Bu və ya digər tarixi şəxsiyyətin, ya da alimin həyatı haqqında təxminən bu formatda yazılar təqdim etməklə yanaşı, texnologiyanın verdiyi imkanlarla da fərqli təqdimatlar etmək mümkündür. Əlbəttə, bir fikrin və ya məlumatın yazı formasında qarşı tərəfə çatdırılması hər zaman əhəmiyyət daşıyır. Ancaq bununla yanaşı fikirləşirəm ki, bu günə qədər Baba Nemətullah Naxçıvaninin fikirləri, əsərləri və həyatı haqqında sanballı elmi araşdırmalar aparmış həm türkiyəli, həm də yerli tədqiqatçı alimlər var ki (məsələn,
Yaşar Kurt, Orxan Musaxanov,
Əli Çoban,
Əli İhsan Türcan və s. kimi), məhz onlardan alınmış müsahibələr əsasında sənədli bir film hazırlamaq və onun adını daha böyük kütlələrə çatdırmaq çox yerinə düşərdi. Belə əhəmiyyətli və məsuliyyətli bir işi ümid edirəm ki, televiziya kanallarından biri nə vaxtsa, öz üzərinə götürəcək. Hətta sənətin dilindən istifadə edərək, məsələn, bizi Naxçıvaninin yaşadığı dövrlərə aparacaq, bizi onunla birgə Naxçıvandan Təbrizə, oradan da Akşehirə səyahət etdirəcək, içərisində həm Naxçıvandan, həm Təbrizdən, həm də Akşehirdən səhnələrin olduğu geniş aktyor heyətinə malik filmin çəkilməsi də alimin elmi irsinin daha geniş kütlələrə çatdırılması baxımından böyük xidmət olardı.
Bir alim və üç şəhər...Şeyx Əlvan, Baba Nemətullah, Nemətullah Sultan və Baba Nemət kimi ad və təxəllüslərlə tanınan Baba Nemətullah Naxçıvani o dövrdə elm şəhəri kimi məşhur olan Naxçıvanda dünyaya gəlmişdir. Həyatını daha çox Naxçıvanda, sonra isə Təbrizdə və Akşehirdə keçirmişdir. Gənclik dövrünü Naxçıvanda keçirsə də, sonra Təbrizə getmiş və orada olduğu dövrdə işari təfsir cəhətdən çox qiymətli olan iki cildlik tərcümə və təfsirini qələmə almışdır. Təbrizdə bir çox elm adamları ilə qarşılaşmış, Xəlvəti şeyxi Ömər Rövşəni ilə görüşmüş, ondan mənəvi dərslər almışdır. Ancaq Naxçıvanda və Təbrizdə baş verən bir sıra ictimai-siyasi qarışıqlıqlar onu daha dinc bir mühit olan və o vaxtlar Diyari-Rum adlanan bölgəyə, Akşehirə köçməyə sövq etmişdir. Naxçıvaninin bir alim kimi Təbrizdən ayrılaraq Osmanlı torpaqlarına getməsini günümüzün ifadəsi ilə beyin axını, intellektual köç və ya hicrət də adlandıra bilərik.
Naxçıvaninin 1487-ci ildə Təbrizdə ölüm döşəyində olan xəlvəti şeyxi Dədə Ömər Rövşənini ziyarət etdiyinə dair məlumatlar olsa da, Naxçıvandan Təbrizə neçənci ildə getdiyi barədə hər hansı məlumat yoxdur. Əsərlərində sufilik və ya təsəvvüf yönü qabarıq olan Naxçıvaninin Nəqşibəndiyyə təriqətinə mənsub olduğu deyilir. Belə ki, "Silsilətut-Turuq fit Təsəvvuf" əsərində Nemətullah Naxçıvaninin adı Nəqşibəndiyyə təriqətinin mühüm simalarından Ubeydullah Əhrarın (1404-1490) müridləri arasında çəkilir.
