Dünyada ən iri silah istehsalçılarının ötənilki qazancı bəlli olub


Dünyada ən iri silah istehsalçıları 2021-ci ildə satışı artırmaqda davam ediblər.
“Report” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutu (SİPRİ) məlumat yayıb.
Qeyd olunub ki, 2021-ci ildə dünyada 100 ən iri hərbi sənaye şirkətləri tərəfindən həyata keçirilmiş silah və hərbi xidmətlər satışının həcmi 2020-ci illə müqayisədə 1,9 faiz artaraq 592 milyard dollara bərabər olub.
Beləliklə, 100 ən iri müdafiə şirkətinin həyata keçirdiyi satışın həcmi dalbadal yeddinci ildir ki, artıb.
Baxmayaraq ki, 2020-2021-ci illərdə silah ticarəti 2019-2020-ci illərlə müqayisədə (1,1%) daha yüksək artım nümayiş etdirsə də, ümumilikdə onun dinamikası pandemiyadan əvvəlki dövrdən aşağı - 3,7% səviyyəsində olub.
COVID-19 pandemiyası qlobal təchizat zəncirlərinə ciddi təsir göstərib, onların çoxu pozulub və Rusiya hərbi sənaye üçün mühüm xammal təchizatçısı olduğu üçün Ukraynadakı münaqişə də bu effekti artırıb.
Ən iri müdafiə şirkətləri reytinqinə daxil olmuş şirkətlərin 40-ı ABŞ ərzisində fəaliyyət göstərir. 2021-ci ildə reytinqdə təmsil olunmuş Amerika şirkətlərinin satdığı silahların ümumi həcmi 299 milyard dollara bərabər olub.
İlk yüzlüyə daxil 27 Avropa şirkətinin silah satışının ümumi həcmi 123 milyard dollar olub. Əksər Avropa şirkətləri aerokosmik sənayedə ixtisaslaşıb.
Asiya və Okeaniyadan olan 21 şirkət 2021-ci ildə ümumi satışları əvvəlki ilə nisbətən 5,8% artaraq 136 milyard dollar olmaqla ilk 100-lüyə daxil olub. Bu məbləğin 109 milyard dolları 2021-ci ildə 6,3% artım göstərən səkkiz Çin şirkətinin payına düşür.
İlk 100-lükdə təmsil olunan Cənubi Koreya şirkətlərinin ümumi satışları 2020-ci illə müqayisədə 3,6% artaraq 7,2 milyard dollar təşkil edib. Bu, əsasən “Hanwha Aerospace”dən silahların tədarükü ilə bağlı olub. O, həcmini 7,6% artıraraq 2,6 milyard dollara çatdırıb. Ukraynadakı münaqişə fonunda Polşa ilə böyük sövdələşmə bağlayan bu şirkətin növbəti illərdə satışlarının daha da artacağı gözlənilir.
Dünyanın 100 ən iri hərbi sənaye şirkətinin siyahısında Türkiyəni iki şirkət təmsil edib - “Aselsan” (56-cı yer) və “Turkish Aerospace” (84-cü yer) olub.
Tarix: 5-12-2022, 09:58
Xəbəri paylaş





Xəbər lenti