NASA avqust ayında UNO-larla bağlı hesabatını açıqlayacaq
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) avqust ayında uçan naməlim obyekt (UNO) müşahidələri ilə bağlı hesabat dərc edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Argentinaya səfəri zamanı departamentin rəhbəri Bill Nelson bildirib.
“Mən NASA-nın rəhbəri kimi qərar verdim ki, hörmətli elm adamlarından ibarət bir komitə təyin edim. Çünki yadplanetlilər mövzusunda insanların çoxlu şübhələri var. Hazırda mütəxəssislər bunun üzərində işləyirlər və gələn ay ictimaiyyət üçün hesabat dərc edəcəklər”, - deyə o, ABŞ Konqresində UNO məsələsinin müzakirə olunduğu dinləmələrlə bağlı jurnalistin sualını cavablandırıb.
“Onlar bu hadisələri müəyyən etmək üçün elmi sensorlarımızdan istifadə edəcəklər. Ona görə də gələn aya qədər gözləyin və bilgimiz daxilində bütün suallarınıza cavab ala biləcəksiniz”, - deyə Nelson əlavə edib.
Çərşənbə günü ABŞ kəşfiyyatının keçmiş rəsmisi Devid Qraş Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin dinləmələrində Birləşmiş Ştatların onilliklər ərzində UNO-ları aşkar etmək və öyrənmək üçün proqramı gizlətdiyini söyləyib. Onun sözlərinə görə, Vaşinqton 1930-cu illərdən “yerdənkənar” fəaliyyətin mövcudluğundan xəbərdar olub. Qraş etiraf edib ki, ona UNO-larla işləmək üçün proqramlara giriş qadağan edilib, lakin o, “qeyri-insan” mənşəli uçan obyektlərin mövcudluğundan xəbərdar olan rəsmilərlə şəxsən danışıb.
İlin əvvəlində ABŞ kəşfiyyatı naməlum uçan obyektlərlə bağlı hesabatların sayında artım müşahidə etdiyini bildirib və onların təhlükəsizlik baxımından ətraflı təhlilinin vacibliyini qeyd edib.
Tarix: 28-07-2023, 08:42