Şoyqunun qızının çoxmilyardlıq biznesi barədə iddialar – Rusiya mediası
Rusiyanın “Açıq media” təhqiqat jurnalistikası saytı iyunun 25-də dərc etdiyi məqalədə ölkənin müdafiə naziri Sergey Şoyqunun qızının iddia olunan biznes əlaqələrindən bəhs edir. AzadlıqRadiosunun Rus xidməti xatırladır ki, Sergey Şoyqu Dövlət Dumasına sentyabrda keçiriləcək seçki üçün hakim Vahid Rusiya partiyasının siyahısına başçılıq edir. Təhqiqat məqaləsində iddia edilir ki, Şoyqunun qohumları Rusiya büdcəsinin və nazirin əlaqələrinin köməyi ilə çoxmilyardlıq bizneslər qurublar. Bu da iddia edilir ki, bu bizneslərdən ötən il əldə olunmuş gəlir 3 miyard rubl (41.5 milyon dollar) təşkil edib. Açıq media saytının məqaləsində əsas diqqət müdafiə nazirinin kiçik qızı, 30 yaşlı Kseniya Şoyqunun biznes-layihələrinə yönəlib. Prezidentin çevrəsindəki biznesmenlər İddia edilir ki, onun prezident Vladimir Putinin çevrəsində olan biznesmenlərlə müştərək layihələri var. Məqalədə iddia olunur ki, Kseniya Şoyqunun şirkəti prezidentin dostu Gennadi Timçenkonun köməyi ilə dövlət tikintilərindən 2 milyard rubldan çox gəlir əldə edib. İddialara görə nazir qızının Kronştadtdakı tikinti layihəsinə habelə Rusiya Qvardiyasının komandanı Viktor Zolotovun kürəkəni də cəlb olunub. Açıq media yazır ki, Kseniya Şoyqunun əlaqəsi olan vətənpərvərlik tərbiyəsi ilə bağlı layihələrə Moskva, Moskva vilayəti və Peterburqun büdcələrindən, habelə VTB və Gazprom şirkətindən vəsait ayrılıb. Jurnalist təhqiqatında həm də Şoyqunun başqa qohumlarının yüksək texnologiyalar və Şimal dəniz yolu ilə bağlı biznes layihələrindən bəhs olunur: “Kseniya Şoyqunun demək olar bütün işgüzar partnyorları atasının dostları və yaxın tanışlarıdır. O atası vasitəsilə müdafiə nazirinin bir çox müavinləri ilə tanış olub və onlar nazir qızının layihələrinə kömək edirlər”. Məqalədə habelə Şoyqu ailəsinin daşınmaz mülkiyyətindən bəhs edilir. Bu obyektlərin bir neçəsinin nazirin qohumları tərəfindən bu yaxınlarda satıldığı iddia olunur. Sergey Şoyqu artıq 30 ildir ki, Rusiya hökumətində mühüm vəzifələr tutur. O 2012-ci ildən bəri Rusiya Federasiyasının müdafiə naziridir. Siam.az