O, nasist Almaniyası rəhbərləri arasında işlədiyi illər haqqında jurnalistlərə ilk dəfə geniş müsahibəni 2016-cı ildə, 105 yaşı olnda verib. Fasilələrlə 30 saat davam edən müsahibə əsasında sonralar “Bir alman qadınının həyatı” adlı film də çəkilib. Müharibə illərində Almaniyanın təbliğat naziri Yozef Göbbelsin şəxsi katibəsi işləyən Brungilda Pomzelin müsahibəsi böyük maraqla qarşılanıb, o, müharibə illəri ilə bağlı maraqlı açıqlamalar verib.Brungilda Pomzel 1911-ci ildə Berlində anadan olub. Məktəbi bitirdikdən sonra Berlində topdansatış tişarət şirkətlərinin birində kargüzar köməkçisi işləyib. Şirkətin müflis olması ilə Pomzel işini itirib. Bir neçə aylıq iş axtarışından sonra o, Berlində sığorta şirkətinə stenoqrafçı işinə qəbul edilib.
1933-cü ildə nasist partiyasına üzv olduqdan sonra Pomzel radio verlişləri korporasiyasından iş təklifi alıb. Daha yüksək məvacibli işdən imtina etməyən Pomzel fəaliyyətini radioda davam etdirib. Səliqəsi, işgüzarlığı, məsuliyyəti ilə fərqlənən Pomzel üçün radio bir keçid dövrü olub və o, çıxış üçün tez-tez radioya gələn Göbbelsin diqqətindən yayınmayıb.
1942-ci ildə Göbbels növbəti çıxışından sonra radionun əməkdaşları ilə görüşüb. Görüşdə iştirak edən çoxsaylı əməkdaşların arasında Göbbels Pomzelə görüş təyin edib. Çoxları elə düşünüb ki, bu görüş şəxsi xarakter daşıyır. Amma sonradan məlum olub ki, Göbbels Pomzeli özünə şəxsi katibə təyin etmək fikrindədir. Beləliklə, Pomzel 1942-ci ildən Göbbelsin şəxsi katibəsi kimi işə başlayıb.
Pomzelin əsas işi təbliğat nazirinin çıxış və məruzələrini makinada çap etməkdən, müharibə ilə bağlı gündəlik statistikanı hazırlayıb Göbbelsə verməkdən, nazirin görüşlərinin vaxtını müəyyənləşdirməkdən ibarət olub. Ancaq sonralar şəxsi katibənin vəzifələrinə daha bir funksiya əlavə edilib. Verdiyi müsahibədə Pomzel bu məsələyə də toxunub:
“Sovet qoşunları Berlinə yaxınlaşdıqca Hitlerin bunkerində yüksək çinli məmurların da sayı artırdı. O, cümlədən fürer Göbbelsin də bunkerdə olması barədə göstəriş vermişdi. Şəxsi katibəsi kimi mən də nazirlə birgə bunkerdə yaşayırdım. Bunkerdə vəziyyət olduqca gərgin idi. Məğlubiyyəti ilə barışa bilməyən Almaniya rəhbərliyinin psixoloji durumu acınacaqlı vəziyyətdə idi. Bu vəziyyətdən çıxmaq, stressdən qurtulmaq, məğlubiyyəti unutmaq üçün onlar çıxış yolunu ancaq alkoqolda görürdülər. Bunkerdə yetərincə ərzaq ehtiyatı var idi və onlardan istifadəyə heç bir məhdudiyyət yox idi. Amma alkoqollu içkilərə nəzarət edilirdi. Göbbels bu işi mənə tapşırmışdı. Mənə elə gəlirdi ki, onlar alkoqollu içkilərin tez qurtaracağından qorxurdular. Mən Göbbelsin müəyyənləşdirdiyi normada onlara içki verirdim. Son günlər isə daha dəhşətli idi. Hitlerin və Göbbelsin intiharından sonra bunker küçə kafelərini xatırladırdı. Bu son idi. Mən onda ölümdən xilas olmaq üçün ərzaq yığılan ağ kisələrin birini boşaltdım. Həmin kisədən ağ bayraq kimi istifadə edərək təslim olduğumu bildirdim...”
Pomzel 1945-ci ilin may ayında həbs edilib. Onu beş il azadlıqdan məhrum ediblər. O, cəzasını SSRİ-nin Berlindəki 2 nömrəli əsir düşərgəsində çəkib. Pomzel məhbusluq həyatını dəhşətli saysa da, bildirib ki, ona düşərgədə çox da pis münasibət göstərilməyib:
“Sovet hərbçilərinin, düşərgə əməkdaşlarının mənə münasibəti normal idi. Həmin ərəfədə almanların normal qidalana bilmədiyi bir vaxtda mənə hər gün üç dəfə yemək verilirdi. Digər düşərgələrdən fərqli olaraq bizim düşərgədə isti su problemi də yox idi. Düşərgədə məni işlə də təmin etmişdilər. Boş vaxtlarımı da maraqlı keçirirdim. Əsirlərdən ibarət teatr qrupunda kiçik rollar oynayırdım...”
1950-ci ildə azadlığa çıxan Pomzel yenidən radioda işə düzəlib. O, uzun illər Göbbelsə işləməyi haqqında danışmayıb, jurnalistlərin təkidlərinə baxmayaraq, müsahibələrdən yayınıb. 105 yaşında verdiyi müsahibəsində isə Pomzel özünü günahsız və vicdanının təmiz olduğunu qeyd edib, bildirib ki, nasistlərin vəhşi əməllərindən xəbərsiz olub. Belə deməsinə baxmayaraq, Pomzel bu müsahibədə özü-özünü təkzib edib. Suallara cavab verərkən o vurğulayıb ki, müharibə statistikasını hazırlayanda rəsmi arayışlarda həlak olan alman döyüşçülərinin sayını az göstərib, sovet hərbçiləri tərəfindən zorlanan alman qızlarınının sayını isə 15-20 dəfə artırıb. Jurnalistlərin “bu faktları bilərəkdən edən adamın vicdanı təmiz və rahat ola bilərmi” sualına isə Pomzel belə cavab verib:
“Mən Göbbelsin tapşırığını yerinə yetirirdim, düşünürdüm ki, son dərəcə hörmət bəslədiyim bir insan hər şeyi dövlətimizin naminə edir. Göbbels çox alicənab, yüksək intellektə malik bir insan idi. Mən heç vaxt ağlıma gətirməzdim ki, nasist Almaniyası bu qədər hərbi cinayətlərə imza ata bilər. Amma mən 3-cü Reyx rəsmilərinin aralarında olan sonuncu sağ qalmış adam kimi xüsusilə vurğulamaq istəyirəm ki, mənim bu işlərdən xəbərim olmayıb...”
Jurnalistlərin Pomzelə ünvanlandıqları suallardan biri də belə olub: “Radioda çalışan yəhudi əməkdaşları sizin gözünüzün qarşısında güllələyndə hansı hissləri keçirdiniz, Göbbelsə olan hörmətiniz artdımı?”
105 yaşlı ahıl qarı, keçmiş katibə bu suala əlini yelləməklə cavab verib.
Brungilda Pomzel 2017-ci ildə, 106 yaşında Münhendə vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com
Tarix: 13-04-2022, 13:43