Foto: renglenmistarix
Qrafik dizayner və vizual sənətkar Rəsul Həsən ətraf mühitin memarlıq abidələrinə və ümumiyyətlə insana təsiri haqqında sosial media hesabında fikir bildirib. O, köhnə Dəmir Yolu Vağzalının binasını misal çəkib.
“Köhnə Dəmir Yolu Vağzalının binasının qarşısı çox qeyri-səmərəli, qeyri-estetik və aqressiv şəkildə istifadə olunur. Lakin insanların sıx olduğu bu ərazi daha gözəl, park tipli piyada zonasına çevrilə bilər”-deyən Rəsul Həsən qeyd edib ki, 1880-ci ildə tikilmiş binanın fasadının üzərindəki reklam lövhələri də orada çox eybəcər görünür.
köhnə Dəmir Yolu Vağzalının binası / Foto: valiya.igP.S. Bakıda sadəcə Dəmiryolu Vağzalının binası deyil, bir çox binaların qarşısı bu vəziyyətdədir. Səbəb isə çox sadədir. Zamanında paytaxtda yeniləmə, yeni binaların tikintisi və bərpası adı altında o qədər bina tikilib ki, avtomobil yolları daralıb. Bu gün paytaxtda olan tıxacın səbəbi də məhz bu binaların necə oldu tikilməsidir.
Çox gözəl xatırlayıram 2016-cı ildə Nazirlər Kabineti 86 saylı qərar verərək, Bakıda olan bütün “istismar müddəti bitmiş” binaların fatihəsini verdi. Bu qərardan istifadə edən işbazlar, icra hakimləri və məmurlar da, faydası oldu-olmadı, köhnə binaları sökərək yeniləri ilə əvəzlədilər. Bu əvəzləmə zamanı təbii ki, avtomobil yollarına da "müdaxilə" olundu.
Bu gün, məhz bu səbəbdən tarixi binaların, önəmli qurumların qarşısı avtoparka çevrilib. Çünki şəhərdə yer qalmayıb. Bölgələrdən paytaxta axın problemini də bu məsələyə əlavə etsək, şükr etməliyik ki, bu kimi binaların qarşısında avtomobil saxlamağa yer var.
Bu insanlara təsir edirmi? Təbii ki, edir. Amma qəbul edək ki, saatlarla tıxacda ilişib qalmaqdansa və yaxud yolun kənarında avtomobili saxlayıb, yoxa çıxıb, digər hərəkət iştirakçılarının hərəkətinə mane olmaqdansa, belə avtoparkların və avtomobil dayancaqlarının salınması daha məqsədə uyğundur…
Nə edək ki, qərarı verənlər zamanında düşünülməmiş, ölüçülüb biçilməmiş və yaxud bilərəkdən belə bir qərara imza atıblar…
Bu gün Bakı o qədər dolub ki, bəzən bir gün yerindən sürüşəcəyini düşünməmək mümkün deyil. Avtopark nədir ki...
Bizimyol.info
Tarix: 13-08-2023, 22:51