Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.
Yeniavaz.com sözügedən təyyarənin qiyməti və xüsusiyyətləri haqqında bəzi məlumatları təqdim edir:
Rusiyanın “Beriev” şirkəti tərəfindən istehsal edilən “BE-200” yanğınsöndürmə, axtarış-xilasetmə, dəniz patrulu, yük və sərnişin daşınmasında istifadə üçün nəzərdə tutulub. Təyyarə 12 ton su və ya 72 sərnişin tutumuna malikdir.
“BE-200” suda sabitliyi təmin edə bilən xüsusi dizaynlı gövdəyə malikdir. Gövdə alüminium ərintidən hazırlanıb və korroziyadan qoruyan materialla örtülüb. Təyyarənin uzunluğu 31,43 , hündürlüyü 8,9, qanadlarının uzunluğu isə 32,78 metrdir.
Təyyarə əsasən irimiqyaslı yanğınların söndürülməsində istifadə olunur. Birbaşa su hövzəsi üzərinə enə bilən bu təyyarə 18-20 saniyə ərzində bortuna 12 ton, aerodrom şəraitində isə 15 dəqiqəyə 9 ton su götürərək 1 keçiddə geniş yanğın ərazisini əhatə edir.
“Beriev BE-200” amfibiya təyyarəsinin qiyməti, sifariş edilən xüsusiyyətlərə görə 45-70 milyon ABŞ dolları aralığında dəyişir.
Xatırladaq ki, 21 iyun axşam saatlarında Türkiyənin Muğla əyalətinin Marmaris şəhəri ərazisində qeyri-müəyyən səbəblərdən başlayan meşə yanğınları hələ də davam edir.
Qeyd edək ki, FHN artıq Türkiyədəki amfibiya tipli təyyarənin yanğınsöndürmə istiqamətində həyata keçirdiyi fəaliyyəti əks etdirən
kadrları da yayıb.