Dövlətlərin mübarizə vasitələri ancaq silahla bitmir. Bu gün ən böyük silah informasiyadır.Kimdə məlumat varsa, o da qalibdir. Əslinə baxanda bu, hər zaman belə olub.
Məlumatı əldə etmək isə heç də asan olmur. Bu işi isə peşəkarlar həyata keçirir. Kəşfiyyat dediyimiz isə Qədim Romada belə işlək olub.
Heç kimə sirr deyil ki, müasir dünyanın aparıcı kəşfiyyat idarələrindən biri, bəlkə də elə birincisi İsrailin dünyaca məşhur “Mossad” təşkilatıdır. Bu təşkilat, onun agentləri barədə miflər və əfsanələr tükənmir. Bu barədə hətta bir sıra kitablar da yazılıb, filmlər də çəkilib.
Bu gün üçün “Mossad”ın dünyaya məlum olan bir sıra parlaq əməliyyatları var ki, onlar agent olanlar üçün və ya olmaq istəyənlər üçün stolüstü kitab kimidir. (Çünki “Mossad”ın bu gün keçirtdiyi əməliyyatlar barədə çox böyük ehtimal ki, dünya 2080-ci ildə xəbər tutacaq) “Mossad” özünü dünyaya əməliyyatları sürətli, çevik, dəqiq həyata keçirən təşkilat kimi tanıda bilib. Həm də “Mossad”ın keçirdiyi əməliyyatlar düşmən üçün şapalaq effetki olub. Heç kimin gözləmədiyi qədər sərt və təkəbbürlü. Necə deyərlər dili varsa, dilçəyi də var. Bu barədə sonra yazacağam.
Bu gün sizin diqqətinizi “Mossad”ın incisi sayılan gözəl və super agent olan çərkəz qızına yönəltmək istərdim.
Heç kimin ağlına gəlməyən bu gözəl və ağıllı çərkəz qızı “Mossad”ın ən çətin və genişmiqyaslı əməliyyatını planlayan, həyata keçməsi üçün bütün gücünü ortaya qoyan Əminə əl-Muftidir.
Yüksək ixtisaslı həkim, geniş dünya görüşünə malik, yerli Fələstin ənənələrini və 7 xarici dil bilən (ərəb, ingilis, fransız, çərkəz, türk, alman və ivrit dillərini mükəmməl danışırdı) bu qadın Yasir Ərafat, Vadi Həddad və Jorj Habaş kimi yüksək vəzifəli Fələstin məmurların evinə girməyə müvəffəq olur. Çünki Əminə həqiqətən də, möhtəşəm həkim idi. O Avropada aldığı təhsillə bu məkanda əvəzolunmaz kadr idi.
Onun yanına yaralı döyüşçülərdən tutmuş, adlarını çəkdiyimiz yüksək vəzifəli məmurların özləri, ailə üzvləri və digərləri gəlirdilər. Onun istədiyi qapını aça bilməsi, fələstinlilərin İsrail dövlətinə qarşı planlaşdırdığı hücum və terror aktları haqqında məxfi məlumatları əldə etməsi, onu “Mossad” üçün əvəzedilməz agentə çevirmişdi.
Çox maraqlıdır ki, həkim istədiyi sənədi, planı əldə edə bilirdi. Hər dəfə Fələstin terorçularının evinə girəndə, seyfləri açanda, oradan məxfi məlumatı əldə edəndə Əminənin beynindən hansı fikirlərin dolaşdığını kim bilir? Adam özünü ilan yuvasına ataraq həyatı ilə çilingağac oynayırdı. Bu boyda riskin qarşısında duran nə idi bəs?
Pul? Var-dövlət? Vəzifə hərisliyi? Sevgi, ya nifrət? Sən demə Əminənin soyuqqanlı və ağıllı gözlərində Fələstin ərəblərinə qarşı sonsuz nifrət gizlənirdi. Bəs bu nifrətin əsl səbəbi nə idi?
Məlumatlara görə, Əminənin ailəsi digər çərkəzlərlə, məlum hadisələrdən sonra Qafqazdan mühacirət edərək bir müddət İordaniyada məskunlaşır.
