Taliban rejimində qadın olmaq: “Evlərimizdən çölə çıxa bilməyən kölələrik”



Talibanın 15 avqust 2021-ci ildə Əfqanıstanda 20 il sonra hakimiyyəti yenidən ələ keçirəndən sonra bir çox əfqan qadının taleyi bir daha dəyişdi. Son bir ildə Talibandan qaçaraq Türkiyəyə gələn və hələ də Əfqanıstanda Talibandan gizlənərək yaşayan əfqan qadınlar “BBC Türkcə”yə danışıblar.

Baş örtüyü bağlamaq məcburiyyəti, kişi yoldaşı olmadan küçəyə və ya uzaq səfərlərə çıxa bilməmək, qızların orta təhsildən kənarlaşdırılması, qadınların iş həyatından uzaqlaşdırılaraq evlərə həbs edilməsi…

Bunlar Talibanın son bir ildə əfqan qadınların əlindən aldığı təməl insan hüquqlarından sadəcə bir neçəsidir. Son bir ildə Əfqanıstanda qadınlar 20 ildə əldə etdikləri demək olar ki, bütün hüquqları itiriblər.

Əfqanıstanda həyat bütün qadın və qız uşaqları üçün radikal bir şəkildə çətinləşib, lakin bəzi qadınlar üçün vəziyyət daha da kritikdir.

Hazırladıqları xəbərlərlə Taliban rejimini tənqid edən, sivil cəmiyyət təşkilatları quraraq qadın haqları fəaliyyətləri məşğul olan, qadınların iş həyatına qatılmasını dəstəkləyən layihələr hazırlayan qadınlar…

Başqa sözlə, son 20 ildə şəxsiyyətlərini üzə çıxararaq, dayanmadan qadın hüquqları uğrunda çalışan qadınlar Taliban gəldikdən sonra hədəf lövhəsinə salınıblar.

Əfqanıstanın paytaxtı Kabildə yaşadığı evi və telefon nömrəsini tez-tez dəyişdirərək Talibandan qaçan 38 yaşındakı jurnalist Sina da onlardan biridir.

Son bir ildir Talibandan gizlənərək yaşadıqlarını söyləyən Sina Taliban Əfqanıstanı ələ keçirdikdə hamilə olduğu üçün ölkədən qaça bilmədiklərini və bu ehtimalın get-gedə çətinləşdiyini deyir:

“Taliban məni və mənim kimi bütün qadın jurnalistləri hələ də axtarır. Bəzilərimiz ölkədən qaçdı, bəzilərimiz isə burada ilişib və hələ də gizlənir.”

“Hər saniyə Talibanın qapımızı qırıb evimizə girəcəyi, ailəmi həbs edəcəyi və məni də eynilə digər qadın jurnalistlər kimi öldürəcəyi qorxusu ilə yaşayıram. Sabaha sağ qalıb qalmayacağımı belə bilmirəm.”

Sinaya görə, keçən il bu zamanlar Əfqanıstanda qadınların həyatı “bir gecədə” qaraldı:

“Biz qadınlar artıq azad insanlar deyilik, evlərimizdən çölə çıxa bilməyən, ərlərimizə xidmət edib, uşaqlarımızı böyütmək məcburiyyətində qalan kölələrik.”

Taliban üzvləri Kabildə Talibanın idarəçili ələ keçirməsinin birinci ildönümündə etiraz edən qadınları dağıtmaq üçün havaya atəş açıb
 

“Şəxsiyyətimi gizli saxlayıram, hələ gizlənirəm”

Talibandan əvvəl şiddətə məruz qalan qadınlara pulsuz hüquqi dəstək göstərən 26 yaşlı vəkil Zohra indi Heratda gizlənərək yaşayır.

O bir gün ofisində olmayanda Taliban üzvlərinin onun ofisinə gəlib onu axtardıqlarını, oradakı bütün sənədləri yandırdıqlarını danışır.

Zohra ilk 6 ayda bir neçə dəfə intihar etməyi düşündüyünü və daha çox sakitləşdirici həblərlə ayaqda qaldığını, hazırda isə özünü qaçaq yollarla əldə etdiyi kitablara həsr etdiyini söyləyir:

“İstədiyim kitabları İrandan gətirdirəm, anam kitabçıya gedib götürür. Mən hələ gizlənirəm, həqiqi şəxsiyyət vəsiqəmdən istifadə etmirəm, çünki hələ də itkin düşmə halları var.”

