Bundan əvvəlki reportajımızda Çexiyanın paytaxtı Praqa ilə bağlı təəssüratlarımızı təqdim etmişdik. Amma “açıq havada muzey”, “nağıllardakı şəhər” adlandırılan Praqanı gəzmək, onun gözəllikləri ilə tanış olmaq, gördüyün, yaşadığın təəssüratları çatdırmaq üçün bir gün, bir yazı yetərli deyil.Bu dəfə Praqanın məşhur Astronomik saatı, məşhur qəsri, ictimai nəqliyyatı, məişət yaşayışı, digər gözəl şəhər və qəsəbələri haqqında söz açacağıq.
Astronomik saatPraqanı ziyarətə gələn turistləri ən çox maraqlandıran məkanlardan biri də mərkəzdə yerləşən məşhur “orloy” adlı astronomik saatdır. Bələdçim bildirir ki, bir neçə dəqiqədən sonra saat tamam olacaq və təxminən 1 dəqiqə ərzində zəng çalacaq. Turistlər də məhz həmin zəngi izləmək üçün meydana toplaşır. Biz meydanda dayananda saatın tamamına təxminən 12-13 dəqiqə qalmışdı, buna baxmayaraq axın edən turist əlindən necə deyərlər, iynə atsan yerə düşməzdi. Burada təkcə turistləri deyil, yeni evlənən cütlükləri də görə bilərsiniz.
Qeyd edək ki, 1410-cu ildə quraşdırılmış bu saat dünyanın üç ən qədim astronomik saatından biridir. O, hələ də işləyən ən qədim astronomik saatdır. Hər saat tamamında tamam olmuş rəqəmi, saat 12 tamam olanda bütün rəqəmlərini görmək mümkündür.
Budur, turistlərin böyük səbirsizliklə gözlədikləri an gəlib çatır, saat zəng çalır və yuxarı hissəsində olan qapıları açılır, qapılardan boylanan fiqurlar bir-bir sanki tamaşaçıları salamlayaraq keçir. Bütün bunlar təxminən 1 dəqiqə ərzində baş verir.
“Orloy2 saatının çox maraqlı tarixçəsi var. Məlumata görə 1410-cu ildə Çexiya kralı şəhərin mərkəzində fərqli saat hazırlanması üçün göstəriş verir. Ona müxtəlif planlar təklif edirlər, lakin o, bu saat modelinin üstündə dayanır və işə başlanması üçün məşhur sənətkar Hanuşa göstəriş verir. Saat hazır olandan sonra dünyanın bir sıra ölkə krallarından saatsaza təkliflər gəlir ki, saatın eynisini onların ölkəsində quraşdırsın. Nəticədə Çexiya kralı saatsazın gözlərini çıxartdırır. Ömrünü qara zülmət içində keçirən saatsaz bir müddət sonra krala yaxınlaşıb saatın daxilində hərəkət edən elementləri son dəfə yoxlamağa icazə verməsini ondan xahiş edir. Kralın icazəsindən sonra saatın içərisinə daxil olan sənətkar orada elə bir detalı xarab edir ki, saat fəaliyyətini dayandırır. Uzun müddət, təxminən 100 il fəaliyyətsiz qalan saatı sonralar güclə təmir edərək yenidən işlək hala gətirə bilirlər.
Saatın mexanizminin özü üç əsas komponentdən ibarətdir: Günəş və Ayın səmada yerini və müxtəlif astronomik detalları göstərən astronomik siferblat saat, hər saatda həvarilərdən birinin və digər hərəkət edən fiqurları göstərən saat mexanizmi, ayları təsvir edən medalyonlarla təqvim siferblatı. Əfsanəyə görə, əgər saat baxımsız qalsa və unudulsa şəhərdə pis hadisələr baş verə bilər.