Azərbaycanın Türkiyədəki sabiq fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim (solda) və Akşehir Bələdiyyə Başçısı Salih Akkaya (sağda) Akşehirdə Baba Nemətullah Naxçıvaninin qəbrini ziyarət edərkən (2018). Bu ziyarət zamanı Baba Nemətullah Naxçıvaninin 500 il əvvəl qələmə aldığı məşhur təfsir əsəri Naxçıvaninin qəbri başında sabiq səfirə bələdiyyə başçısı tərəfindən hədiyyə edilmişdir.İşari məna ilə Quran təfsiriTəfsir tarixində Quran ayələrinin əvvəldən axıra qədər işari metodla təfsir edildiyi ilk təfsir Naxçıvaniyə aid edilsə də, əslində, o hər ayəyə işari məna verməyə çalışmamışdır. Üstəlik, belə bir metodu Quranın bütün ayələrinə şamil etmək də mümkün deyil. Naxçıvaninin buradakı ən bariz xüsusiyyəti zahiri məna ilə işari mənanı bir arada və məzc edərək verməsidir. O, ayələri təfsir edərkən təsəvvüfi izahlar gətirmiş, ancaq zahiri mənadan da ayrılmamışdır. Quran ayələrini işari məna ilə təfsir edərkən zahiri mənanı tamamilə diqqətdən kənarda qoymaq təfsirdə sapmalara, təhriflərə, hətta mübaliğələrə gətirib çıxara bilər. Bu baxımdan ayələri işari metodla təfsir edən sufi alimlər verdikləri bu mənanın ayənin zahiri mənasına zidd olmamasına çalışmış, məntiqi əsasa malik olmasına diqqət yetirmişlər.
Quran ayələrini izah və şərh edərkən qəlbə gələn bir ilhamın doğruluğunu iki adil şahidlə, yəni, Quran və hədislə təsdiq etmədikcə, onu doğru qəbul etməmək sufi alimlərin ümumi görüşü və prinsipi olmuşdur. Bu mənada işari təfsirə müraciət edən sufi alimlər zahiri təfsiri inkar etməmişlər. Hətta işari təfsir zahiri təfsirin əvəzedicisi və ya alternativi kimi də təqdim olunmamışdır.
Təfsirində heç bir mənbədən istifadə etməməsi...Baba Nemətullah Naxçıvani yaxşı mədrəsə təhsili almış, İslami elmlərə dərindən yiyələnmişdir. Xüsusilə, "Fəvatihül-ilahiyyə vəl məfatihül qeybiyyə" adlı təfsiri onun elminin bariz nümunəsidir. Naxçıvaninin bu təfsiri qələmə alarkən başqa bir mənbəyə istinad etmədiyini bəyan etməsi isə təfsirin dəyərini daha da artırır. Bu cümlədə məqsəd odur ki, təfsirin yazılma mərhələsində müəllifin yanında konkret hansısa əsər olmayıb. Əks halda, müəllifin təhsil həyatı boyu oxuduğu kitablardan, əzbər bildiyi elmlərdən əldə etdiyi məlumatlar təbii ki, onun bu təfsir çalışmasında öz əksini tapır.
Baba Nemətullah Naxçıvani təfsir əsərini Təbrizdə qələmə almağa başlamış və 1497-ci ildə Ramazan ayında tamamlamışdır. Nəqşibəndiyyə təriqətinə mənsub olan Naxçıvaninin bütün əsərlərində mənsubu olduğu təriqətin izlərini görmək mümkündür.
Professor Yaşar Kurtun 1998-ci ildə qələmə aldığı “Nimetüllah Nahcivani ve tasavvufi tefsiri” başlıqlı elmi əsəri Azərbaycan dilinə “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” başlığı ilə tərcümə edilmişdir.Təfsirində dövrünü aşan məlumatlar verməsi...Baba Nemətullah Naxçıvani bir təfsir əsəri qələmə alsa da, onun bu əsəri dəqiq elmlər baxımından da çox maraqlıdır. Beş yüz il əvvəl Ayın işığını Günəşdən aldığını, Günəş təqvimi ilə Ay təqvimini qarşılaşdıraraq, aralarındakı fərqin hər yüz ildən bir üç il olduğunu, yağışın qatılaşmış buxardan və ağırlaşan buluddan meydana gəldiyini, hətta dağların hərəkətdə olduğunu söyləməsi də böyük maraq doğurur. Xüsusilə, Nikolay Kopernikdən (1473- 1543) əvvəl dünyanın yuvarlaq olduğunu və Günəş ətrafında fırlandığını söyləməsi də o dövr üçün çox dəyərli məlumatlardır.
Nə üçün ona "baba" ləqəbi verilmişdi?"Baba" sözü türk və fars dilində "ata" mənasında işlədilir. Sufilər şeyxi dərvişin mənəvi atası hesab etdikləri və dərvişin təriqətə daxil olmasını ikinci doğuş kimi qəbul etdikləri üçün ona "baba" deyirdilər. Tarixi mənbələrdə o dövrdə Təbrizdə yaşayan və "baba" ləqəbi daşıyan 70 dərvişin olduğu qeyd olunur. Baba Nemətullah Naxçıvani də bu ləqəblə tanınan böyük sufi və mütəsəvviflərdən biridir.
