Jurnalist Xəqani Səfəroğlu aşbaz Təvəkkül Abbasovla bağlı "Facebook" hesabında paylaşım edib. Yenisabah.az xəbər verir ki, jurnalist məmurların, Kulinariya İttifaqı, Turizm Agentliyinin aşbaza qarşı daha diqqətli olmalarını vurğulayıb.
Xəqani Səfəroğlu qeyd edib ki, Təvəkkül Aslanovun bu məharətindən ölkənin kulinar mədəniyyəti üçün istifadə etmək lazımdır.
Statusu olduğu kimi təqdim edirik:
"Bu kişi aşbaz Təvəkkül Abbasovdur. Qəbələ rayonunun Qəmərvan kəndində yaşayır.
Elə-belə aşbaz deyil. Bütün dünyada tanınır. Bişirib "Youtube"da yerləşdirdiyi yemək görüntüləri müxtəlif ölkələrdə yaşayanların ağzının suyunu axıdır. Fenomendir.
Şəhifəsini 5 milyon adam izləyir. ABŞ-dan, Avropa ölkələrindən, Asiyadan, Şərqdən...Balıqdan hazırladığı bir yeməyinə 50 milyon baxış olmuşdu.
Təvəkkül hazır "kulinar səfirdir". Başqa ölkədə olsaydı indi onun adını brend kimi yaradıb böyük bir şəbəkə qurardılar. Türk aşbaz Nüsrət kimi...
"Qida bir silahdır"- Kissincer belə deyib.
Xalqın süfrə mədəniyyəti həm də dövlətin dünyada təbliği üçün unikal imkandır. Təvəkkülün brendi qida turizminin təbliğində, dünya ölkələrində Azərbaycan mətbəxinin bir şəbəkəsinin qurulmasında yardımçı ola bilər.
Bilmirəm, məmurların, Kulinariya İttifaqı, Turizm Agentliyinin bu kişidən xəbəri varmı?
Təvəkkül Aslanovun bu məharətindən ölkənin kulinar mədəniyyəti üçün istifadə etmək lazımdır.
“Alyaskada divanda oturub Azərbaycandan olan kişinin dağda necə balıq bişirməsinə baxıram. Əladır” - deyə videonun altında biri şərh yazıb.
Bizə isə baxmaq yox, hərəkət eləmək lazımdır".
Tarix: 19-08-2023, 22:53