Onu da əlavə edək ki, İkinci dünya müharibəsi zamanı saata zərər dəyib. Belə ki, 1945-ci il mayın 8-də Praqa üsyanı zamanı almanlar şəhərin bəzi hissələrini yandırırlar. Bu zaman divarında saat yerləşdirilmiş bina və ona qonşu olan tarixi binalar da yanır. Yanğın zamanı saatın qiymətli taxta fiqurları və Yozef Manes tərəfindən hazırlanmış təqvim siferblatının üzü də yanır. Uzun müddətli çalışmalar və ustaların səylərindən sonra saatın əksər mexanizmləri təmir edilir, həvarilərin taxta heykəlləri isə Voytex Suçarda tərəfindən bərpa olunur. 3 il sonra, yəni 1948-ci ildə saat yenidən fəaliyyətə başlayır. Saat sonuncu dəfə 2005-ci ildə təmir edilib.
Praqanın qədim qəsri və yaxud prezident iqamətgahı570 m uzunluğunda, Barokko və Manyerizm üslubunda tikilmiş Praqa qalası və yaxud qəsri Ginnesin Rekkordlar Kitabına düşmüş ən böyük antik qəsrdir. Qəsrə giriş biletlədir. Bileti alıb, qəsrin həyətinə daxil oluruq. Bizi ilk qarşılayan prezident iqamətgahı və böyük kilsə olur.
Qəsrin 9-cu əsrdən tikildiyi bildirilir. 12-ci əsrdə qəsrə Romanesk memarlıq üslubundakı saray əlavə, 15-ci əsrdə isə olduqca geniş Vladislav dəhlizi əlavə olunub. 1541-ci ildə böyük bir yanğın nəticəsində qəsrin böyük bir hissəsi dağıdılıb. Həmçinin Habsburg dövründə də Renessans stilində bəzi yeni tikililər əlavə edilib. Kral I Ferdinand xanımı üçün Belveder yay iqamətgahını inşa etdirib. Kral II Rudolf bu məkanı davamlı olaraq istifadə edib. 1600-cü illərdən etibarən baş verən müharibələr və xalq üsyanları nəticəsində qəsr ziyan görüb. Belə ki, 1648-ci ildə sarayı qarət edən isveçlilər II Rudolfa məxsus kolleksiyanı özləri ilə aparıblar.
1918-ci ildə qəsr yeni yaradılan Çexoslovakiya Respublikasının prezident sarayı olub.
II Dünya müharibəsi zamanı Almaniya Çexoslovakiyanı işğal edəndən sonra qala işğal qüvvələri komandanı Reinhard Heydriçin qərargahına çevrilib. Müharibədən sonra bina “Soyuq müharibə” boyu kommunist hakimiyyətinin idarələri kimi istifadə edilib. Çexoslovakiyanın dağılmasından sonra Praqa qəsri Çexiyanın hökumət sarayı kimi istifadə edilməyə başlanıb. Sahəsinə görə dünyada ən böyük prezident iqamətgahı hesab olunan bu binanın üzərində indi təkcə Çexiya deyil, Ukraynaya dəstək olaraq Ukrayna bayrağı dalğalanır.
Ümumiyyətlə, bundan əvvəlki reportajımda da qeyd etdiyim kimi, Praqanın demək olar ki, bütün rəsmi dövlət binalarının üzərində ölkənin bayrağı ilə yanaşı, Ukrayna bayrağı ucaldılır. Şəhərin bir çox yerlərində Ukrayna və Zelenskiyə dəstək şüarlardan ibarət plakatlara rast gəlmək olur. nəinki plakatlara, həmçinin kitablara. Çexiya Ukraynaya ən çox dəstək verən ölkələrin önündə gəlir. Təsadüfi deyil ki, Ukraynada ələ keçirilən rus tankları və tank əleyhinə zenit silahlar ilk dəfə olaraq Praqada sərgiləndi.
