SSRİ və ABŞ-ı udan “əfqan bataqlığı” – 100 ildir davam edən iç savaş



Təxminən 100 il əvvəlin söhbətidir, xeyriyyəçi milyarder Hacı Zeynalabdin Tağıyev inqilabçı Nəriman Nərimanovla görüşlərinin birində bolşevik Rusiyasının Əfqanıstanda oynadığı oyunlara işarə edərək deyib: “Ay Nəriman, bu yazıq əfqanları da bizim günümüzə salmaq istəyirsiniz?” (Bu epizod “Ulduzlar sönmür” filmində yer alıb).
“Yazıq əfqanlar”ın çarxı o dönən dönüb, 100 ildən çoxdur ki, bu torpaqlarda dinclik, sabitlik, azadlıq, haqq-ədalət, düz-əməlli güzəran yoxdur. Eyzən müharibə, qan-qada, zülm-zillət, faciə, səfalət, əsir-yesir olan, qırılan insanlar...
Ötən əsrin ortalarında vətəndaş müharibəsi sarıdan bir müddət sabitlik olsa da, onda da siyasilərə qarşı sui-qəsdlər, dövlət çevrilişlərinə cəhdlər çox olub və ölkədə siyasi təlatemlər davam edib.
Bu, heç də hansısa ilahi qüvvənin qarğıması məsələsi deyil, bir millətin öz taleyinə sahib çıxa bilməməsi məsələsidir və problemin kökü meqapolislərdən uzaq olan ucqar bir əyalətin dünyəvi inkişafdan, elm və təhsildən uzaq qalması, xurafat və cəhalətə yuvarlanmasındadır.
Əfqanlar ona görə bu günə düşüblər ki, ayrı-ayrı siyasi qüvvələr öz korporativ maraqları naminə daima yadellilərin əlində maşaya dönüb bir-birinə qarşı vuruşublar.
efqan.JPG (46 KB)
Devrilmiş və öldürülmüş Əfqanıstan liderləri – Məhəmməd Zahir şah, Məhəmməd Davud, Nur Məhəmməd Təraki, Hafizulla Əmin, Babrək Karməl, Məhəmməd Nəcibulla,  Bürhanəddin Rəbbani (1-ci və 5-cinin ölümləri istisna olmaqla)
1979-cu ildə SSRİ bütün dünya birliyini qarşısına alaraq bu ölkəyə ona görə hücum etdi və ölkəni idarə edən qeyri-legitim, ancaq milli hökuməti ona görə devirdi ki, sovet qoşunlarını bu ölkəyə çağıranlar, onun maşası, aləti olmağa razılıq verən qüvvələr vardı. Bunlar yerli kommunistlər idi, bir hissəsi Moskvada yetişdirilmişdi və təpədən-dırnağa "rus uşaqları", DTK agentləri idi.
221.jpg (100 KB)
SSRİ-nin xarici işlər naziri Qromıko, Əfqanıstan lideri Təraki, SSRİ rəhbəri Brejnev
54.jpg (130 KB)
                               Brejnev və Əfqanıstan lideri Babrək Karməl 
Ancaq Kremlə söykənən və rəhbər postlarda bir-birini əvəz edən kommunist liderlər bu ölkəyə xoşbəxtlik gətirmədi. Çünki Qərbin fitvası, maliyyə yardımı, hərbi dəstəyi ilə toparlanan müxaliflər əfqan xalqını bunun “rus-kafir işğalı” olduğuna inandırdılar və ayağa qaldırdılar. Nəticədə cihad başladı, ABŞ-ın Pakistanda yetişdirdiyi din təmayüllü tələbələr “Taliban” hərəkatı yaratdılar və SSRİ-yə qarşı ölüm-dirim savaşına başladılar.
6.jpg (72 KB)
                        Əfqanıstandakı məhdud sovet hərbi kontingenti (1979-89) 
Sovet qoşunları əvvəl-əvvəl zəif olan silahlı müqaviməti qanla boğmaq istədilər. Bu, müqaviməti daha da artırdı. SSRİ tərəfi amansızlığını artırdıqca qarşısında daha şiddətli müqavimət, amansızlıq gördü. Yalnız ötən əsrin 80-ci illərinin sonunda SSRİ-nin yeni rəhbərliyi “əfqan bataqlığı”na saplandığını anladı və “məhdud hərbi kontingenti”ni (qoşunların siyasi adı beləydi) bu ölkədən çıxarmağa məcbur oldu.
Elə çıxırdı ki, Əfqanıstana sülh və sabitlik gələcək. Amma necə gələcəkdi ki, “kim kimi” və hakimiyyət məsələsi həll olunmamışdı. Yerli kommunistlər ətalət qanununa uyğun olaraq bir müddət ölkəni idarə edə bildilər, amma sonra daha artığına gücləri çatmadı, mücahidlər tərəfindən devrildilər, qaçan qaçdı, asılan asıldı. Əfqanıstanın sonuncu kommunist lideri Məhəmməd Nəcibulla da asılanlardan biri oldu.
