Viza müraciətlərinə ən çox müsbət və mənfi cavab verən Avropa ölkələri
Türkiyə vətəndaşlarının ən çox gedib-gəldiyi Avropa ölkələrindən biri, bəlkə də birincisi Almaniyadır. Çünki bu ölkədə milyonlarla Türkiyə vətəndaşı yaşayır. Həm onların özləri mütəmadi ölkələrinə gedib-gəlir, həm də qohumları, dostları. Bu ilin mayında Türkiyədə keçirilən son prezident və parlament seçkiləri zamanı açıqlanmışdı ki, Almaniyada səs vermək hüququ olan 1,5 milyon Türkiyə vətəndaşı rəsmi qaydada yaşayır. Almaniyada yaşayan türklər, onların yaxınlarından əlavə, bu ölkəyə səyahət, biznes və s. məqsədlərlə üz tutanların sayı da kifayət qədər çoxdur. Məlum olur ki, Almaniya Türkiyə vətəndaşlarına vizanı heç də asan vermir. Əksinə, son vaxtlar türklərin Avropa Birliyi ölkərinə viza üçün müraciətləri arasında ən çox rədd cavabı aldıqları ölkə məhz Almaniya olub.
Bizimyol.info xəbər verir ki, ümumiyyətlə, son vaxtlar Türkiyədən Avropa Birliyi ölkələrinə viza müraciətlərinə rədd cavablarının cayı artıb. Keçən il Almaniya Türkiyədən viza müraciətlərinin 40 faizinə imtina cavabı verib. Bu ölkənin Türkiyədəki diplomatik təmsilçiliklərinə gələn 120 min 876 viza müraciətinə baxaraq, 48 mindən çox ərizə sahibinin müraciətini rədd etmətlə, ən çox viza imtinası verən ölkə olub. Yunanıstan 164 min 829 viza ərizəsinin təxminən 16 minini rədd edib. Yeri gəlmişkən, Yunanıstan türklərin viza üçün ən çox üz tutduğu Avropanın 4 ölkəsindən biridir. Ən az rədd cavabını da bu ölkənin səfirliyi veribmiş... Ümumiyyətlə, türklərə ən az rədd cavabı verən ölkələr 7,6 faizlə Lüksemburq və 7,93 faizlə İtaliya olub.
Xatırladaq ki, Almaniyaya Türkiyə vətəndaşlarının köçü 1961-ci ildən başlayıb. İkinci Dünya müharibəsindən sonra Almaniya ölkənin inkişafı üçün bir sıra addımlar atmağa başlayıb. Lakin o zaman kifayət qədər işçi qüvvəsi olmadığına görə qərara gəliblər ki, problemi əcnəbilərin hesabına həll eləsinlər. Türkiyə və Almaniya arasında müqavilə imzalanıb və həmin sənədə əsasən, türklər 1961-ci ildə işləmək üçün Almaniyaya gedib.
Tarix: 16-08-2023, 23:12