Onu da əlavə edək ki, qəsrin yaxınlığında qədim Müqəddəs Vita kafedral kilsəsi yerləşir. Kilsənin içərisində təxminən 3-4 metr hündürlüyündə olan qübbə, rəngarəng pəncərə vitrajları gələn turistləri valeh edir. Kilsəni ziyarət etdikdən sonra qarşıda “Zlata uloçka” adlanan hasarlanmış bir neçə xırda evdən ibarət dalan qarşılayır. Rəvayətə görə burada vaxtilə Müqəddəs Roma İmperatoru II Rudolfun “fəlsəfə daşını” tapmağa çalışan kimyagərləri yaşayıb. Həmçinin dünyaca məşhur yazıçı Frans Kafka 22 saylı evdə iki il yaşayıb. Burada çex mədəniyyətinin müxtəlif sahələrini əks etdirən evlərə, maraqlı ekspozisiyalara rast gəlmək olur.
Tıxacsız yollar, “qara sərnişin” məsələsi...Praqanın əhalisi təxminən 1 milyona yaxındır. Küçələrdə daha çox turistlərə rast gəlmək olur. Onların arasında yaponları da, az sayda ərəb və pakistanlılara da rast gəlmək olur. Turistlər daha çox mərkəzi hissələrdə gəzintiyə çıxdıqlarından ara küçələr demək olar ki, tamamilə sakit və daha az sakinsizdir. Bəlkə də bu səbəbdən Praqada olduğum müddətdə nəqliyyatda tıxaca rast gəlmədim. Səbəb təkcə bu deyil. Çexiya nəqliyyat siyasətini ağılla idarə edərək, ictimai nəqliyyatda alternativ nəqliyyat növlərini tətbiq edir. İctimai nəqliyyatda metro, yerüstü metro qədər sürətli çalışan tramvaylar, avtobuslar intensiv olaraq fəaliyyət göstərir. Nəticədə insanlar şəhər daxilində şəxsi avtomobildən daha çox ictimai nəqliyyatdan istifadə edir, çünki bilir ki, mənzil başına vaxtında çata biləcək.
Biletin qiyməti isə ictimai nəqliyyatın bütün növləri üçün eynidir – 24 krona, Azərbaycan manatı ilə təxminən 1 manat 70 qəpiyə. Böyük əksəriyyət bileti internetdən telefonu vasitəsi ilə alır. Bu zaman telefonunuza sizi mənzil başına çatdıracaq tramvay və yaxud avtobusun nömrəsi, onun dayanacağa çatma zamanı qeyd olunur. Bu məlumatı dayanacaqda yerləşdirilmiş tablodan da görmək mümkündür. Bir neçə dəfə tramvaya mindikdən sonra müşahidə etdim ki, əksər sərnişin ictimai nəqliyyata mindikdən sonra sakitcə yerinə əyləşir. “Bəs axı onlar kartlarını vurmadılar. Ola bilərmi ki, heç internet vasitəsi ilə də bilet almasınlar, amma nəqliyyata minsinlər?” sualıma bələdçim gülümsəyərək cavab verdi ki, bu, mümkündür. Yəni kimsə bilet almadan metroya, tramvay və avtobusa minə bilər, bundan heç kimin xəbəri olmayacaq, bu insanın vicdanına qalır. Amma birdən qarşınıza nəzarətçi çıxsa, bu zaman “qara sərnişin” kimi 50 avro cərimə ödəməli olacaqsınız. Bütün səfərim boyu bir şeyə tam əmin oldum – çexlər qanunları pozmağa, vergidən yayınmağa, bu kimi məsələlərdə kimisə aldatmağa qətiyyən meylli deyillər...
Ucuzluq...Çexiyada, xüsusən də Praqadan başqa digər şəhərlərdəki mağazalarda qiymətlər Azərbaycan ilə müqayisədə xeyli ucuzdur. Xüsusən də ət məhsulları. Kolbasa və sosiskanın qiyməti isə ölkəmizlə müqayisədə azı 2 dəfə ucuzdur. Meyvə və tərəvəz də münasib qiymətə satılır. Lakin xüsusən də tərəvəzlərin dadı Azərbaycandakı kimi dadlı deyil.
