Azərbaycanda büdcə məlumatları şəffaf deyil, tam açıqlanmırMayın 31-də Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı 2021-ci ilin Açıq Büdcə İndeksini (Open Budget Index)
açılayıb.
Azərbaycan büdcə şəffaflığı üzrə 100 baldan 57-ni toplayaraq, 120 ölkə arasında 44-cü yerdə qərarlaşıb.
Azərbaycanın ən aşağı bal topladığı bənd isə məlumatların açıqlanması ilə bağlıdır: 9 bal.
Ölkənin büdcə məlumatlarının açıqlanması səviyyəsi məhdud qiymətləndirilib.
İqtisadçı Samir Əliyev deyir ki, metodologiyaya görə, 61 daha yüksək bal toplamış ölkələrdə ictimai müzakirə üçün büdcə barədə kifayət qədər məlumatlar açıqlanır.
Bu, o deməkdir ki, Azərbaycanda məlumatların açıqlanması səviyyəsi məhdud olaraq qalır:
“Ümumi götürdükdə isə büdcə şəffaflığı üzrə Azərbaycanın göstəricisi yaxşılaşıb. 2010-cu ildəki 43 baldan 57 bala yüksəlib. Halbuki 2017-ci ildə bu göstərici 34 bala kimi azalmışdı”.
İqtisadçı bildirib ki, Azərbaycanın İndeksdə aşağı bal almasının səbəbi ictimai iştirakçılıqla bağlıdır. Bu göstərici üzrə 100 mümkün baldan 9 bal alıb:
“Həqiqətən də, büdcə müzakirələrində ictimai iştirakçılıq yox səviyyəsindədir. Parlamentdə gedən müzakirələrdə xırda istisnalarla vətəndaş cəmiyyəti, demək olar ki, iştirak etmir. Digər göstərici üzrə vəziyyət nisbətən yaxşıdır. Büdcəyə nəzarət üzrə 63 bal verilib”.
Azərbaycanın qonşularına gəlincə, Gürcüstan büdcə şəffaflığı üzrə 120 ölkə arasında birinci pillədə yer alıb, 87 bal toplayıb.
Bu kateqoriya üzrə (hərtərəfli məlumat mövcudluğu baxımından) İsveç, Norveç, Yeni Zelandiya, Avstraliya Gürcüstandan sonrakı sıralarda gəlir.
Ermənistan büdcəsi ilə bağlı isə məlumatlar əhəmiyyətli dərəcədə var. Odur ki, 33-cü yerdə qərarlaşıb.
Azərbaycan isə büdcə ilə bağlı məhdud məlumat olan ölkələr sırasındadır.
Ondan bir sıra əvvəldə Uqanda, bir sıra aşağıda isə Qana ölkələri yer alır.
Türkiyə də büdcə sarıdan məhdud məlumatlı ölkələr sırasındadır: 55 balla 46-cı yerdədir.
Rusiya əhəmiyyətli dərəcədə məlumat mövcudluğuna görə, 73 balla 13-cü sıradadır.
Azərbaycanın aşağı bal topladığı ictimai iştirakçılıqla bağlı qiymətləndirmədə isə Gürcüstan 44, Ermənistan 6, Rusiya 28, Türkiyə 0 bal toplayıb.
Azərbaycanın ən yüksək bal topladığı büdcəyə nəzarətlə bağlı qiymətləndirmədə isə Gürcüstan 91, Ermənistan 50, Rusiya 78, Türkiyə 61 bal yığıb.
Azərbaycanda tez-tez müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycanda büdcə məlumatları şəffaf deyil, tam açıqlanmır. Məsələn, ayrı-ayrı qurumlara nə qədər vəsaitin ayrılması bəlli olsa da, onların necə xərclənməsi ilə bağlı məlumatlar kasaddır.
Müstəqil jurnalistlər də büdcə ilə bağlı sorğularına cavab ala bilmədikləri üçün tez-tez məhkəmələrə üz tutur.