Bundan əlavə, 2021-ci ilin sentyabrına olan son məlumata əsasən, Rusiya Milli Təhlükəsizlik Fondunun 190 milyard dollar ekvivalentində olan vəsaitlərinin xarici ölkə qiymətli kağızlarına yatırılmış 45 faiz dollar, 45 faiz avro vəsaitləri də dondurulub.
Rusiya hökumətinin rəsmi məlumatına görə, 2022-ci ilin 1 yanvarına xaricilərin əlində 20 milyard dollarlıq Rusiya dövlət avroistiqrazları olub. Bu isə o deməkdir ki, xaricilər məhkəmə yolu ilə Rusiyanın defolt elan edilməsinə nail olmaqla bütün vəsaitlərini artıqlaması ilə geri ala biləcəklər.
Martın 14-də Rusiya Maliyyə Nazirliyi müddəti 2030-cu ildə bitən avrobondlar üzrə 359 milyon dollarlıq növbəti ödənişi etməlidir. Aprelin 4-də isə avrobondlar üzrə 2 milyard dollarlıq əsas borc qaytarılmalıdır.
Rusiya Maliyyə Nazirliyi: Büdcə öhdəliklərini yerinə yetirmək üçün kifayət  qədər vəsaitimiz var
Maliyyə bazarlarında Rusiyanın defolt olacağına tam əminlik var. Buna görə də ölkəyə məxsus qiymətli kağızlar görünməmiş həddə ucuzlaşıb. Məsələn, 2023-cü ildə qaytarılmalı olan dövlət istiqrazları öz nominal dəyərindən 29 faiz aşağı düşüb. Ukraynaya hücum başlamazdan əvvəl isə nominal dəyərindən baha idi. Morgan Stanley Bankında hesab edirlər ki, bu kağızlar dəyərinin 10 faizindən də aşağı düşə bilər. Müasir tarixdə belə hal yalnız Venesuela və Livan qiymətli kağızları ilə bağlı yaşanıb. Bloombergin Rusiya suveren borc kağızları üzrə tərtib etdiyi indeks ilin əvvəlindən 81 faiz, Belarus kağızları isə 93 faiz dəyər itirib.
Rusiyanın 5 illik suveren istiqrazları üzrə 10 milyon dollara qədər ödənişləri sığortalayan kredit defolt svoplarının dəyəri 5,8 milyon dollar təşkil edib ki, bu da defolt ehtimalının 80 faiz olması deməkdir.
Rusiyalı analitiklərin fikrincə, hazırda defolt Rusiya iqtisadiyyatı üçün 2008-ci ildəki qədər öldürücü təsirə malik deyil: çünki ölkənin xarici borclarını ödəmək üçün kifayət qədər valyuta ehtiyatları mövcuddur. Defolt halında dondurulmuş ehtiyatların bir qismi məhkəmə yolu ilə həmin borcların ödənməsinə sərf olunacaq. İqtisadçılar əsas təhlükənin sanksiyalar və daşımalarda yaranan problemlər üzündən Rusiya iqtisadiyyatında başlanmaqda olan sürətli kiçilmədən gəldiyini deyirlər. Onların fikrincə, minlərlə xarici şirkətin ölkədə fəaliyyətini dayandırması milyonlarla insanın işsiz qalmasına, gəlirdən məhrum olmasına gətirib çıxaracaq. Təkcə İT sektorunda 500 min-1 milyon arası işçinin qazancdan məhrum olduğu bildirilir. Digər tərəfdən, xarici tərəfdaşlarla qurulan istehsal prosesləri tamamilə dayanır. Bu isə daxili bazarın məhsul taminatında ciddi çatışmazlıqlar və yüksək inflyasiya deməkdir. Sanksiyalar üzündən ölkəyə xarici investisiya axını tamamən dayanır, yerli investorların imkanları sərmayə ehtiyaclarının yüzdə birini belə qarşılamağa yetməyəcək. Nəhayət, yüksək texnologiyaların ölkəyə idxalının dayanması istehal texnologiyalarının tezliklə köhnələrək sıradan çıxmasını şərtləndirəcək.
Rusiya iqtisadçılarına görə, 2022-ci ilin dövlət büdcəsinin gəlirlərini təmin etmək mümkün olacaq. Mövcud resurslar buna imkan verir. Lakin o büdcədən ayrılan vəsaitlərin artan ehtiyaclara adekvatlıq dərəcəsi qat-qat aşağı düşəcək.
Qeyd edək ki, Rusiyanın maliyyə-iqtisadi vəziyyətinin pisləşməsi Azərbaycandan bu ölkəyə yatırılan sərmayələrin taleyi ilə bağlı narahatlıqları artırır. Xüsusilə Azərbaycan Dövlət Neft Fondunun VTB Banka yatırdığı 500 milyon dollar həcmində investisiyanın itirilmə ehtimalı yüksək qiymətləndirilir. Bir çox Azərbaycan ekspertləri artıq həmin vəsaitləri itirilmiş hesab edirlər.
Neft Fondu həmçinin Moskva şəhərində dəyəri 133 milyon  dollar olan ticarət və biznes mərkəzinə sahibdir. Hələlik fond Rusiyadakı yatırımları ilə bağlı hər hansı açıqlama verməyib. Bu baxımdan, onun  hansı addımlar atacağı məlum deyil.