Burada da “Zara”, “Mango” və bu kimi digər brendlərə rast gəlmək olur, amma qiymətlər Bakıdakı qiymətlərdən xeyli aşağıdır.
Çexiya mətbəxiÇex mətbəxində ən çox donuz, mal, toyuq əti istifadə olunur. Ümumiyyətlə, çexlər kulinariyada ət məhsullarından çox istifadə edirlər. Bu ölkədə ədvalı soudlarda pörtlənmiş ətdən hazırlanan qulyaş xüsusilə məşhurdur. Bu xörək məhz çexlərə məxsus knedlik və ya kartof qaluşkaları ilə verilir. Knedlik kartof və ya düyünün əvəzinə istifadə olunur.
Çex mətbəxində qızardılmış kolbasa və ya sosiska da çox populyardır.
Bu arada bir qeydi edim ki, çex mətbəxi azərbaycanlıların ağız dadına bir qədər yaddır. Bu baxımdan Çexiyada olduğunuz müddətdə ağız dadınıza uyğun yemək tapmaqda bir qədər çətinlik çəkə bilərsiniz. Amma bu məsələyə də çarə var, xüsusən Praqada türk, gürcü mətbəxi təklif edən restoranlar var. Hətta vaxtilə Praqada və Çemski Krulovda sırf Azərbaycan milli mətbəxinə məxsus yeməklər təklif edən restoranlar olub. Amma pandemiyada sonra hansısa səbəbdən həmin restoranlar artıq fəaliyyət göstərmir.
Çex pivəsiÇexiya təkcə muzey və abidələri, qalın meşələri, yaşıllığı ilə məşhur deyil. Bu ölkənin adı çəkiləndə ağıla gələn ilk amillərdən biri də çex pivəsidir. Bələdçim bildirir ki, İngiltərədən və digər Çexiyaya yaxın Avropa ölkələrindən bir çox turistlər məhz pivə içmək üçün bura gəlir. Çex pivəsinin dadı həqiqətən də çox fərqlidir. Burada məşhur "Pilsner" və "Budüeiser" pivələri ilə yanaşı digər pivə brendləri var. Yay mövsümündə demək olar ki, kişili-qadınlı əksəriyyət pivə içkisindən istifadə edir.
Kremasiya, ailə qəbirləri...Çexiyada məni heyrətləndirən məsələlərdən biri də meyitlərin əksəriyyətinin kremasiya edilib, dəfn olunması oldu. Praqanı tərk etdikdən sonra Çexski Krumlov, Plsen və digər şəhərləri gəzdiyim zaman qarşıma eyni formalı qəbirlər olan qəbiristanlıqlar çıxdı. Əvvəl qəbirlərin ənənəvi, adi olduğunu düşünsəm də, sonradan bir qəbir daşının üstünə bir neçə nəfərin adının yazılıdığını müşahidə etdim. Bələdçim bildirdi ki, çexlərin bir çoxu vəfat etmiş yaxınının meyitini kremasiya edir, daha sonra onun külünü dəfn edir. Ailəvi qəbirdə bir neçə nəfərin külü dəfn oluna bilir. Bəzisi heç külü dəfn etmir, kilsənin müəyyən etdiyi hansısa divara səpələyir. Bununla belə ənənəvi cəsədi dəfn etmə adəti də davam edir.
Praqa Çexiya demək deyilÇexlərin belə bir sözü var – Praqa Çexiya demək deyil. Bu mənada Çexiyanın Praqadan başqa, hətta daha gözəl şəhərləri də var. Bu şəhərlər sırasında Çeski Krumlov deyərdim ki, birincidir. Şəhər Praqadan 170 km cənub-şərqdə yerləşir. Bununla belə səhər və axşam saatlarında şəhərdə hava çox soyuq olur. Bələdçim deyir ki, xüsusən də qış aylarında bu bölgə çox soyuq keçir.