Hələ də çoxlu şübhəli zənglər aldığı üçün telefon nömrəsini tez-tez dəyişdirdiyini söyləyən Zohra çölə çıxarkən burka geyir və telefonunu özü ilə götürmür.

“Həbs olunan bəzi həmkarlarım Taliban həbsxanasında 40 gün boyunca 50 nəfər bir otaqda susuz və yeməksiz saxlandı. Üç həmkarım isə son 1 ildir həbsdədir.”

“Dostum Herat Qadın Həbsxanası rəisi Aliyə Əzizi orta yaşlarda bir qadın idi, dörd uşağı var idi və Taliban hökumətindən 3 ay sonra qaçırıldı. Bu günə qədər ondan heç bir xəbər ala bilməmişik.”

Əfqanıstanda qadınlar indi yalnız müəyyən işlərdə işləyə bilərlər
 

Zorakılığa məruz qalan qadınlara hüquqi dəstək verdiyi üçün Taliban tərəfindən hədəf alınan digər qadın Zeynəb hazırda Ankaranın Mamak bölgəsində yaşayır.

Talibanın müxtəlif təhdidləri bir yana, o, ölkədən əsasən universitet təhsili yarımçıq qalan qızı üçün qaçdığını deyir.

“Qızımın da eyni taleyi yaşamasını istəmədim” deyərkən qızı otağın digər ucundan anasını heyranlıqla izləyir:

“Qızlar hələ də bəzi universitetlərə gedə bilirdilər, amma anam qadın hüquqları üzrə vəkil olduğu üçün mən orada daim təhdid altında idim, kimin uşağı olduğum bilinirdi.”

Əri tərəfindən zorakılığa məruz qalan qadınlara pulsuz hüquqi xidmət göstərdiyini və onları qadın sığınacaqlarına yerləşdirdiyini deyən Zeynəb, Talibanın bu sığınacaqları dağıdıb, zorakılıq qurbanlarını ərlərinin yanına göndərdiyini danışır.

O bildirir ki, bu vəziyyətdəki bir çox qadından da xəbər almaq mümkünsüzdür, çünki çoxunun əlində xarici dünya ilə əlaqəyə keçmək üçün bir telefon belə yoxdur:

“Sığınacağa yerləşdirdiyim bir qadın mənə zəng elədi. Sığınacaq dağıdıldıqdan sonra əvvəllər onu yandırmağa çalışan ərinin yanına göndərildiyini söylədi. İndi intihar etmək istədiyini dedi… İndi bu qadınların hamısı ərlərinin yanında təhlükə altındadırlar.”

Bütün reportaj müddətində soyuqqanlılığını qoruyan Zeynəb sadəcə “həyatımda heç xoşbəxt olmadım, özümlə bağlı heç bir ümidim qalmayıb. Tək xəyalım uşaqlarımın mənimki kimi həyat yaşamamaqlarıdır” deyərkən ağlayır.

Başa düşürəm ki, o, 14 yaşında təhsilini yarımçıq qoyub, Taliban ucbatından evlənmək məcburiyyətində qaldıqdan illər sonra əyani oxuyaraq hüquq dərəcəsi alarkən bütün mübarizə gücünü özünə sərf edib.

 

“Psixoloji dəstək tələb edən müraciətlər artdı”

Mərkəzi Kayseridə olan Əfqan Köçkünlər Həmrəylik və Yardımlaşma Dərnəyi rəhbəri Zakira Hekmat deyir ki, son bir ildə dərnəyə müraciət edən əfqan köçkünlərdə travma sonrası stress üçün psixoloji dəstək tələbləri artıb.

Son bir ildə Talibandan Türkiyəyə qaçıb gələn əfqanlara köçkün vəsiqəsinin verilmədiyini, bu səbəbdən heç bir hüquq və xidmətdən faydalana bilmədiklərini deyir:

“Köç İdarəsi son bir ildə gələn əfqanların niyə qeydiyyata alınmadıqları ilə bağlı heç nə demir. Çox yerdən “hazırda qeydiyyat bağlıdır” cavabını alırıq.”

