Alimlər məşhur imperatorun məzarını açmağın yollarını axtarır
Alimlər təxminən yarım əsr əvvəl Çinin Şensi əyalətindəki Lişan dağının zirvəsində aşkar edilmiş Terrakota ordusunun sahibi - məşhur imperator Qin Şi Huanqın məzarının açılmasının yollarını axtarırlar.Qaynarinfo xəbər verir ki, mütəxəssislərin rəyinə görə, ölməzlik ideyasına aludə olan imperator saray kimyagərlərinin məsləhəti ilə ömrüboyu civə tərkibli həblər qəbul edib və bu həblər guya əbədi həyat bəxş edən eliksirlərin tərkib hissəsi olub. Mütəxəssislər hesab edirlər ki, Qin sülaləsinin əfsanəvi qurucusunu zəhərlənməyə sövq edən civə olub. Bu isə indi alimlərin onun dəfn olunduğu yerə yaxınlaşmasına mane olur.
Qədim Çin tarixçisi Sima Qianın qeydlərinə görə, imperatorun məzarında civə çayları axır. 2020-ci ildə tədqiqatçılar ölçmə aparıblar və aşkar ediblər ki, məzarın bilavasitə yaxınlığında maddənin konsentrasiyası normadan bir neçə dəfə artıqdır.
Alimlər məqbərənin dünyaya açılması cəhdlərində, xüsusən də, müonlardan - ultra dəqiq rentgen şüaları kimi fəaliyyət göstərən atomaltı hissəciklərdən istifadə etməyi təklif edirlər. Onlar strukturun bütövlüyünü pozmadan içəri baxmağa imkan verir. Lakin bu ideya hələ də tətbiq olunmayıb və Terakota ordusu sahibinin məzarının içərisi sirr olaraq qalır.
Tarix: 24-09-2023, 22:56