"İnsanlarla necə sağlam ünsiyyət qurmaq olar?" sualına əksər hallarda tək tərəfli cavablar verilir və "Gözəl danışın, jest və mimikalarla, bədən dilinizlə qarşınızdakı insanların diqqətini cəlb edin, onlara təsir edin" kimi ifadələr işlədilir. Ancaq bu zaman mühüm bir məqam unudulur. Bu mühüm məqam isə dinləməkdir. Əksər hallarda gözəl danışmaq bir sənət kimi təbliğ olunsa da, dinləməyin də ən az bunun qədər bir sənət və mədəniyyət olduğu insanlara aşılanmır, ya da insanlar daha çox danışmağa üstünlük verirlər. "Fraza" jurnalının ötən saylarında "Gözəl danışmaq sənətdir" başlıqlı bir yazı ilə çıxış etmişdik. Bu yazıda isə dinləməkdən, məktəb həyatında, qarşılıqlı insan münasibətlərində və s. kimi həyatın digər məqamlarında dinləmək bacarığının əhəmiyyətindən bəhs etməyə çalışacağıq.İnsanda eşitmək qabiliyyəti danışmaq, oxumaq və yazmaq kimi qabiliyyətlərlə müqayisədə çox erkən vaxtlarda inkişaf edir. Son illərdə aparılan araşdırmalara görə, hamiləliyin son iki ayında körpələr kənardan gələn səsləri eşitməyə başlayırlar. Bu o deməkdir ki, biz hələ dünyaya gəlmədən eşitməyə, müəyyən səslərə reaksiya verməyə başlayırıq.
Əvvəla qeyd edək ki, "eşitmək" və "dinləmək" arasında bəzi məna fərqləri var. İnsan dinləyərkən səslər şüurlu bir şəkildə qəbul edilir. Eşitmə prosesində isə yalnız səs var, zehni fəaliyyət, bilmək və qavramaq yoxdur. Qulaq səsləri beyinə ötürür, beyinə çatan səslər beyin mərkəzində bir məna qazanırsa, bu zaman dinləmə baş verir. Eşidilən səslər beyində bir məna qazanmırsa, bu zaman yalnız eşitmədən söhbət gedə bilər. Bir sözlə, hər dinləmədə eşitmə var, ancaq hər eşitmə dinləmə deyil.
Effektli və təsirli bir dinləmə diqqət, dəqiqlik və təhsil tələb edən bir işdir. Birinci eşitmə mərkəzinə, sonra da beyinə gələn səs dalğaları yaddaşda analiz edilir. İnsanlar məhz bu analizə görə reaksiya verir və ya vermirlər. Bu mənada dinləmənin insanda effektli təsir meydana gətirməsi üçün insan eşitdiklərini digər səslərdən ayırd etməlidir. Misal üçün, avtomobil ustaları avtomobilin hansı hissəsindən hansı səsin gəldiyinə qulaq asmaqla problemi anlaya bilirlər. Halbuki eyni səsləri eşidən, lakin əvvəllər bu səslər yaddaşlarında bir məna qazanmayan insanlar problemi anlaya bilmirlər.
Dinləmənin insan üzərindəki təsiri ilə bağlı bir sıra Quran ayələri var. Misal üçün, Cəfər ibn Əbu Talib (Həzrət Əlinin qardaşı) Həbəşistanda Nəcaşi və digər əyan-əşrafın hüzurunda Quran ayələrini (xüsusilə, Həzrət İsa və Həzrət Məryəm haqqında nazil olan ayələri) oxuyanda haqq və həqiqəti bildiklərinə görə onlar Quranın bir bəşər sözü olmadığını anlayaraq gözlərindən yaşlar gəlmiş və ağlamışdılar. Ayədə bu hadisə belə xəbər verilir: "Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz!" (Maidə, 5/83). Bu, öz-özlüyündə o qədər də kiçik bir hadisə deyildi. Onların oxunan ayələri can qulağı ilə dinləmələri qəlbləri riqqətə gətirmiş, haqq onlara aydın olmuş, nəticədə isə belə bir dinləmə onlara iman bəxş etmişdi.
Dinləmək bir insanın başqa bir insan üçün edə biləcəyi ən yaxşı şeylərdən biridir. Dinləmək ünsiyyəti artırır, qəlbləri birləşdirir. Dinləmək danışmaqdan əvvəl gələn bir məziyyət və üstünlükdür. Bəzən elə olur ki, dinləmək kimi bir məziyyət və üstünlükdən məhrum qalır, ona sahib ola bilmirik. Əgər səni dinləyən varsa, deməli həyatda bir yerin var. Əgər səni dinləyən varsa, deməli səni ciddi qəbul edən var. Əgər səni dinləyən varsa, deməli sən sevilirsən. Bu səbəbdən böyükləri tərəfindən dinlənən uşaqlar əslində şanslı uşaqlardır. Uşaq, gənc, ya da qoca, yaşından asılı olmadan bir insanın dinlənməsi o şəxsdə özünə inam və etimad hissinin artmasına səbəb olan əsas amillərdəndir.