Qadın olmağın hər yerdə çətin olduğunu düşən Hekmat “köçkün bir qadın” olmağın daha çətin olduğunu vurğulayır:

“İmmiqrantlar onsuz da dil maneəsi və başqa səbəblərdən iş tapmaqda çətinlik çəkərkən, qadınlar üçün iş tapmaq daha da çətindir.”

Hekmat son bir ildə Əfqanıstanda qadınların mərhələli şəkildə bütün hüquqlarını itirdiklərini, minlərlə qız uşağının məktəblərdən məhrum qaldığını bildirir:

“Əfqanıstanda qadınların qarşılaşdıqları ən böyük təhlükə təhsilsiz qalmaq, iş yerinə gedə bilməmək, öz ayaqları üzərində dura bilməməkdir. İki universitet bitirmiş bir qadın hazırda işsizdir, yanında kişi qohumu olmadan tək çölə belə çıxa bilmir.”

 

“Talibana görə ikinci dəfə ölkədən qaçdım”

Əfqanıstanda 31 il müəllimlik etmiş 52 yaşlı Farzana artıq ailəsi ilə birlikdə Ankaranın Mamak bölgəsində yaşayır və ailəsini dərziliklə dolandırır.

Farzana deyir ki, Taliban gəlməmişdən əvvəl onun qızlar və oğlanlar üçün özəl məktəbi olub və məktəbi bağlamaq təhdidləri hələ Taliban tam nəzarəti ələ keçirməzdən bir müddət əvvəl başlayıb.

O deyir ki, bu təhdidlər bəzən telefonlarına mesaj şəklində, bəzən də məktəbin qapısına asılan yazılar şəklində olub. Farzana Talibanın rəhbərliyi ələ keçirməsinə iki ay qalmış ailəsi ilə birlikdə Türkiyəyə qaçdığını bildirir.

Bu, Farzana və ailəsinin Talibanın təzyiqi səbəbilə ölkədən ilk qaçışı deyil. Ailə Talibanın ilk hakimiyyəti dövründə 11 il Özbəkistanda yaşayıb:

“Yoldaşım polis rəisi olduğu üçün təhdid altında idik. Bir gün münaqişə yarandı, ərim qaçdı, uşaqlarım və mən evdə gizlənmək məcburiyyətində qaldıq. Kişi özbək qonşularımız da qadın burkası geyinərək evimizin zirzəmisində gizləndilər.”

“Taliban evimizə gələndə burka geyinərək qadın rolu oynayan digər kişilərin fərqinə varmadı. Ərimin adını soruşanda yalan dedim, uşaqlarımın son yeməyini onlara verməli oldum və 2 ay bu şəkildə gizləndim.”

Taliban qadınlara ictimai yerlərdə üzlərini örtməyi tapşırıb
 

Təhsili yarımçıq qalan 17 yaşlı gənc qızları isə kifayət qədər yaxşı olan türkcəsi ilə Əfqanıstandakı son bir ili haqqında danışmağa başlayır:

“Qızların getdiyi məktəblər hər gün təhdid alırdılar. Ya Taliban döyüşçüləri birbaşa özləri gəlib direktorumuzu hədələyirdilər, ya da “məktəbin bombalanacağı” xəbəri yayılırdı.”

“Bir gün məktəbimizin arxasındakı polis məntəqəsinə hücum başlandı və biz dörd saat məktəbdə qalmalı olduq. Güllə səsləri, qırılan pəncərələr… Son bir ildə qorxudan məktəbə ayda sadəcə bir neçə dəfə gedə bilirdim.”

İmtahandan keçə bilmədiyi üçün liseyə qəbul olunmadığını, makiyaj kursuna yazıldığını deyən gənc qızın arzusu qadın bərbərində işləməkdir.

Əfqan məktəbli qızlar gizli şəkildə evdə təhsil alırlar
 

“Azad olana qədər döyüşəcəyəm”

Herat şəhərində yaşayan 24 yaşlı Rafa ilə telefon vasitəsilə əlaqə qurduğum vaxtda o, Talibanın bir ilini etiraz etmək üçün digər qadın yoldaşları ilə görüşməyə çalışırdı.