Əsərlərini hansı dildə qələmə almışdı?Yaşadığı Naxçıvan, Təbriz və Akşehirin tarixi türk torpaqları olması, İran mənbələrində iranlı olanların xüsusilə qeyd edilməsinə baxmayaraq, ondan bəhs edilərkən milliyyətinin qeyd edilməməsi Baba Nemətullah Naxçıvaninin türk soylu olduğuna dəlalət edir. Sadəcə olaraq, o dövrdə elm dili ərəb dili olduğu üçün digər türk mənşəli alimlər əsərlərini ərəbcə və ya farsca qələmə aldıqları kimi Baba Nemətullah Naxçıvani də əsərlərini, o cümlədən öz işari təfsiri olan "Fəvatihül-ilahiyyə" əsərini ərəb dilində qələmə almışdır. Təfsirin 1498-ci ildə tamamlandığını nəzərə alsaq, onun bu günkü ərəb dili ilə deyil, beş əsr əvvəlki ərəb dili ilə yazıldığını anlayarıq. Bu səbəbdən də, Naxçıvani təfsirində bəzi qədim ərəb sözlərini işlətmişdir. Lakin buna baxmayaraq bəlağət və fəsahətlə dolu olan bu əsər təfsir, təsəvvüf, həmçinin, başqa dini elmlər sahəsində olan şəxslər üçün də mühüm bir əsərdir. Son illər Kayseridə imam-xətib liseyində müəllim kimi fəaliyyət göstərən Əli İhsan Türcanın Naxçıvaninin təfsir əsərini ərəb dilindən türk dilinə "Naxçıvani Təfsiri" adı ilə tərcümə etməsi də bu baxımdan çox maraqlı faktdır.
Dövründə yaşanan sosial hadisələrə münasibət bildirməsi...Naxçıvanidən təxminən yarım əsr sonra yaşayan Osmanlı alimi Taşköprüzadə çox dəyərli təfsir əsəri, həmçinin, bir çox başqa dəyərli əsərləri olmasına baxmayaraq, alim haqqında çox az məlumat olmasını onun yoxsulluğu var-dövlətdən üstün tutmasında və şan-şöhrətdən qaçaraq gizlənməsində görür. Taşköprüzadə Naxçıvani haqqında "O özünü gizləməyi sevirdi" ("Kənə yuxfi nəfsəhu") ifadəsini işlədir. Naxçıvani əsərlərində rüşvət müqabilində fətva verən və dünyəvi işlərin arxasınca gedən fəqihləri, müsəlmanları bidətlərə, batil inanclara sürükləyən saxta şeyxləri də sərt şəkildə tənqid edirdi. Çünki Naxçıvani təfsirini qələmə aldığı dövdə sadalanan bu hadisələr bütün canlılığı ilə yaşanırdı. Naxçıvani də öz dövründə yaşanan bu cür sosial hadisələrə diqqət çəkir, öz münasibətini bildirirdi.
Təbrizdən Akşehirə köç etməsi...Ehtimal olunur ki, Naxçıvani Ağqoyunlu hökmdarı Sultan Yaqubun ölümündən sonra taxt-tac davalarına səhnə olan, həmçinin, Səfəvilərin hücumlarına məruz qalan Təbrizi tərk etmək məcburiyyətində qalmış və 1499- cu ildə Anadoluya gəlmişdir. O dövrdə Karaman vilayətinə, günümüzdə isə Konyaya bağlı olan Akşehirdə məskunlaşmış, vəfat tarixinə qədər 15 il irşad fəaliyyəti ilə məşğul olaraq 1514-cü ildə burada dünyasını dəyişmişdir. Naxçıvaninin əsərlərinin demək olar ki, hamısı təsəvvüflə bağlı olsa da, fiqh, hədis, fəlsəfə, kəlam, əqaid və s. kimi müxtəlif elm sahələrinə aid məsələlərə də toxunmuşdur. Hazırda Türkiyədə, Akşehir şəhərində küçələrdən biri onun adını daşıyır; şəhər mərkəzində isə Baba Nemətullah Naxçıvaninin adını daşıyan məscid və orta məktəb (imam-xətib liseyi) fəaliyyət göstərir.
Fraza jurnalı,
Abid Öməroğlu