Çaylar niyə tez rəng alır: Boya, yoxsa təbii proses?..


Sakarya Universiteti Ətraf Mühit Mühəndisliyi Bölümü dossenti Meral Yurtsever bəzi çay markaları üzərində apardığı araşdırma zamanı 11 paket çayın 4-də və müxtəlif markalı 11 dəmlik çayın hamısında mikroplastik aşkar edib. Təbiətdə əriməsi əsrlər çəkə bilən plastiklər, bu prosesdə ölçüləri 1 mikrometr ilə 5 millimetr arasında olan hissəciklərə, yəni mikroplastiklərə çevrilə bilir.

Hollandiyada aparılan və nəticələri bu ilin martında açıqlanan digər araşdırmada, insan qanında ilk dəfə olaraq mikroplastiklər aşkar edilmişdi. Araşdırmada qan nümunələrində içki şüşələri, qida qablaşdırma və geyim istehsalında geniş istifadə olunan PET plastik, qida və məişət məmulatlarının qablaşdırılmasında istifadə edilən polistirol, plastik torbaların hazırlanmasında istifadə edilən polietilen aşkar edilib.
Meral Yurtsever, son zamanlar bazara çıxarılan paket çaylarla dəmləmə çay hazırlanan zaman çaya mikroplastikin keçib-keçməməsi ilə bağlı araşdırma aparıb.
“İçdiyimiz çaya bir dəmlik paketindən orta hesabla 13 min mikroplastik hissəcik keçdiyini gördüm. Aşkar edilən hissəciklərin ölçüləri 3-5 mikrometrə qədərdir” - deyən alim bildirib ki, 11 çaydan paketində plastik qatqının sellülozadan ortaya çıxdığı məlum olub. O, qeyd edib ki, müşahidə etdiyi 11 çay paketinin hamısının plastikdən olduğunu və bu plastiklərin isə, polyester, polipropilen və polietilen olduğunu müəyyən edib.
Alim, son zamanlar bazara çıxarılan yeni paket çaylarla bağlı xəbərdarlıq edib və qeyd edib ki, istehlakçılar paketlənməmiş açıq çaylardan istifadə etsələr daha yaxşı olar. Onun sözlərinə görə, paket çaylar rahat olsa da, insan sağlamlığı və ətraf mühit üçün çox təhlükəlidir.
Azərbaycanda isə, bizim paket çaylarda problemimiz yoxdur. Bunu “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov deyir. Onun sözlərinə görə, çayların tərkibinə boya qatılması ilə bağlı “Azad İstehlakçılar” Birliyinə telefon zəngləri daxil olur: “Biz hər zaman deyirik ki,ən yaxşı ekspertiza ictimai rəydir. Təşkilatımız istehlakçıların bu istəyinə uyğun olaraq, müəyyən sahədə araşdırmalar aparıb”.
Dəfələrlə Cənub zonasında olan çay fabrikində olduğunu deyən Eyyub Hüseynov bildirir ki, Azərbaycanda olan çaylara boya vurulmur. Çünki çay özü rəngdir və onun rənglənməsinə ehtiyac yoxdur: “İstehsal prosesinə diqqətlə baxmışam, rəngləmə anına rast gəlməmişəm”.

Paket çaylarına gəldikdə isə, Eyyub Hüseynov bildirir ki, paket çayları çay tozundan hazırlanır. Məhz elə buna görə də daha tez rəng verir. Bu da əhali tərəfindən çaya boya vurulması fikrini yaradır.
“Bəzən mənə müraciət edirlər ki, paket çayı soyuq suya atanda da rəng verir. Bir müddət qaldıqdan sonra isə, çay bulanır. Qeyd edim ki, çayın lazımı səviyyədə dəm alması və rəng verməsində suyun böyük rolu var. Hansı codluqlu suda hansı çay özünü necə aparır, necə rəng verir, necə dəm alır. Bu, ayrıca tədqiqat materialıdır və çox təəssüf ki, bu heç çay istehsalçıları tərəfindən belə tədqiq edilmir. Paket çayların tərkibində rəng olması məsələsi, absurd fikirdir. Azərbaycanda çay bazarında xaricdə hazır fermentasiya olunmuş çaylar da var. Şri-Lankadan kisələrə doldurulub, Azərbaycana gətirilir və burada qablaşdırılır. Eləcə də bazarda Azərbaycanın yerli milli çayları da var. Çayların tez rəng verməsi, çayın dərilməsi ilə də əlaqəldir”,- deyə ekspert bildirib.
Paket çayların içində plastik olmasına gəldikdə isə, Eyyub Hüseynov bildirib ki, bu da yanlış fikirdir və istehsalçıların yalnış məlumatlanması ilə əlaqəldir. Paket çaylar, çox kiçik çay tozlarından hazırlandığı üçün dəmalma prosesində özünü yarpaq çay kimi aparmır.
Eyyub Hüseynov qeyd edib ki, çay paketlərinin istehsalında normal sellüloz kağızından istifadə edilmir. Filter kağızı istehsalı banan növü Abaka yarpaqlarının qalın gövdələrini əhatə edən 10-25 yarpaqlarının liflərindən hazırlanır. Bu, yarpaq nazik hüceyrələrdən ibarət yarpaq dəstəkləyici strukturunun bir hissəsini təşkil edən uzun, incə selülit lifidir.
“Bütün hallarda istehlakçıların bu sahədə şübhələri olarsa, AQTA-nın 1003 qaynar xəttinə müarciət etmələri tövsiyyə olunur”,- deyə E. Hüseynov əlavə edib.
  • Bəs Azərbaycanda çayın hazırlanması, qablaşdırılması prosesi necə həyata keçirilir?
  • Paket çayların qablaşdırıldığı material nədir?
  • Çayların tərkibinə boya vurulurmu?
Bu kimi suallarla bir neçə çay istehsalı fabrikinə sorğu ilə müraciət etmişik. Cavab gəldiyi zaman sizinlə bölüşəcəyik.Bizim YOL
Tarix: 7-06-2022, 18:57
Xəbəri paylaş





Xəbər lenti