Axşam saatlarında yenidən danışanda yığıncaqlarının qarşısının alındığını bildirən Rafa dedi: “Taliban bizi hər gün hədələyir, evlərdə yığılsaq, ev sahiblərini həbs edərlər.”

Qadın haqları fəalı Rafa bir il əvvələ qədər dini radikallıqla mübarizə aparan bir qurumda idarəçi idi, lakin bu gün evin içərisinə həbs olub.

“Bu gün qadınların evdən çıxmağa hüquqlarının olmadığını söyləyərək bizi restorandan çölə atdılar. Bizim üçün hər an bir sui-qəsd və ölüm təhlükəsi var.”

“Bütün həyatımız kabus və cəhənnəmə çevrildi, heç bir qurum bizə yardım etmir. Beynəlxalq ictimaiyyət də gözünü yumub və üzərimizdəki zülmü izləyir.”

Rafa deyir: “Uşaqlarım və mən hər gecə ölüm kabusu görürük, amma döyüşməkdən əl çəkmirəm. Azad olana qədər döyüşəcəyəm.”

Taliban tərəfdarları qələbəlrəini qeyd edirlər

“Həyat yoldaşım həbsdə olan Taliban döyüşçüsü idi, keçən il azadlığa çıxdı”

Taliban idarəetməni ələ keçirdikdən bir ay sonra Türkiyəyə qaçan 30 yaşlı akademik Gohar İstanbulda qızı və bacısı ilə birlikdə yaşayır.

İllərdir həbsdə olan Taliban döyüşçüsü ərinin keçən il azadlığa çıxdığını deyən Gohar, ərinin qapını döydüyü gecəni belə təsvir edir:

“Gecə saat birdə Əfqanıstanın ölümcül səssizliyi davam edərkən evimizin qapısına gəldi və yüksək səslə “mən gəldim” deyə qışqırdı. Çox qorxunc bir gecə idi, bütün vücudum qorxu və dəhşətdən titrəyirdi.”

“Anidən bütün həyatımızın məhv olduğunu düşündüm, yaşamağımıza icazə verməyəcəyinə tamamilə əmin idim. Yaxşı ki, anamın duaları və göz yaşları ilə Tanrı Əfqanıstandan qaçmağıma kömək etdi.”

İstanbulda dolana bilmək üçün hədiyyə mağazalarına əl işi olan müxtəlif məhsullar satan Gohar çox vaxt əliboş qayıdır:

“Gündüzlər iş axtarıram və gecə iki saat yatıb, müxtəlif dizaynlı məhsullar hazırlayıram. Qazandığım pul bircə yeməyə bəs edir, kirayəni ödəmək üçün tanışlarımdan borc alıram.”

Taliban tərəfdarları qələbəlrəini qeyd edirlər

“Taliban artıq daha vəhşi və qana susamış vəziyyətdədir”

Taliban liderləri keçən il hakimiyyətə gəldikdə qısa müddət ərzində qadınların hüquqları ilə bağlı “yumşaq” ifadələr işlətsələr də, tamamilə kişilərdən təşkil olunmuş Taliban kabineti ötən il qadınlara qarşı müxtəlif hüquqların pozulması ilə bağlı qərarlar imzalayıb.

“BBC Türkcə”yə danışan əfqan qadınlara görə, qorxduqları baş verir və Taliban hökuməti ölkəni özlərindən gözlənildiyi kimi idarə edir.

90-cı illərdəki Taliban rejimində qadınların qamçılandığını gördüyünü, insanların itkilərinin yasını gizli saxladıqlarını söyləyən Zohra “indi də hər şey eynidir” deyir.

Digər tərəfdən, Sina indiki Talibanın daha “qəddar və qaniçən” olduğunu söyləyərək, kütləvi qətllərin əvvəlkindən daha çox olduğunu əlavə edir:

“Taliban bütün uşaqlığımı öldürmüşdü. Uşaqlığıma dair xatırladığım tək şey Taliban hökumətinin yaratdığı terror və müharibə idi. İndi də yetkinliyimi öldürür.”


Tarix: 24-08-2022, 21:34
Xəbəri paylaş





Xəbər lenti