Azərbaycanda maskaya görə cərimələnən şəxs adına 3 şirkətin olduğunu bilib - VİDEO



Gəncədə maraqlı bir hadisə baş verib. Deməli, Elnur adlı Gəncə sakini tibbi maskadan istifadə etmədiyinə görə cərimələnib. Məsələ burasındadır ki, cərimə ona hüquqi şəxs kimi tərtib olunub. Bu fakt Elnuru təəccübləndirib və polisdən bunun səbəbini soruşub. Məlum olub ki, Elnurun adına 3 şirkət açılıb, üstəlik, onun dövlətə də külli miqdarda borcu var. Məhz bundan sonra Elnur böyük bir dələduzluğun qurbanı olduğunu başa düşüb.
 
İnstagram-da karqo şirkətinə işə düzəltmə elanı görüb, iki dostu ilə birgə müraciət edərək özünə karyera qurmaq istəyib. Ancaq bunun ona baha başa gələcəyi ağlına belə gəlməyib. Tibbi maskadan istifadə etmədiyinə görə cərimənin ona hüquqi şəxs kimi yazıldığını görəndə anlayıb ki, aldadılıb və adına 3 şirkət açılıb...
 
Hadisə Gəncədə yaşanıb. 800-1500 manat arası maaş vədi ilə Elnur və dostlarını aldadan Rövşən Rüstəmov ad-soyadlı şəxs keçmiş polis kapitanı olduğunu, bir müddət əvvələ qədər Gədəbəy Rayon Polis Şöbəsində işlədiyini deyib. Gənclərin ona inandığını gördükdə isə növbəti addımları atıb.
 
Daha sonra isə Vergilər Departamentindən gələn məktubla Elnur Əliyevə xəbərdarlıq edilib ki, onun adına qeydiyyatda olan şirkətin dövriyyəsi 200 min manatı ötdüyü üçün o, ƏDV ödəyicisi kateqoriyasına keçirilib. Zərərçəkmiş bu dəfə dələduzu tapmaq üçün polisə üz tutub.
 
Elnur və iki dostunu aldadan şəxs indi zənglərə də cavab vermir.
 
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb. Araşdırmaların nəticələri artıq şəhər prokurorluğuna göndərilib. 
 

Tarix: 29-06-2021, 10:13
Xəbəri paylaş





Xəbər lenti