Neftimizə güvənib əvvəl Norveç olmaq istəyirdik – alınmadı, indi...

Neftimizə güvənib əvvəl Norveç olmaq istəyirdik – alınmadı, indi...
Azərbaycan hökuməti heç kəsi bəyənmir, Qərbi haqlı-haqsız örnək saymır – olsun, amma, iqtisadi köklü islahatlarda, heç olmasa Qazaxıstana, Özbəkistana baxıb ibrət götürmək istəmirlər.
Almaniya kansleri Olaf Şolts Qazaxıstanda səfərdə idi, əvvəl bəzi rəqəmləri sizə deyim, ümumi mənzərəni bilin.
Azərbaycan ilə Almaniya arasında 2023-cü ildə ticarət dövriyyəsi 1,8 mlrd. dollar olub. Bu ilin ilk 7 ayında keçən ilə nisbətən ticarət dövriyəmiz 13,2% azalaraq cəmi 848 mln. dollar olub. Soruşsanız ki, niyə azalıb, deyim də - biz Almaniyaya neft satırıq, keçən ilə nisbətən qiymətlər düşüb deyə, dövriyyə də azalıb.
Azərbaycanda Almaniyanın 154 şirkəti çalışır, bizim məmləkətimizə almanlar ötən illər ərzində cəmi 572 mln. dollar investisiya qoyublar ki, bu vəsaitin də böyük hissəsi enerji sahəsidir.
Gələk Qazaxıstana: 2023-cü ildə Kazaxıstanın Almaniya ilə ticarət dövriyyəsi 2022-ci ilə nisbətən 41% (!!!) artaraq 4 mlrd. dollara yaxın olub. Bu ilin, 2024-cü ilin ilk 7 ayında ticarət dövriyyələri 2023-cü ilin eyni dövrü ilə müqaisədə 1,5 dəfə artaraq 2,3 mlrd. dollara çatıb. Kazaxıstanda 1100 Almaniya şirkəti çalışır, tək keçən il Almaniya şirkətləri Qazaxıstana 770 mln. dollar investisiya qoyublar.
Olaf Şoltsun Kazaxıstana səfəri zamanı iki ölkə arasında yaxın 10 ildə reallaşdırılması nəzərdə tutulan 66 iri sənəd, layihə imzalanıb. Bu layihələrin ümumi investisiya tutumu 55 mlrd. dollar olacaq. Yaxın 10 ildə tək bu 66 iri investisiya layihələri çərçivəsində Qazaxıstanda 100 min yeni iş yeri açılacaq. Hə, onu da deyim ki, Qazaxıstan hökuməti 2030-cu ilə qədər digər dövlətlərlə birgə investisiya layihələri hazırlayıb qəbul edib – 2030-cu ilə qədər Qazaxıstana, təxminən, 150 mlrd. dollar xarici investisiya cəlb olunacaq.
Dost ölkə olan Kazaxıstanın investisiya cəlbediciliyi son illər xeyli artıb, “Moody's”, “Fitch” kimi nüfuzlu reytinq agentlikləri Qazaxıstanın notunu yüksəldərək, “investisiya qolula biləcək ölkə”, səviyyəsinə qaldırıb. Bu qərarı verəndə yazıblar ki, “Qazaxıstanın idarəetmə və siyasi islahatları, məhkəmə sistemindəki müsbət dəyişikliklər reytinqin artmasında mühim rol oynayıb”.
Bax belə, neftimizə güvənib əvvəl Norveç olmaq istəyirdik – alınmadı, indi nefti bol, idarəetməsi zay olan Nigeriya olmamaq üçün, heç olmasa qardaş ölkələrdən, elə Qazaxıstandan örnək alaq, nefti olan dost ölkədən...
Natig Cəfərli
TEREF
Tarix: Dünən, 10:09
Xəbəri paylaş





Xəbər lenti