"Kiçik fermerlər su çatışmazlığından əziyyət çəkirlər" — Nəticə təhlükəli ola bilər
Xəbər verdiyimiz kimi, "Su təhlükəsizliyi problemlərinin həll edilməsi üçün su sektorunda effektiv institutlara və proqramlara keçid" adlı hesabat təqdim edilib. Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister qeyd edib ki, Azərbaycanda su qıtlığı yaşanır və iqlim dəyişmələri fonunda bu problem getdikcə daha da kəskinləşəcək. Onun sözlərinə görə, qonşu Türkiyə, Gürcüstan və Rusiyanın su ehtiyatları azaldıqca, Azərbaycana çatacaq su ehtiyatları da azalacaq: “Bunları nəzərə alaraq Azərbaycan hökuməti məhdud olan su ehtiyatlarının səmərəli istifadəsi üçün tədbirlər görməlidir. Bu istiqamətdə ən vacib addımlardan biri institusional təşkilatın təkmilləşdirilməsidir", - deyə S.Stallmeister əlavə edib. Tədbirdə o da bildirilib ki, Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə həm məhsuldarlığı artıra, həm də növbəti 10 ildə dövlət büdcəsində 1,5 milyard manat vəsaitə qənaət etməyə imkan verə bilər. Məsələyə münasibət bildirən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko İqlim fəaliyyəti çərçivəsində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyi bir dövrdə Avropa İttifaqı (Aİ) Azərbaycanın təbii ehtiyatlarından, o cümlədən sudan davamlı və səmərəli istifadə etmək səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.Ekoloq Rövşən Abbasov
Demokrat.az-a açıqlamasında Azərbaycanda su təhlükəsizliyinə təsir edən bir neçə əsas amilin olduğunu söyləyib:
“Bunlardan biri bildiyimiz kimi, Azərbaycanın aşağı axın ölkəsi olmağıdır. Su ehtiyatlarımızın 70 faizindən çoxu xarici ölkələrin ərazisində formalaşır. Buna görə də su təminatı məsələsində bir növ qonşu dövlətlərdən asılı oluruq. Ona görə də bu məsələdə diplomatiyanın, aktiv ikitərəfli əlaqələrin, beynəlxalq münasibətlərin gücü özünü göstərməlidir ki, su təhlükəsizliyimizə belə nüanslar təsir etməsin. Su təhlükəsizliyi mövzusunda iqlim dəyişmələrini də xüsusi vurğulamaq lazımdır. İqlim dəyişmələri gələcəkdə Azərbaycanın su təhlükəsizliyinə təsir edəcək əsas amillərdən biridir. Belə davam edərsə, su ehtiyatlarının 20-25 faizə qədərini itirə bilərik. Digər problem getdikcə ölkədə suya tələbatın artmasıdır. Kənd təsərrüfatı əraziləri sürətlə artır və bu da suvarmanı zəruri edir. Hesab edirəm ki, bu məsələdə bir qədər ehtiyatlı olmalıyıq. Yəni əvvəllər əkilməyən ərazilərin indi əkilməsi suya olan tələbatı sürətlə artırır. Kiçik fermerlər buna görə əziyyət çəkirlər. Su ehtiyatlarının azalması gələcəkdə ərzaq təhlükəsizliyində ptoblemlərə səbəb ola bilər. Bundan başqa kiçik fermerlərin təsərrüfatlarını buraxıb, qeyri-ənənəvi fəaliyyətlərlə məşğul olmaları, şəhərlərə köçməsi bu cür təhlükələr yaradır”.
Tarix: 18-09-2024, 16:25