"Qadının daxili gözəlliyi yüksək deyilsə, “diqqət çəkmək dozası” nı artırmağa çalışır...”


“İndi də bir çox məhşur aparıcılar var, amma onların bəzilərinə münasibət birmənalı deyil”
Əməkdar artisti, tanınmış diktor və aparıcı Nailə İslamzadə Moderator.az-ın suallarını cavablandırıb.
 
- Nailə xanım, sizin çoxsaylı tamaşaçılarınız olub və indi də var. İllər öncə sizi izləyən tamaşaçılarla, indiki tamaşaçılarınızı necə fərqləndirirsiniz? 
 
- Tamaşaçılar eynidir. Televiziyalarımız onlara nə təklif edirsə ona da baxırlar. Orta və yaşlı nəsil keçən illərin televiziyasının həsrətini daha çox çəkirlər. Yeni nəsil isə hadisələri daha çox internet üzərindən izləyir. 

- Nailə İslamzadə haqda danışarkən ağıllara öncə “Ailələr, talelər” verilişi gəlir. O illərdə bir veriliş, bir layihə insanı məşhurlaşdırıb, xalqın sevimlisinə çevirə bilirdi. Bəs bu gün necədir? Sözün əsl mənasında məşhurlaşıb, xalqın sevgisini qazanmaq asandır yoxsa çətin?
 
- Mən AzTV-də işləyərkən həm axşam xəbərlərini oxuyur, həm dövlət tədbirlərinin, konsertlərinin, həm müxtəlif səpkili verilişləri aparır, eyni zamanda da “Ailələr, talelər” verilişinin müəllifi və aparıcısı idim. Doğrudur, bu veriliş məni tamaşılar ilə daha da yaxınlaşdırdı. Məşhur olmaq asan, xalqın sevgisini qazanmaq isə çətindir. Bizim efirdə özümüzü necə aparmağımız, veriliş iştirakçıları ilə necə davranmağımız, nədən və necə danışmağımız, ümümiyyətlə, cəmiyyətdəki davranışımız bu sevgini qazandırır. Tanınmaq, məhşur olmaq sevilmək demək deyil. İndi də bir çox məhşur aparıcılar var, amma onların bəzilərinə münasibət birmənalı deyil. Tamaşaçı çox həssasdır, ağı qaradan seçməyi bacarır və lazımi qiyməti verir.
 
- Hal-hazırda “Ötən günlər” verilişində aparıcısınız. Mən bilirəm ki, siz həmin verilişə qonaq olan kəslərlə illər öncə də həmsöhbət olmusunuz. Onlarda, yəni müsahiblərinizdə dəyişən nədir?

- “Ötən günlər” verilişi mövzu baxımında mənə yaxındır, hadisələr tanışdır, həm ədəbiyyatçı olduğum, həm də 40 ilə yaxın televiziya sahəsində çalışdığım üçün orada danışdığımız hadisələrin çoxu mənə tanışdır, çoxu ilə televiziyada birlikdə işləmiş və ya görüşmüşük.
Müsahiblərimiz dəyişməyib, elə əvvəlki kimi sanballı, işini sevən, həyatı dərk edən insanlardır.
 
- Nailə İslamzadə ötən günlərə qayıtmağı sevir yoxsa heç olub-keçəni xatırlamaq istəmir?
 
- Ötənlərdə baş verən yaxşı şeyləri xatırlamağı sevirəm, olub keçənlər bizim həyatımızdır, istəsək də unuda bilmərik. Amma yalnız yaxşı tərəfləri və bizə nələri öyrətdiyinin üzərində durmalıyıq deyə düşünürəm.
 
- Sizcə tamaşaçı aparıcının səmimi yaxud qeyri səmimi olduğunu başa düşə bilir?
 
- Əlbəttə bilir. Televiziya güzgüdür, o güzgüdə necə görünməyimiz də özümüzdən asılıdır.
 
- İllər sizi sanki heç dəyişməyib, hər zaman gözəlliyiniz danışılıb. Bilirəm ki, makiyajı da çox sevmirsiniz. Yenə də gözəlliyiniz göz oxşayır. Bəs sizcə qadını gözəl göstərən nədir?

- Ənənəvi mənada qadın gözəlliyi hər şeyi əhatə edən bir anlayışdır. Bura çox şey daxildir. Ancaq hər şeydən əvvəl bəli, bu daxili gözəllikdir. Əgər qadının daxili gözəlliyinin səviyyəsi yüksək deyilsə “diqqət çəkmək dozası” nı artırmağa çalışır. Gözəllik çox səviyyəli bir anlayışdır və içində bir çox keyfiyyətləri birləşdirir: Xoş görünüş, cazibədarlıq, gözəl geyinmə qabiliyyəti, cəmiyyətdə qəbul edilmiş qaydalara uyğun davranma və əlbəttə ki,"təmiz” ad.  Azərbaycan qadınının gözəlliyi onun zəkasında, müdrikliyində, sədaqətində, vəfasında, yüksək analıq keyfiyyətindədir.
 
- Sonda istərdim bizim vasitəmizlə qədirbilən tamaşaçılarınıza ürək sözlərinizi bildirəsiniz.
 
- Tamaşaçılar doğurdan da qədir biləndir. Mən uzun illər, efirdə görünmədim, amma onlar nə məni, nə də hazırladığım verilişləri unutmadılar. Təşəkkür edirəm.
Tarix: 23-05-2022, 23:33
Xəbəri paylaş





Xəbər lenti