Xanın istefası


“Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıtdı. Aç gözlərini, gör haman təsbehdir, ya yox...”
(Mirzə Cəlil, “Xanın təsbehi” hekayəsindən)
Naxçıvan toylarında 30 ilə yaxın idi populyar xalq mahnımızı “Göydə bir ulduz var, adı Talıbovdur, Bəyin əmisi yaddan çıxıb qalıbdır” şəklində oxuyurdular, artıq biz bu tarixi qatladıq. Daha nə demək olar, əhsən, afərin, bravo. Dövlətçiliyimizin başı üzərində, bəlkə də ayağı altında dolaşan növbəti təhlükəli qara buludu qovduq, çıxdı getdi. Buna görə dövlət rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Zəngilan sakinləri adından, həmçinin.
Doğrudur, Vasif müəllimin xanimanının yıxılması boyu bir az elə bil uzun çəkdi. 27 il - dəqiqləşdirdim. Yoxsa görürsən hamı “30 il” yazır. 3 il də az müddət deyil. İsveçrədə 3 ildə 3 prezident dəyişirlər. Hər halda, gec olsun, güc olsun. Vasif müəllimi haçan istefaya göndərsək o qədər qazancdır. Hamı üçün. Şəxsən mən hava şəraiti düzələn kimi Naxçıvana uçmaq fikrindəyəm. Nuhun qəbrini ziyarət edəcəyəm - nəzirim var.
Hamıya sərfəlidir söhbəti ciddi söhbətdir. Məsələn, deyir Vasif müəllim orada marketlər zəncirini açmağa icazə vermirmiş. Ancaq öz dükanları işləyirmiş. Bu isə açıq-aşkar monopoliyadır. İqtisadi siyasətimizə ziddir. Qara iqtisadiyyatdır. Kölgə iqtisadiyyatıdır. Nəinki dükanlar, hətta banklar da Naxçıvanda öz şöbələrini aça bilmirmiş. Dəhşətdir. İnsan hüquqlarına vurulan zərbələr isə saydıqca qurtarmır. Təsəvvür elə, jurnalistləri Bakıdan əkişdirib Naxçıvana aparırdılar. Söz azadlığı yalnız Vasif müəllimin danışmasına icazə verirmiş. Sərbəst toplaşma azadlığı yox idi. Naxçıvanda iki adamı küçədə yanaşı görəndə üçünü də tuturdular - görən də daxil olmaqla. Bu baxımdan Bakıda vəziyyət, əlbəttə, çox yaxşıdır. Bakıda 3 nəfərə qədər yığışmağa icazə var. Hətta son vaxtlar camaat avtobus dayanacaqlarında bəzən 90-100 nəfər toplaşır, buna heç kimin sözü olmur. Tam azadlıqdır. İstəsək avtobusun qapısından sallanıb gedirik. Buna görə də dərin minnətdarlığımızı bildirirəm.
Naxçıvan Ali Məclisinin 45 üzvü var, Vasif müəllimin istefa ərizəsinin qəbulu iclasında 38 nəfər iştirak edirdi - fotolardan belə görünürdü. Bu isə növbəti avtoritarizm örnəyidir. Bəs qalan 8 nəfər hanı? Lap bunun biri Vasif müəllimin özüdür, səhhəti iclasa gəlməyə qoymayıb, ikincisi də iki il qabaq rəhmətə gedən deputatdır. 6 nəfəri hara yozaq? Bəlkə onları tutublar? Təklif edirəm bu istiqamətdə araşdırma aparılsın. Bəlkə Vasif müəllim 6 deputatı bişirib yeyibdir?
Ümumiyyətlə, sədrin səhhət üzündən istefaya çıxması müxtəlif güman və versiyalara üz tutmağımıza şərait yaradır. Görəsən, onun xəstəliyi nədir? Bəlkə koronavirusa yoluxmuşdur? Elə bu səbəbdən son iclasa gəlməyibdir? Bəlkə onu karantində saxlayırlar? Düşündürücü amillərdir.
İran, Rusiya, Fransa, Cibuti, Burundi kimi dövlətlərin Vasif müəllimin istefasına qəsdən münasibət bildirməməsi də dünən müşahidəçilərin diqqətindən yayınmamışdır. Axı onlar bölgəmizdə az qala pişik asqıranda da bəyanat verirlər, bütün daxili işlərimizə qarışmağa çalışırlar. İndi isə razı qalmış kimi susurlar. Yəqin bunu diplomatiyamızın növbəti uğuru şəklində qələmə, klaviaturaya, mikrofona, kameraya, internetə, tik-toka və başqa toklara vermək olar. Açıq hiss olunur ki, Vasif Talıbovun istefası bütün region dövlətləri ilə öncədən razılaşdırılmışdır.
İstanbula, Bakıya, Moskvaya, Berlin və Praqaya qaçmış naxçıvanlılar isə ana yurda geri dönəcəkdir. Naxçıvanın yenidən inkişafı başlanacaqdır. Artıq biz bütün bölgələrimizin yenidən inkişafına öyrəncəliyik, bircə Naxçıvan yenidən inkişaf eləmirdi, ora həmişə inkişaf eləyirdi. Yenidən inkişaf vacibdir.
Nəhayət, Qars müqaviləsinin mətnindən Vasif Talıbovun adını çıxarmaq vaxtı yetişmişdir. Bir də yanılmıramsa, bu, Azərbaycanın qədim tarixində ilk xan istefasıdır. Əsl demokratiyadır.
Tarix: 22-12-2022, 09:34
Xəbəri paylaş





Xəbər lenti