Mücahid liderlər - Bürhanəddin Rəbbani, Gülbəddin Hikmətyar, Əhməd Şah Məsud, Əbdülrəşid Dostum öz aralarında anlaşa, hakimiyyəti bölüşə bilmədilər. Hakimiyyət “Taliban”a qismət oldu və fundamentalist qüvvələr cəmiyyəti 14 əsr öncəki qaydalarla yaşamağa vadar etdilər. Müasir dünyanın insanlarını daş dövründəki kimi yaşamağa məcbur etmək nə qədər çətin olsa da, “Taliban” rəhbərliyi bunu bacardı və öz keçmiş sahibinə - ABŞ-a təpik atdı.
5.jpeg (118 KB)
                                   Əfqanıstandakı ABŞ hərbi qüvvələri
ABŞ bir neçə il öz “üsyançı tələbələri”nin nazıyla oynadı, bir nömrəli terrorçu Üsamə bin Ladenin idarə etdiyi Əfqanıstan hakimiyyətinə göz yumdu. Ancaq bin Ladenin təşəbbüsü və əmri ilə ABŞ-a qarşı müdhiş 11 sentyabr terroru törədildikdən sonra Pentaqon hərəkətə keçdi və 1979-cu ildə SSRİ-nin etdiyi kimi etdi. Əfqanıstan bu dəfə ABŞ tərəfindən işğal olundu.
Əfqan xalqının yadelli işğalçıların yer dəyişməsinə münasibəti fərqli olmadı, “rus-kafir işğalçılar”ı “kafir amerikalılar” əvəz etmişdi, silahlı müqavimət davam etdi. Bu dəfə Rusiya əl altından üsyançılara dəstək verdi. ABŞ bu ölkədə çoxlu canlı qüvvə, yüz milyardlarla vəsait itirdi, qazancı nə oldu, onu yalnız Vaşinqtonda, Ağ Evdə bilirlər.
56.jpg (270 KB)
   BMT-nin məlumatına görə, Əfqanıstanın 50 faizdən çoxuna nəzarət edən "taliblər"
İndi də ABŞ bu ölkədə “demokratik seçkilər”lə hakimiyyətə gətirdiyi qüvvələri sahibsiz qoyaraq Əfqanıstanı tərk edir. Bu yenilikdən ruhlanan “Taliban”çılar isə ard-arda rayonları ələ keçirir. Artıq ölkə ərazisinin 50 faizdən çoxunun “taliblər”də olduğu barədə məlumatlar var. Bu gedişlə onlar bir gün paytaxt Kabili də ələ keçirəcəklər, yenə də stadionda edamlar başlanacaq.
Yəqin ki, eks-prezident Həmid Kərzay və indiki prezident Əşrəf Qəni sələfləri Nəcibullanın aqibətindən dərs götürərək yaxalarını ələ verməyəcək, aradan çıxacaqlar. Amma boynuna kəndir keçirilənlər az olmayacaq. Gedişat bunu göstərir.
Ən pisi odur ki, “Taliban” ikinci dəfə Əfqanıstanı götürüb öz hakimiyyətini bərqərar etsə də, bu ölkədə sabitlik əldə etmək, normal iqtisadiyyat təşkil etmək, sosial rifaha yetmək mümkün olmayacaq. Birincisi, “Taliban”da bunları etmək üçün heç bir potensial və proqram yoxdur. İkincisi, dünya birliyi terroçu rejimin varlığına təhəmmül etməyəcək. Üçüncüsü, ölkə əhalisi özü də artıq işləməyi yadırğayıb, döyüşməyə vərdiş edib. İşləmək deyəndə isə yüz minlərlə əfqan narkotik bitkilər əkib-becərməyi və müxtəlif narkotik maddələr istehsal etməyi nəzərdə tutur.
qadin.JPG (70 KB)
                      Ötən əsrin ortalarındakı əfqan qadınlar və müasir əfqan qadınlar
Beləcə, dünyanın gözü qarşısında gənc nəsli məhv olmuş, kütləvi şəkildə narkotik maddə asılılığına düşmüş, qadınları qolubağlı köləyə çevrilmiş, əhalisi qaranlıq orta əsrlər dövrünə qayıtmış zəlil bir ölkə var. Və ona indilikdə heç bir nicat yolu yoxdur, əfqanların yüz ildir apardığı vətəndaş müharibəsinin sonu görünmür.
Bu arada bəzi superdövlətlər Türkiyəni Əfqanıstana müdaxilə etməyə şirnikləndirirlər. Elə bir şey olsa, bu, böyük faciə olar. İki hegemon dövlətin – SSRİ və ABŞ-ın boğulduğu “əfqan bataqlığı” istənilən dövləti “hüüp” eləyib udar.

Xalid KAZIMLI
Tarix: 27-06-2021, 15:24
Xəbəri paylaş





Xəbər lenti