Prezident Aparatında hazırlanmış çevriliş ssenarisi: Parlamentdə səsləndirilən bəyanatın detalları — ŞOK ADLAR




Milli Məclisin bu gün (12.10.2023) keçirilən xüsusi iclasında maraqlı bəyanatlar səsləndirilib. Parlamentin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında son 30 ildə baş verən siyasi hadisələr xatırlanıb.
Bunların ən maraqlısını deputat Siyavuş Novruzov söyləyib. Deyib ki, vaxtilə Prezident Aparatında işləyən şöbə müdirləri dövlət çevrilişi etməyə cəhd göstəriblər. Sitat:
“…2003-cü ildəki seçkidən sonra AXCP-Müsavat dəstəsi Azadlıq meydanına tökülüşdü. Şüşələri sındırıb, maşınları əzirdilər. O zaman da İlham Əliyevin qətiyyəti nəticəsində çevrilişə cəhdlərin qarşısı alındı. Həmçinin dövlətimizin çörəyini yeyən Prezident Aparatının şöbə müdirləri və digər şəxslər çevriliş etmək istəyirdilər. Cənab Prezidentin qətiyyəti nəticəsində çevrilişlərin qarşısı alındı”.
Siyavuş Novruzov hər zaman belə qeyri-adi və gözlənilməz bəyanatlara müəlliflik edir. Düzdür, o, xeyli müddətdir siyasət meydanında aktivlik göstərmir. Milli Məclisin iclaslarında əvvəlki illərə nisbətən az danışır. Danışanda da belə maraqlı, sensasion sayıla biləcək fikirlər söyləyir.
S.Novruzov məlumatlı adamdır. Uzun illərdir deputat mandatı daşıyır. Zamanında bəzi məxfi məlumatlara çıxış imkanları olub. Ona görə də dediklərini qəribçiliyə salmaq fikrindən uzağıq. Ola bilsin, zamanında PA-da müəyyən planlar olub. Fəqət yuxarıda Novruzovdan verdiyimiz sitatda PA-nın şöbə müdirlərinin 2003-cü il hadisələri fonunda çevrilişə cəhd etdiklərini, yoxsa sonrakı dövrlərdə buna təşəbbüs göstərdiklərini kəsdirmək olmur. Buna baxmayaraq, bu bəyanat kifayət qədər maraqlı və orijinaldır.
Deputat Globalinfo.az-a açıqlamasında fikirlərini nisbətən dəqiqləşdirib. O, əslində çevriliş cəhdinin 2005-ci ilin parlament seçkiləri ərəfəsində olduğunu deyib. Sitat:
“2005-ci ildə parlament seçkiləri vaxtı böyük qrup Prezidenti devirmək istəyirdi. Onlar arasında nazir də var idi, Prezident Aparatının şöbə müdiri də. Əlbəttə ki, hamısı öz cəzasını çəkdi. Elə həmin nazir də, şöbə müdiri də. Siyahı böyükdür”.
Azərbaycan 2005-ci ilin oktyabr ayında fəlakətin astanasından döndü. İlham Əliyevə qarşı böyük koalisiya qurulmuşdu. 2003-cü ilin prezident seçkisində məğlubiyyət yaşayan müxalifət düşərgəsi iki il sonra revanşa oynayırdı.
Bu o vaxtlar idi ki, Ukraynada narıncı inqilab yolu ilə hakimiyyət dəyişmişdi. Viktor Yuşşenkonun tərəfdarları seçkidən sonra Kiyev küçələrinə çıxıb, prezident Leonid Kuçmanı iqtidardan getməyə məcbur buraxmışdılar.
Ondan əvvəl isə (2003-cü ilin oktyabrında) Saakaşvili “Qızılgül inqilabı” üzərindən Gürcüstanda iqtidara sahiblənmişdi. Dövlətin sükanını əldən vermək istəməyən Eduard Şevardnadzeni güc tətbiq edərək postundan uzaqlaşdırmışdı.
2005-ci ilin mart ayında Qırğızıstanda da inqilaba bənzər olaylar yaşanmışdı. Bir sözlə, MDB-nin bir neçə ölkəsində başlayan rəngli inqilablar Azərbaycan müxalifətini ümidləndirmişdi.
O vaxt hakimiyyətdə təmsil olunan bəzi nazirlər də İlham Əliyevi devirmək üçün müxalifətlə təmasa keçmişdilər.

Rəsul Quliyev bu planda müxalifət düşərgəsinin mərkəzi fiquru idi. Əli Kərimli, İsa Qəmbər, Lalə Şövkət və s. düşərgə liderləri cəmiyyəti toparlamaq, inandırmaq üçün meydanlara və efirlərə çıxırdılar. Ölkədə ciddi gərginlik yaşanırdı.
Hakimiyyət düşərgəsindən isə bu planda əsasən yer alanlar o vaxtkı səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezidentin İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev və bəzi klan liderləri idi. Keçmiş maliyyə naziri Fikrət Yusifov da planda rol aldığı iddiası ilə həbs olunmuşdu.

Sonradan bilinəcəkdi ki, çevriliş ssenarisi Qərbin bəzi dairələri tərəfindən hazırlanıb. Daha doğrusu, bu işə dəstək veriblər. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Rino Harnış hadisələrdən bir neçə ay sonra – 2006-cı ilin aprelində qəfil Azərbaycanı tərk etdi. Vəzifəsinin başa çatmasına xeyli qalmış o, qeyri-rəsmi “persona non qrata” (arzuolunmaz şəxs) elan edilmişdi və demək olar ki, Bakıdan qovulmuşdu.
2004-cü ilin sonlarında Qərbin Ukraynada hazırlayıb həyata keçirdiyi “Narıncı inqilab” ssenarisi Azərbaycanda biabırçı şəkildə məğlubiyyətə uğradı. Seçkiyə 20 gün qalmış səs-küylü həbslər oldu. “Narıncı inqilab”ın mərkəzi fiquru Rəsul Quliyev seçkidən öncə Bakıya qayıda bilmədi, təyyarəsi Simferopol aeroportuna endi.
Əli İnsanov, Fərhad Əliyev, Akif Muradverdiyev və ətrafları həbsxanaya göndərildi. Müxalifət seçkiyə sarsılmış və yıpranmış halda getdi. Seçkidən sonra “Qələbə” meydanında ardıcıl mitinqlər keçirdilər. 2005-ci ilin 26 noyabr mitinqi isə düşərgənin siyasi mövcudluğunun son akkordu kimi tarixə düşdü.
Tarix: 13-10-2023, 10:20
Xəbəri paylaş





Xəbər lenti