MƏNSİMOVUN “QORXMAZLIĞI” – Doğrudanmı Lotu Qulini söyüb və Güləni təhqir edib?





“Danış ki, bilək kimsən” ifadəsi heç zaman aktuallığını itirməyib. Təcrübə göstərir ki, cəmiyyətlərin müəyyən maraq göstərdiyi bir çox şəxslər barədə formalaşmış əsatirlər bəzən onların ağzını açmaları ilə alt-üst olur. Bunu özləri də dərk etdiklərindən belələri çox vaxt mətbuatdan, canlı müsahibələrdən qaçmağa çalışırlar...
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun bir hissəsi “bəy tərifi”, digər hissəsi isə kifayət qədər müəmmalı, ziddiyyətli monoloqdan ibarət olan və nə qədər kobud alınsa da, daha çox “lotu-potu söhbəti”ni xatırladan son müsahibəsi bu şəxsə maraqla yanaşan toplumun, hətta Mənsimovsevərlərin bir hissəsini məyus etməmiş deyil. Bu, heç də təkcə onun məişət səviyyəli nitq qabiliyyəti, seçdiyi dil və ifadələrlə bağlı deyil (Baxmayaraq ki, Azərbaycandan fərqli olaraq sivil ölkələrdə iş dünyasının aparıcı təmsilçilərinin az qala tanınmış siyasətçilər səviyyəsində natiqlik qabiliyyətinin olması adi haldır və bunun olmaması isə bir növ ayıb sayılır). Çünki Mənsimovun müsahibəsilə müqayisədə bəlkə də, məsələn, məşhur “mafiya babası” Sedat Pekerin yayımları daha ölçülü-biçili görünürdü...
Söhbət daha çox Mənsimovun dediklərindəki həddindən artıq ziddiyyətli və isbatı zor olan, qarşısındakı tamaşaçını avam və hər şeydən bixəbər hesab edən açıqlamalarından gedir. Mənsimov bir tərəfdən Ərdoğanı və onun hakimiyyətini göylərə qaldırır, onun Türkiyə üçün etdiyi saysız-hesabsız xidmətlərdən danışır, digər tərəfdən də Ərdoğan Türkiyəsində hakimlərin sifarişlə onu məhbəsə atdığını bildirir. Bir yandan Əliyev hakimiyyətini tərifləyir, onun gördüyü işlərdən sonsuz məmnunluq ifadə edir, Prezidentə sədaqətini dilə gətirir, digər yandan az qala bütünlükdə Azərbaycan hakimiyyətinin ona qarşı səfərbər olduğunu, ona həsəd apardığını, onun üzərinə gəldiyini, heç bir günahı olmadan(!) onu sıxışdırdığını, həbsini, hətta kriminal ünsürlər tərəfindən qətlini sifariş etdiyini iddia edir. Onun bu iddialarındakı ziddiyyət və qeyri-səmimilik, eləcə də qatı millətçi və Azərbaycançı olduğu barədə dediklərinin boğazdan yuxarı pafos olduğu dərhal sezilir. Mənsimov bir tərəfdən millilikdən, bütövlükdən, birlikdən danışır, regionçuluğun əleyhinə olduğunu deyir, digər yandan elə həmin müsahibədə az qala kəlməbaşı cənub bölgəsindən və şiyə təriqətindən olduğunu qabardır və iddia edir ki, özünə və “Xəzər Lənkəran”a qarşı təzyiqlər məhz regionçuluq amililə bağlıdır. Azərbaycan zatən erməni separatizmilə savaşdığı bir dönəmdə, bu cür əsassız iddialar nəyə xidmət edir, görəsən? Budurmu millilik və azərbaycançılıq? Əksinə, bu üstüörtülü replikalar daha çox regionçuluğa, “ara qızışdırmağa”, hətta daha da artığına bənzəyir...