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, Neft Fondunun yatırımlarını qısamüddətli dövr üzrə nəticələr əsasında qiymətləndirmək doğru yanaşma olmaz: “Dövlət Neft Fondu son illər investisiya portfelini şaxələndirməyə çalışıb. Portfelin şaxələnməsi imkan verir ki, bir istiqamətdə investisiyalar üzrə zərər yarandıqda digər istiqamətlərdəki gəlir hesabına kompensasiya olunsun. Digər tərəfdən, fondun investisiyalarını qısamüddətli dövr üzrə qiymətləndirmək doğru yanaşma olmazdı. Belə investisiyalar adətən uzunmüddətli nəticələrə görə qiymətləndirilir. Ola bilsin ki, qısa müddətdə valyuta, səhm, əmlak bazarının hər hansı birindəki təlatümlərə görə gəlir azalsın. Bu zaman digər bazarlardan əldə olunan gəlir itkiləri kompensasiya edir”.
Millət vəkili bildirir ki, hazırda Rusiyaya qarşı sanksiyalar ölkənin maliyyə sisteminə ciddi təsir göstərib: “Eyni zamanda bu proses Rusiyaya, onun şirkətlərinə yatırım edən xarici fiziki və hüquqi şəxslərə də təsirsiz ötüşməyib. Bu vəziyyətin nə qədər davam edəcəyi məlum deyil. Ola bilsin ki, uzunmüddətli dövrdə sanksiyalar yumşalarsa, Rusiya Mərkəzi Bank valyuta bazarının tənzimlənməsi ilə bağlı daha real rıçaqlara malik olarsa, o halda bu sərmayənin bazar qiyməti dəyişə bilər. Bu baxımdan, Neft Fondu öz aktivlərinin mühüm hissəsini inkişaf etmiş bazarlarda saxlayır. Bu, risklərin minimuma endirilməsi baxımından çox vacibdir”.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Neft Fondunun bir sıra ölkələrə, o cümlədən Rusiyaya investisiyalarının riskli olduğunu hər zaman qeyd ediblər: “Rusiya və Ukrayna arasında gərginlik neçə aylar idi başlamışdı, müharibə ehtimalı getdikcə artırdı. Bu baxımdan, Dövlət Neft Fondu indiyədək müəyyən addımlar atmalı idi. Yəni mümkün olan qədər öz investisiyalarını geri çəkməliydi. Təəssüflər olsun ki, indiyədək bu istiqamətdə hansısa addım atılmadı. Ola bilsin ki, burada siyasi amillər rol oynadı”.
Ekspertin fikrincə, bundan sonra Neft Fondunun Rusiyadakı yatırımları ilə bağlı hansısa addımların atılması mənasızdır: “Belə addım onsuz da hansısa nəticə verməyəcək. Bir tərəfdən, Rusiya özü aktivlərin satılmasının qarşısını alıb. Digər tərəfdən, ola bilsin, yaxın gələcəkdə dəyərsiz aktivlərin qeyri-rezidentlər tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün hökumət onu bir əldə toplasın, öz nəzarətinə götürsün. Bu halda, şərtlər uyğun olarsa, Neft Fondu bu aktivləri əlindən çıxartsa, daha yaxşı olar. Çünki proses uzunmüddətlidir, Rusiyada resessiya, aktivlərin dəyərsizləşməsi illərlə davam edə bilər. Buna görə də Neft Fondu Rusiyadakı aktivlərini dəyərindən qat-qat aşağı qiymətə sata biləcək. Hesab edirəm ki, məhz bu hadisədən sonra Neft Fondu aktivlərini yerləşdirərkən son dərəcə diqqətli olmalı, planlaşma uzunmüddətli aparılmalıdır”.“Yeni Müsavat”

Tarix: 11-03-2022, 10:40
Xəbəri paylaş





Xəbər lenti