Gözünü xaricə dikənlərə "tələ" var... Viza dələduzluğunda yeni metodlar Azərbaycanda "tətbiq olunur"

Gözünü xaricə dikənlərə "tələ" var... Viza dələduzluğunda yeni metodlar Azərbaycanda "tətbiq olunur"

Azərbaycanda ölkəni tərk etmək haqda düşünən çoxdur. Bunu bilmək çətin deyil. Birincisi, xarici ölkələrin Bakıdakı konsulluqlarında viza müraciəti üçün aylarla gözləmək lazım gəlir. Məsələn, bir neçə il əvvəl belə deyildi. İkincisi, sosial platformalarda işçi vizası ilə bağlı müzakirələr çoxalıb. Qruplar, səhifələr yaradılıb. Burada hər xırda nüansın müzakirəsinə rast gəlmək mümkündür. Hətta viza dələduzlarına həsr olunmuş səhifələr də var.

Bizimyol.info xəbər verir ki, indi ölkədə işçi vizası daha populyardır. Çünki başqa yollarla Şengen dövlətlərinə viza almaq çətinləşib. Avropada azərbaycanlı miqrantların sayı artıb. Turist vizası ilə köhnə qitəyə gedənlər Vətənə qayıtmaq istəmir. Buna görə də xarici ölkələrin buradakı konsulluqları viza müraciətlərinə daha ehtiyatla yanaşmağa başlayıb. Motivlər nə qədər inandırıcı görünsə də, mümkün qədər daha az adama viza verilir.
Ümid qalır işçi vizasına. Bunun proseduru belədir ki, həmin Avropa ölkəsindəki hər hansı şirkət azərbaycanlı şəxsə dəvətnamə göndərməlidir. Son vaxtlar Polşa şirkətlərindən belə dəvətlər çox gəlirdi. Amma bu Avropa ölkəsiylə bağlı rüşvət qalmaqalı durumu dəyişib. İddialara görə, Polşanın ayrı-ayrı ölkələrdəki konsulluqları pul müqabilində viza verirmiş. Məsələ ortaya çıxıb, Şərqi Avropa dövlətində araşdırma başlayıb. Buna görə də Polşa konsulluqları daha "korrekt" davranmağa çalışır.
Sıravi adamlar xarici şirkətlərdən dəvətnamə almağa çətinlik çəkir. Ortaya vasitəçilər daxil olur. Onlar müxtəlif plazalarda ofis icarəyə götürürlər. Sosial platformalarda reklamlar yerləşdirirlər. Söz verirlər ki, işçi vizası düzəldəcəklər. Ayrı-ayrı şəxslərdən pul alırlar. Təxminən 2 min manatdan söhbət gedir. Çox az hallarda pul verən şəxs viza əldə etməyə nail olur. Yəni dələduzluq faktı qeydə alınır.
İndi viza dələduzluğunda yeni metod ortaya çıxıb. Həmin vasitəçilər müxtəlif şəxslərdən viza düzəltmək adı ilə pul toplayır. Mümkün qədər zaman qazanmağa çalışırlar. Konsulluqlarda viza müraciətləri üçün növbənin uzun olmasını bəhanə gətirirlər. Əslində, heç bir addım atmırlar. Həmin şəxslərin pullarını investisiya predmeti kimi istifadə edirlər. Daha populyar yol, avtomobil alveridir. Vasitəçi yüzminlərlə manat toplayandan sonra Avropadan, daha çox Almaniyadan bu “investisiya” sayəsində ölkəyə avtomobillər gətirir. Sonradan maşınları sataraq qazanc əldə edir. Müştərilər ciddi narahat olmağa başlayanda da onların pullarını növbə ilə qaytarır. Elə davranır ki, heç kim polisə şikayət etmək ehtiyacı duymasın. Müştəri təkcə vaxt itirir, pulunu geri ala bilir. Amma qazanan yenə də vasitəçi olur. Həmin şəxs də kapitalı daim düzgün idarə etməyə çalışır, əlindən gələni edir ki, həmişə mayası olsun.
Təəssüf ki, ölkədə sosial vəziyyət ağırlaşdıqca dələduzluq faktları da artır. Həm də ortaya belə ağlasığmaz metodlar çıxır.

Tarix: 2-11-2023, 22:17
Xəbəri paylaş





Xəbər lenti