Millət Birliyində yaranan çatlar, siyasi böhran... - Böyük Britaniyanı NƏLƏR GÖZLƏYİR?


Bir müddətdir səhhətindəki problemlərlə gündəmdə olan Kraliça II Elizabet cümə axşamı dünyasını dəyişib. Mərhum Kraliçanın oğlu III Çarlz sentyabrın 10-da rəsmi olaraq Böyük Britaniyanın Kralı elan edilib.
Musavat.com xarici mətbuata istinadən II Elizabetin ölümündən sonra Böyük Britaniyada baş verəcək 10 dəyişikliyi təqdim edir:
DÖVLƏT HİMNİ

Ən sürətli dəyişikliklərdən birinin “God Save the Queen” (Tanrı Kraliçanı qorusun) başlıqlı dövlət himni olacağı gözlənir.
1745-ci ildən bəri səslənən "Tanrı Kralı qorusun" ifadəsi Elizabetin hakimiyyətə gəlməsindən sonra dəyişdirilib. Himndəki bu sözlər “Kral” ifadəsindən istifadə edilməklə III Çarlza uyğunlaşdırılacaq.
Britaniya taxt-tac sıralanmasına görə, Kral III Çarlzdan sonra Kembric hersoqu şahzadə Uilyam taxta çıxacaq. Ondan sonra isə Kembric hersoqunun böyük övladı Şahzadə Corc gəlir. Bu o deməkdir ki, “Kral” ifadəsi uzun illər dövlət himninə daxil ediləcək.
ROYAL MÖHÜRÜ VƏ BAYRAQ

Kraliça II Elizabet həm Böyük Britaniyanın monarxı, həm də Millətlər Birliyinin rəhbəri kimi öz hökmranlığını simvolizə etmək üçün müxtəlif ölkələrdə bayraq və gerblərdən istifadə edib.
Kraliçanın ölümü ilə “II Elizabeth Regina” (EIIR) möhürünü daşıyan minlərlə loqo dəyişdiriləcək. Bununla belə, Kraliçanın səyahətlərində, nəqliyyat vasitələrində və ya iqamətgahlarında istifadə edilən bayraqlar da keçmişdə qalacaq.
Mavi fonda qızılgül çələngi ilə əhatə olunmuş, üzərində Kraliça Elizabetin adının baş hərfi olan minlərlə bayraq da bu gündən etibarən dövriyyədən çıxarılacaq.
Kral Standartı, Suverenlik, Birləşmiş Krallığı təmsil edən gerb də Kral III Çarlza uyğun şəkildə dəyişdirilə bilər.
DUALAR
Kraliça II Elizabet VIII Henridən miras qalmış İngilis Anqlikan Kilsəsinin başçısı olub.
Buna görə də Kraliçaya tabe olan İngiltərə kilsəsində bəzi dualar yeni monarxa uyğunlaşdırılmalı olacaq.
SƏDAQƏT ANDI
Böyük Britaniyada deputatların hazırkı monarxa and içmədən İcmalar Palatasında oturması, çıxışı, səs verməsi və maaş almasına icazə verilmir. Ona görə də II Elizabetə and içmiş deputatlar Kral III Çarlzın adına and içməli olacaqlar.
Böyük Britaniya vətəndaşlığı üçün müraciət edənlər isə, çox güman ki, “Mən Ülyahəzrət II Elizabet və onun varislərinə sadiq qalacağıma and içirəm” ifadəsini yenisi ilə əvəzləyəcəklər.
Silahlı qüvvələrin şəxsi heyətinin vəzifəyə başlamazdan əvvəl and içərkən işlətdikləri “Kraliça qarşısında borcumu yerinə yetirəcəyəm və həqiqi sədaqət göstərəcəyəm” ifadəsi də dəyişəcək.
KAĞIZ PULLAR VƏ SİKKƏLƏR