Əminənin uşaqlığı isə məhz Fələstin ərəbləri içində keçir. Demək olar ki, hər gün ərəblər tərəfindən təhdid olunan və alçaldılan Əminə bu nifrətlə yaşamağa məcbur olur. Fələstin ərəblərinin çərkəzlərə, Əminəyə, ailəsinə qarşı amansız münasibətinin qisasını illər sonra balaca Əminə almağa müəssər olur. Özü də necə?
Təəssüf ki, ərəblər çərkəzlər haqqında əsas şeyi bilmirdilər. Bilmirdilər ki, çərkəzlər tarix boyu döyüşkən və möhkəm ruhlu xalq olublar. Onun övladının isə xətrinə dəymək olmazmış. Bir müddət Omanda yaşayan Əminə bir gün İsrailə köçür.
Və bu müqəddəs torpaqlarda Əminənin “Mossad” yolu başlayır. 1972-ci ildə qısa zaman ərzində “Mossad”da hazırlıq keçən Əminə əsas tapşırıq üçün hazırlanır. Belə ki, ali savadlı həkimin bir “əfsanəsi” olmalı idi. Bunun üçün Əminə bir müddətlik Avropaya göndərilir, orada daha təkmilləşmiş tibb təhsili alaraq Fələstinə yola düşür. Beyrutda ən yüksək texniki imkanları olan tibb klinikası açaraq “həkim” fəaliyyətinə başlayır. Qısa zaman ərzində gözəl və peşəkar həkimin sorağı Beyrutun dörd tərəfinə yayılır. Və Beyrut özü də bilmədən gözəl Əminənin girovuna çevrilir.
Onun əsas rol oynadığı əməliyyat “Mossad”ın əfsanəvi əməliyyatlarından biri sayılır. Bu əməliyyat 1973-cü ildə müvəffəqiyyətlə tamamlanan, kod adı “Gənclik baharı” deyilən əməliyyatdır.
Bu əməliyyat nəticəsində on beş fələstinli yaraqlısı düz Beyrutun mərkəzində “Mossad” tərəfindən o dünyaya vasil edilir. Bu 15 nəfər 1972-ci ildə Münhen Olimpiadasında İsrail idmançılarını girov götürən “Qara sentyabr”ın üzvləri idi.
Tarixi məlumat verim ki, 1972-ci ildə Münhendə 11 İsrail komandasının üzvləri Fələstin terrorçuları tərəfindən girov götürülür. Terrorçular İsraildən həbsxanada olan Fələstin terrorçularının azad olunmasını və digər şərtləri irəli sürürlər. Bu terror aktı barədə daha geniş yazacağam. O mövzuda çox fokuslanmaq istəmirəm. Çünki bu günün qəhrəmanı Əminədir.
İsrail idmançılarının xilas olunması üçün “Mossad” nə qədər almanlara öz xidmətini təklif etsə də, almanlar xilasetmə əməliyyatını özləri keçirəcəklərini təkid edirlər. Nəticədə isə çox bərbad, çox uğursuz, çox axmaq qərarlar verərək girovda olan bütün idmançıların fələstinli terrorçular tərəfindən məhv olunmasına “müvəffəq” olurlar. Necə deyərlər almanlar bu “xilasetmə əməliyyat”ını əllərinə, gözlərinə bulaşdırırlar.
Bu hadisədən sonra İsrail dövləti, başda İsrailin əfsanəvi Baş Naziri Qolda Meir olmaqla günahsız vətəndaşlarının qisasının alınacağını müəyyən edirlər.
Deyilənə görə, Qolda Meir “Mossad”ın rəhbərini yanına çağıraraq “uşaqları yığ” əmrini verir. Və “Mossad” “Allahın qəzəbi” (Гнев Божий) əməliyyatına başlayır. Düz bir ilin içində İsrail idmançılarına qarşı törədilən terrorda iştirak edən, maliyyə ayıran, dəstək göstərən, onlara yardım edənlərin hər biri müəyyən olunaraq, dünyanın müxtəlif nöqtələrində məhv edilir. Bu əməliyyat, günü bu gün də kəşfiyyat dünyasında misli görünməmiş, sərt, qəddar, amansız və ildırım sürətilə həyata keçirilən əməliyyat hesab olunur.