Mənsimov “hapı-gopu” çox və barıtı bol söhbətində Lotu Quliyə olmazın söyüşlər söydüyünü, Fətullah Güləni təhqir etdiyini, hansısa erməni biznesmenini az qala “it balası kimi” döydüyünü(?) və s. iddia edirMaraqlıdır ki, qarşı tərəfin bu deyilənləri təsdiq və ya təkzib etmək imkanı yoxdur. Məsələn, Lotu Quli ölüb. Ancaq kriminal aləmdən az-çox anlayışı olan istənilən adam başa düşür ki, Mənsimovun dediyi kimi, guya “qanuni oğru”nu olmazın söyüşlərlə söyməsi, qarşı tərəfin də səbrlə onu dinləyərək, cavab verməməsi, hətta sonda ondan üzr istəyərək dəstəyi asması “ovçu Pirim”, yaxud “Məlikməmməd nağılları”ndan da artıq “gopfason” söhbətdir. Mənsimovun bizim kriminallarla bağlı dediklərində yalnız bir məqamla razılaşmaq olar - doğrudan da bizimkilərin gücü əsas etibarilə elə özümüzünkülərə çatır...

Yaxud olsun Mənsimovun Fətullah Gülənlə görüşləri barədə dedikləri. Onunla cəmi iki dəfə görüşdüyünü iddia edir. Etiraf edir ki, ikinci görüşü 2013-2014-cü illərdə, yəni Türkiyədəki məlum 2016-ci il dövlət çevrilişi cəhdi öncəsi baş tutub. Özü də guya Mehmet Ağar onu az qala zorla dartaraq Gülənlə görüşə aparıb və o da, Güləni öz malikanəsində, öz əsabələrinin yanında təhqir edib, söyüb, hətta onun hüzurunda Ərdoğanı qətiyyətlə müdafiə edib. Hansı avam buna inanar?!
Birincisi, Ərdoğanı müdafiə edən adamın Ərdoğan hakimiyyətinə düşmən olduğu gün kimi aydın olan birinin qəbulunda, hüzurunda nə işi vardı? Özü də çevriliş ərəfəsində.
İkincisi, Güləni əyanlarının yanında təhqir etmək cəsarəti vardısa, elə Ağara rədd cavabı verməyə cəsarət tapar və ümumiyyətlə, o iblislə görüşə getməzdi. Bu gün F.Gülənin Mənsimova cavab verəcək nə halı var, nə də həvəsi, nə də Güləndən həqiqətən həmin görüşdə nə baş verdiyini soruşacaq birisi var. Ona görə də istər Mənsimov, istərsə də başqa birisi Gülənlə bağlı istədiyini danışa, onu söydüyünü, hətta döydüyünü iddia edə bilər...
Fiziki ölçüləri və cüssəsi göz önündə olan Mənsimov müsahibəsində guya hansısa mücərrəd erməni iş adamını döydüyünü bildirir və bununla fəxr edir. Səviyyəli, yerini bilən ciddi bir iş adamı, yaxud başqa bir nüfuzlu şəxs ümumiyyətlə belə məişət səviyyəli davranışları və bu barədə söhbətləri özünə rəva bilməz. Digər yandan əgər belə bir şey olubsa belə, bunu nə təsdiq, nə də inkar edəsi kimsə yoxdur. Həmin erməni əsilli iş adamının nə adı çəkilir, nə soyadı. Nə də təbii ki, həmin adamdan (əgər belə birisi varsa) heç kim soruşa bilmir ki, belə bir hadisə olub, ya yox.
Yəni, demək istədiyimiz odur ki, bütün bunlar ciddi, az-çox tanınan, iddialı, nəhayət, özünə hörmət qoyan bir iş adamının geniş auditoriya üçün etməli olduğu söhbətlər deyil. Özü də bilə-bilə ki, bu “söhbəti” təkcə Mənsimovun təmənnasız xeyriyyəçi, millətçi, türkçü, hətta az qala “millət atası” olduğuna kor-koranə inananlar yox, onun gerçəkdə hansı keyfiyyətlərə malik olduğunu, savab və günahlarını, digər “əməllərini” yaxşı bilən adamlar da izləyəcək... 
Halal qazancı ilə həmvətənlərinə əlindən gələn köməkliyi göstərən elə iş adamlarımız, xeyriyyəçilərimiz var ki, heç onların adını da bilən yoxdur. Belələri köhnə gəmilərə “gəmiyə filankəsin adını qoydum” deyib, özlərini ucuz reklam etmirlər. Gerçək xeyriyyəçi, millətçi, azərbaycançı da onlardır, adı Fətullah Güləndən tutmuş, Ağara qədər müxtəlif kirli adamlarla hallanan, qaranlıq maraqlara xidmət edən Mənsimov kimilər yox! 
Rasim Əliyev
“AzPolitika.info”
Tarix: 9-05-2022, 10:42
Xəbəri paylaş





Xəbər lenti