Gəlin, evimizdəki, ətrafımızdakı uşaqlara nəzər salaq. Onlardan neçəsini görür, eşidir, dinləyir və başa düşürük? Bu yazını oxuyanlardan bəlkə də kimiləri valideyn deyil. Ancaq hansısa uşağın qardaşı, bacısı, qardaşı oğlu, əmisi, əmisi oğlu, xalası, xalası qızı, müəllimi və ya qonşusuyuq. Bəs görəsən, onları dinləyirikmi? Uşaq deyir: "Ana, bax barmaqlarımla at düzəltdim!" Biz isə onun nə dediyinə əhəmiyyət vermədən: "Yeməyini yedin?" deyə soruşuruq. Uşaq həyəcanla deyir: "Ata, bu gün nə baş verdiyini bilirsən?" Biz isə cavab olaraq: "Gözlə, indi işim var" deyirik. Uşaq bacısından: "Birlikdə oynayaq?" deyə soruşur. Ancaq bu sual bacısının əlindəki telefondan o tərəfə keçə bilmir. Belə hallarda uşaqlar atalarının və ya analarının, bacılarının və ya qardaşlarının çənəsindən tutaraq onların üzünü özlərinə tərəf çevirməyə çalışırlar. Uşaqlar bu hərəkətləri ilə əslində: "Mənə bax, məni dinlə, mənə dəyər ver" demək istəyirlər.
Onlara ən yaxşı yeməkləri bişirir, gözəl paltarları alırıq. Onların ən yaxşı məktəblərdə təhsil almalarına çalışırıq. Ancaq həyatı onlarla bölüşmürük. Uşağa özünü izah etmək imkanı vermirik. Onların fikirlərinə, təcrübələrinə əhəmiyyət vermir, bacarıqlarından xəbərsiz qalırıq. Bizə özü haqqında danışmaq istəyəndə buna imkan vermirik. Uşaq da bu vəziyyət qarşısında öz daxili dünyasına qapanır, içinə qapandıqca dolur, dolanda da bir müddət sonra daşır. Ancaq onların həyəcanlandıqları şeylərə biz də həyəcanlansaq, onların dünyalarına daxil olub hadisələrə onların gözü ilə baxsaq, onların gözlərinin içinə baxaraq can qulağı ilə dinləsək, bu onlar üçün ən böyük şəfa olar.
Dinləmək uşaqları dəfələrlə qucaqlamağı, dəfələrlə əzizləməyi əvəz edən bir ünsiyyət vasitəsidir. Uşaqları dinləməkdə nə qədər ehmalkarlığa yol versək, aramızdakı əlaqəyə bir o qədər zərər vermiş olarıq.
Dinləmə bacarığına sahib olmağın təhsil həyatında da danılmaz yeri var. Dərs prosesində bilik əldə etmək üçün ən vacib qaynaq dinləməkdir. Şagirdlər dərs zamanı dinləyərək öyrənə biləcəkləri bir mövzunu dərs xaricində öyrənə bilmək üçün üç dəfə çox vaxt ayırmalıdırlar. Çünki müəllim sinifdə dərsi danışanda mövzunun ən həlledici tərəflərini xülasə bir şəkildə təqdim etməyə çalışır.
Həmçinin, məillım sinifdə dərs danışanda yazı taxtası, xəritə və digər əyani vəsaitlərdən istifadə edir ki, bu da mövzunu daha yaxşı anlamağa kömək edir. Bu da onların imtahana daha şüurlu şəkildə hazırlaşmalarına kömək edir. Bəzi mücərrəd mövzuları şagirdlər tək başına oxuduqda başa düşməkdə çətinlik çəkə bilərlər. Müəllim isə sinifdə həmin mövzuları şagirdlərə başa düşə biləcəkləri bir səviyyədə izah edir. Bu və digər xüsuslar isə sinifdə müəllimin izah etdiyi dərsi dinləməyin nə qədər vacib olduğunu göstərir.
Nəticə olaraq deyək ki, dinləmə qabiliyyətinə malik olan uşaqlar ətrafdakı hər kəslə sağlam ünsiyyət qurar, məktəbdəki uğurları artar, olduqları mühitdə sevilən və hörmətli insanlar olarlar. Həmçinin, insanlar arasında yaşanan ən mühüm problemlərdən birinin ünsiyyət problemi olduğunu nəzərə alsaq, dinləmək bacarığının nə qədər əhəmiyyətli olduğu məlum olar.
Fraza jurnalı,
Halim Mustafa
Tarix: 22-10-2022, 22:50