İngiltərə Bankı II Elizabetin portreti olan sikkələrin qanuni ödəniş vasitəsi olaraq qalmaqda davam edəcəyini və matəmdən sonra yeni açıqlama veriləcəyini bildirib.
Bankın rəhbəri Endryu Beyli bildirib ki, Böyük Britaniya Kral sikkəxanası şahzadə Çarlzın taxta çıxması ilə bağlı yeni sikkələri artıq hazırlayıb.
Elizabetin hakimiyyəti dövründə onun profil şəkli sağa çevrilmişdi. Çarlzın yeni monarx kimi profili 1600-cü illərdən qalma ənənəyə uyğun olaraq çox güman ki, tərsinə çevriləcək və sola baxacaq.
POÇT QUTULARI VƏ MARKALAR

Kraliça II Elizabetin portretinin əks olunduğu simvolik markaların taleyi maraq doğurur.
Britaniya mətbuatı yazır ki, üzərində kral VI Corcun şəkli olan markalar hələ də dövriyyədədir, ona görə də II Elizabet markalarının sıradan çıxarılması gözlənilmir, lakin yeni monarx üçün xüsusi markalar buraxılacaq.
Kraliça Elizabetin möhürünü daşıyan "Royal Mail" poçt qutularının ortadan qaldırılması da çətin görünür. Lakin Kral III Çarlzın heykəlləri və portretləri də tacqoyma mərasimindən sonra ictimai binaların qarşısına qoyulacaq.
PASPORTLAR

Bəlkə də, ən böyük problem pasportlarla bağlı olacaq. Kraliçanın ölümü ilə bütün Britaniya pasportları dəyişdiriləcək. Britaniya pasportlarının üzərindəki “Ülyahəzrətin Pasport Ofisi” ifadəsi Kral III Çarlzın hakimiyyətə gəlməsi ilə “Əlahəzrətin Pasport Ofisi” olaraq dəyişdiriləcək.
Köhnə pasportların dəyişdirilməsi tədricən baş verəcək.
MEDALLAR
Dəyişikliklər Kraliçanın şəkli əks olunan mülki və hərbi nişanlara, eləcə də medallara təsir göstərəcək.
MÜŞAVİR TİTULU
Kral III Çarlzın taxta çıxması ilə "Kraliçanın Müşaviri" titulu “Kral Müşaviri” olaraq dəyişdiriləcək. Bununla da, məsləhətçilərin bütün dəftərxana ləvazimatları və vizit kartları, xüsusilə zərflər tamamilə yenilənəcək.
MİLLƏTLƏR BİRLİYİNİN TALEYİ NECƏ OLACAQ?

Ən maraq doğuran sual isə Kraliça II Elizabetdən sonra Britaniya Millətlər Birliyinin taleyinin necə olacağıdır.
II Elizabetin ölümü Millətlər Birliyinin 14 ölkəsi üçün siyasi qarışıqlıq demək ola bilər. Bu ölkələrin bir çoxunda dövlət başçısı “kraliça” kimi göstərildiyi üçün konstitusiyaların dəyişdirilməsinə ehtiyac olacaq.
Siyasi şərhçilər qeyd edirlər ki, Yamaykada güclü respublika hərəkatı var, Belizdə konstitusiya dəyişikliyi referendum tələb edir.
Britaniya Millətlər Birliyinə daxil olan Karib İcmasının ittifaqdan ayrılmağı tələb etməsi isə siyasi böhrana səbəb ola bilər.
Avstraliyalı senator Lidiya Torpun keçən ay parlament andında Kraliça II Elizabetə “müstəmləkəçi” deməsi gələcəkdə Millətlər Birliyində çatların yarandığına işarə kimi qiymətləndirilir.
Papua Yeni Qvineya, Solomon adaları, Tuvalu, Antiqua və Barbuda, Baham adaları, Qrenada, Sent Kitts və Nevis, Sent-Lüsiya, Sent Vinsent və Qrenadin kimi ölkələrdə isə Kral III Çarlzın qanuni olaraq tanınıb-tanınmayacağı hələ sual altındadır.
Nigar Cəfərli,
Musavat.com
Tarix: 10-09-2022, 16:08
Xəbəri paylaş





Xəbər lenti