Bərabərhüquqlu ölülər məmləkəti – Naxçıvan MR (4-cü növ respublika)



Bildiyimiz kimi, respublika bir idarəetmə formasıdır və onun 3 növü var:
  1. Prezident respublikası;
  2. Parlament respublikası;
  3. Qarışıq respublika – yəni özündə həm prezidentli, həm də parlamentli idarə formasının ünsürlərini birləşdirir.
 
Naxçıvan Muxtar Respublikası da adından göründüyü kimi, bir respublikadır. Bəs onu respublikanın hansı növə aid edə bilərik?
 
Çox özünüzü yormayın, “xan” həzrətlərini mənim qədər yaxşı tanımadığınızdan bu sualın cavabını da tapa bilməzsiniz. Elədirsə, icazənizlə, mən deyim; bu gün bəzilərinin intizarını çəkdiy Vasif Talıbov “həzrətləri” öz əsrarəngiz qabiliyyəti ilə Naxçıvanda dünya siyasi idarəetmə tarixinə düşəcək 4-cü növ respublika təsis edə bilməmişdi – meyit respublikası. Çünki burda dirilər yox, yalnız ölülər bərabər hüquqlara malik idi: hər birinin üzərinə eyni ölçüdə baş daşı qoyula bilər. 
 
Görünür, Naxçıvan MR adının abreviaturunu biz bu zamana qədər yanlış oxumuşuq. O, Naxçıvan Muxtar Respublikası yox, Naxçıvan Meyitlər Respublikası oxunmalı imiş.
 
Tanınmış şair Kəmaləddin Qədim də hələ 2017-ci ildə Naxçıvanın bu cahan-şümul özəlliklərini tərənnüm edərək yazırdı:
 
“Adamlar eynidir dözümdə, tabda,
Artıq səbirləri bərabərləşib.
Söküb dağıdıblar, dirilərindən
əvvəl qəbirləri bərabərləşib”.
 
Şairin 2017-ci ildə qələmə aldığı “Naxçıvan etüdləri”ni təqdim edirik.
 
1.
 
Hər adı gələndə ürəyim əsir,
Hələ dəlisiyəm, divanəsiyəm.
Uzaqdan-uzağa dönüb-dururam,
Uzaqdan-uzağa pərvanəsiyəm.
 
Qurban kəsilsəm də gündə min kərə,
Hələ torpağına, daşına qurban;
Mən adlı qurbana məhəl qoyan yox,
Boşuna qurbanam, boşuna qurban...
 
2.
 
Nizamlı-düzümlü burda nə varsa,
Gül-gülü çağırır, çiçək-çiçəyi.
Üst qatı cənnətdi, alt qatı dərddi,
Necə tapdalayaq, keçək çiçəyi?..
 
3.
 
Ölçülü-biçili burda nə varsa,
Nə var xoş görünür hələ ki burda.
Darıxır, göynəyir tək bir adamlıq,
Yaman həsrət çəkir Kələki burda...
Yaman bağlayıblar bərəni-bəndi,
Dindir, ağızların şəkəri, qəndi...
Nə var boyası bir, nə var rəngi bir,
Bir özgə oyun yox, bir özgə fənd yox.
Burda iqtidar var Naxçıvan boyda,
Bir küçə boyda da müxalifət yox...
Kimin nə həddi var çıxa özündən,
Kimin nə həddi var aşa çənbəri.
Burda çıxarıblar Rəsulu yaddan,
Siliblər gündəmdən İsa Qənbəri.
Əli Kərimlimi?
Elə bəndə yox,
Adını dilinə gətirən də yox.
Atəşə dönməyə, alov olmağa
Hardasa bir çınqı közlük də yoxdu.
Piket də, yürüş də dillərdən düşüb,
Heç mitinq kəlməsi sözlükdə yoxdu.
Adamlar eynidi dözümdə, tabda,
Artıq səbirləri bərabərləşib.
Söküb dağıdıblar,
dirilərindən
əvvəl qəbirləri bərabərləşib.
Utanıb, qızarmır bu eynilikdən;
Göylərə dirənən bürclə, sarayla
fərqlidi kasıb yurd, yuvalar burda.
Fərqlidi, xəlvəti, gizli də olsa
Tanrıya tuşlanan dualar burda.
Bu gülün-çiçəyin arasındaca,
Gözlərin ağında, qarasındaca
Ağrının-acının, dərdin-kədərin
Uca qədd-qaməti, boyu görünür.
Ortada adı yox Məlikməmmədin,
Amma ip görünür, quyu görünür.
Təkcə bir armudun başında deyil
Ayının min cürə oyunu burda.
Etibar başqadı, sevgi başqadı,
Tapşırıb gediblər quzunu qurda.
4.
Nizamlı-düzümlü burda nə varsa,
Gül-gülü çağırır, çiçək-çiçəyi.
Üst qatı cənnətdi, alt qatı dərddi,
Necə tapdalayaq, keçək çiçəyi?..
 
14 may 2017

//Ovqat.com//
Tarix: 20-08-2023, 08:49
Xəbəri paylaş





Xəbər lenti