Çeski Krumlov - bu söz almanca "Krumme Aue" sözündən götürülüb, "əyri çəmən" deməkdir. Qaladan burulub uzanan Vltava çayının əmələ gətirdiyi mənzərəyə diqqət edəndə şəhərin niyə bu cür adlandırıldığını anlamaq olur. Bələdçim bildirir ki, şəhərin əsası 13-cü əsrdə qoyulub və məşhur Rozmberk, Egenberg və Şvarçenberg ailələri tərəfindən idarə olunması ilə tanınır. Yaşıllıqları, havası, təbiəti ilə göz oxşayan şəhər daha çox YUNESKO-nun Ümumdünya Mədəniyyət İrsinə daxil olmuş, Namesti Svornosti adlı şəhər meydanı, meydandakı Bələdiyyə binası, Vəba abidəsi, vaxtilə Bohemiya krallığının və aristokrat ailələrinin yay mövsümündə üz tutduğu, Avropanın ən böyük qəsrlərindən biri, Çeski Krumlov qəsri, Vltava çay kənarındakı mənzərələri, dadlı balıq məhsullarından ibarət yeməklər təklif edən rəngarəng restoran və kafeləri ilə məşhurdur. Qəsrdən şəhər mənzərəsi bir başqa gözəldir.
Restorandan söz düşmüşkən, Çeski Krumlovun düz mərkəzində, Vltava çayının kənarında Azərbaycan milli mətbəxi, o cümlədən Xan plovu, kabab, dolma kimi xörəklər təklif edən, "Leyla" adlı məşhur Azərbaycan restoranı var. Amma getdiyimizdə restoran bağlı idi. Ətrafdakılar restoranın bu yaxınlarda bilinməyən səbəblərdən bağlandığını dedi.
Muzeydə yaşayan ukraynalı qaçqınlar...Çexiyanın tanınmış şəhərlərindən biri Plzendir. Bu şəhər haqqında ayrıca olaraq reportaj təqdim etmişdik. Bu dəfə Plzenin məşhur Vehartiçe kəndindən söz açacağıq. Bələdçim bildirir ki, kənddə təxminən 800-ə yaxın sakin yaşayır. Amma kənd həmişə turistlə qaynayır, çünki burada məşhur Velhartice qəsri var. Qəsrin sonuncu sahibi şahzadə Vindiş-Graetz olub. O, 1946-cı ildə Avstriyaya sürgün edildikdən sonra qəsr Çexiya dövlətinin nəzarətinə keçib. Qəsrin kənarında turistlər ox atıb, müxtəlif əyləncəli oyunlar oynaya bilir.
Kəndi tərk edərkən bələdçim israrla burada olan "nağıllar evi"ni görməyimi israr etdi. Doğrusu, yorulduğum üçün bu muzeyi görməyə o qədər də həvəsli deyildim. Amma Çexiyaya gəlmişkən bu muzeyi də görüm deyərək, bələdçimlə razılaşdım. Ev-muzey deyilən, iki mərtəbədən ibarət daxmaya yaxınlaşanda, anladım ki, məkan artıq muzey deyil - 2 sarışın oğlan uşağı həyətin hasarına dırmaşır, yaşlı qadın həyətdə təsərrüfat işi ilə məşğuldur... Həyətə daxil olanda bizi həmin yaşlı qadın qarşıladı və bildirdi ki, ev artıq muzey kimi fəaliyyət göstərmir. "Biz Xarkovdanıq. Ailəmiz mart ayından burada yerləşib. Çexiya hökuməti bizə yaşamaq üçün yetərli şərait yaradıb, amma Xarkov üçün çox darıxırıq və sözün düzü hadisələrin yaxşı sonluqla bitəcəyinə inanmırıq",-deyə qadın bildirdi. Mənim Azərbaycandan olduğumu biləndə isə "Xarkovda azərbaycanlı qonşularım olub, onları indi də xatırlayıram, çox xeyirxah insanlar idi"- dedi.
Musavat.com