Sosial şəbəkələr üzərindən ailə quranların izdivacı nə qədər UĞURLUDUR? – Psixoloqlardan maraqlı YANAŞMA




Son vaxtlar Azərbaycanda da sosial şəbəkələr və evlilik saytları üzərindən ailə quranların sayında artım müşahidə edilir. İnternet cütlüklər üçün əlverişli mühitə, həm də bir tələyə çevrilib.

Necə ki, internet ailələrin dağılmasında katalizator rolunu oynayır, eləcə də bu platforma üzərindən izdivacların təməli qoyulur. Hətta günümüzün adi halına çevrilib desək yanılmarıq. 

Maraqlıdır, evlilik saytları və ya proqramlarından, sosial şəbəkələr üzərindən ailə quranların izdivacı nə qədər uğurlu alına bilər? 

Siam.az bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova hesab edir ki, ailə quran cütlük bir-birini sevərək izdivaca girməlidir. Əks halda nikah o qədər də uğurlu alınmaz:

“Bu gün ortalığa məntiq evliliyini atııblar. Məntiq evliliyi isə daha çox pul üzərində qurulan evliliklərdir. Qızların əksəriyyəti gələcəkdə özünü maddi baxımdan tam təmin etmək üçün özlərindən yaşca və təbəqəcə qat-qat üstün insanlarla ailə qururlar. Xüsusilə qadınlar ataları və babaları yaşda kişi ilə ailə qururlar. Sonra baxırıq ki, çox qısa bir müddətdə bu evliliklər sona çatır. 

Nikahda yaş fərqi böyük bir faktordur. Cütlüklərin arasında yaş fərqi çox olarsa, onların dünyagörüşü, həyata və intim baxışı da uyğunlaşmaz.

Çünki yaş artıqca, cinsi zəiflik ortaya çıxır.”Pul varsa, məntiq evliliyi qurmaq lazımdır” fikri ilə razılaşmıram. Məntiq evliliyi ilə qurulan ailələrin boşanma faktorunda xəyanət dayanır. Yəni məntiq evliliyinin sonu xəyanətdir. Çünki məntiq evliliyi xəyanətə aparan yoldur”. 

Psixoloq Azərbaycandakı evlilik proqramlarına da toxunub. O, deyib ki, aparıcıların evlilik proqramına üz tutub gələnləri tənqid, təhqir etməsi, onları qınaq obyektinə çevirməsi düzgün deyil: 

“Efirdə ailə quranlara pis baxmıram. Sadəcə olaraq əqli qüsurlu və zehingəl əngəlli insanların evlənməsi düzgün deyil. Efirdə də bu cür insanları evləndirmək istəyirlər. Onların tək qalmaması üçün ailə qurmaları normaldır, amma övlad dünyaya gətirməsələr yaxşıdır.
Gələcəyə əqli geriliyi olan, xəstə, ruhsal və psixoloji problemli insanlar lazım deyil. Bu cür insanlar nə hərbi xidmətə yararlı olur, nə də valideyn kimi övladlarına sahib çıxa bilirlər. 

Qaldı ki, sosial şəbəkələr üzərindən evliliyə, artıq dövr dəyişib və bu, normal qarşılanmalıdır. Əvvəllər oğlanla qız bulaq başında, toyda və hamamda tanış olardılar. İndi isə bu məkanları sosial şəbəkə və evlilik proqramları əvəz edib. Bəzi geridüşüncəli valideynlər “oğlum qızla internetdə tanış olduğu üçün icazə vermərəm” deyir. 

Cütlüyün toyda tanış olması ilə internetdə bir-birlərini tanınması arasında nə fərq var? Əsas odur ki, ailə quracaq insan psixoloji, maddi, fiziki yükü daşımaq durumunda olsun. Qızın yaşı 25-i keçib, 30-a və ya 35-ə çatıb deyə ailə qurmaq tələbi olmamalıdır. O, evliliyə psixoloji olaraq hazır olmalıdır. 

Ana ilə övladın yaş fərqi 18-i aşmalıdır ki, gənclik dövrünü keçmiş olsun və övladının məsuliyyətini daşıya bilsin. Amma bu gün baxırıq ki, 16-17 yaşında qızlar ana olur. Bioloji və anatomik olaraq qadın 22 yaşından sonra ana olanda daha uğurlu valideyn olur. Bizim qanunlara 18 yaşdan nikaha girməyə icazə var deyə, bəzi qızlar sanki o yaşı gözləyirlər. Bölgələrdə bu yaşı belə gözləyənlər yoxdur”.

Psixoloq Fərqanə Mehmanqızının fikrincə, izdivacın uğurlu alınması cütlüyün harada tanış olmasından asılı deyil:

“Bu gün sosial şəbəkələr insanların həyatının 80 faizini təşkil edir. Sosial şəbəkədə tanış və dost olmaq, münasibət qurmaq artıq adiləşib. Bu baxımdan sosial şəbəklərdən tanış olub evlilik etmək normaldır.

Bir çox məqamlarda hətta insanı işə götürəndə onun sosial şəbəkələrdəki fəaiyyətinə nəzər yetirir və fikir yürüdürlər. İzdivacın uğurlu alınması cütlüyün harada tanış olmasından asılı deyil. 

Faktlar da onu göstərir ki, bu, belədir. Nikahın uğurlu olması insanların bir-birinə münasibətindən, evliliyə və ya münasibətə baxışından asılıdır. Əlbəttə ki, bu məsələdə insanların öz həyatında aldıqları travmalar da ciddi rol oynayır”. 
Tarix: 14-07-2023, 09:53
Xəbəri paylaş





Xəbər lenti