Bəs “Allahın qəzəbi”ndə Əminənin rolu nə idi? Axı o, əfsanəyə görə Beyrutda sadəcə həkim idi.
Doktor Əminə Beyrut əməliyyatının yaradıcısı və müəllifi idi. Məhz onun sayəsində “Qara sentyabr”a aidiyyəti olan bütün yüksək səviyyəli adamlar, 15 nəfərin şəxsiyyəti, yaşadıqları yerlər müəyyən edilir, “Mossad”ın komandosu vasitəsilə yox edilir. Bu əməliyyat Fələstin hakimiyyətinin başına düşən qara daş kimi gözlənilməz və qorxulu idi. Onlar qisasın alındığının fərqinə vararaq, özlərini evlərində belə əminlikdə hiss edə bilmir, növbəti zərbənin isə haradan gələcəyini müəyyən edə bilmirdilər.
Bu əməliyyatdan sonra Əminə “Mossad”a yüzlərlə digər hücum və terror əməliyyatları barədə məlumat ötürür, fələstinlilərin Sovet kəşfiyyatı (KQB), Şərqi Almaniya və digər dövlətlərlə əməkdaşlığının təfərrüatını müəyyən edərək, məlumatları “baş ofisə” ötürür.
Təbii ki, bu cür fantastik uğur Əminəni bir gün tərk etməliydi. Çünki Fələstin hakimiyyəti məlumatın bu qədər geniş miqyasda sızmasının fərqində idi. Onların bütün planlarının (özü də Rusiya kəşfiyyatı ilə birgə planladığı) belə alt-üst olması qəzəblənməsinə səbəb olmuşdu.
Amma heç kimin ağlına gəlmirdi ki, bu Yasir Ərafatın evinə belə girib-çıxan gözəl həkim qadının əməlləridir. Ağıllarına gələndə isə Əminəni dəhşətli iztirablar və əzablar gözləyirdi.
Ərəblər düz 5 il Əminəni “Mossad”dan gizləməyə müəssər olurlar. Onu Livanın Sidon şəhərində, deyilənə görə mağarada gizlədirlər. Beş il “Mossad” bütün əlaqələrini işə salaraq Əminəni axtarır. Çünki “Mossad”ın bir qızıl qanunu var, öz adamlarını heç vaxt düşmənin əlində saxlamır. Bunu yaxşı bilən fələstinlilər Əminəyə olmazın əzabını verərək onu sındırmağa çalışırlar. Qeyd edim ki, bu proseslərdə Rusiya kəşfiyyatının “mütəxəssis”ləri də canla-başla iştirak edirdilər. Təsəvvür edin ki, ərəb və rus başkəsənləri gözəl Əminəylə nələr edirdilər… Adam bunu düşməninə belə arzu eləməz.
Amma “Mossad” sonunda gözəl Əminənin yerini müəyyən edərək, fələstinlilərlə “danışıqlara” keçir. Fələstinlilərə iki ərəbi təhvil verməklə, Əminəni geri, İsrailə qaytarır. Uzun müddətlik reabilitasiyadan sonra Əminə yeni ad-soyadla cəmiyyətə geri qayıdır.
Deyilənə görə, Əminə bu gün də İsraildə həkimlik fəaliyyəti ilə məşğuldur. Amma onun kim olduğunu heç pasiyentləri belə bilmirlər. Necə ki, bir zamanlar Yasir Ərafat da bilmirdi. Amma gözəl çərkəz qızı onun burnunun altından ən gizli məlumatları İsrailə ötürürdü.
Bəlkə də, bu gün gözəl Əminə keçən günləri yada salaraq özünün necə böyük bir qəhrəman olmasının fərqinə varır. Və bütün olub-keçənləri yumşaq təbəssümlə yad edir. Yenidən eynəyini gözünə taxıb növbəti pasiyent üçün müalicə müəyyən edir.
Tarix: 14-10-2023, 22:45