“Azərbaycanda bəzi ölkələrin agentura şəbəkələri var və dövlət bunlara qarşı xüsusi tədbirlər görülür. Agentura şəbəkələri nədir və hansı məqsədlə yaradılır”. “Moderator.az” xəbər verir ki, bu barədə açıqlama verən Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə qeyd edib ki, öz milli, mədəni, dini, hüquqi adət-ənənələrinin və qaydalarının təbliğ olunması və xoş münasibət formalaşdırılması üçün xarici agentura şəbəkəsi qurmaq geniş yayılmış mexanizmlərdəndi.
Müxtəlif qüvvələr müxtəlif adlar altında bu siyasətlərini həyata keçirməyə çalışırlar və əsasən din, mətbuat və qeyri-hökümət sahələrini seçirlər. Burda söhbət dövlətə xəyanət və xarici dövlətlərin kəşfiyatları tərəfindən ələ alınaraq birbaşa həmin ölkəyə casusluq edən fəaliyyətdən (əməldən) getmir. Belə hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət əməli sayılır. Söhbət xarici dövlətlərin hökümətlərindən, partiyalarından, fondlarından və ayrı-ayrı şəxslərindən maliyyə yardımı alan (almış) və onların maraqlarına xidmət göstərən şəxslərdən və şəbəkələrdən gedir.
Təəssüflər olsun ki, ölkəmizdə də belə şəbəkələr olub və dövlət tərəfindən tədbirlər görülməsinə baxmayaraq fəaliyyətlərini davam etdirirlər. Uzun müddət Rusiyanın əsarətində olmağımıza görə rusiyapərəst qüvvələr daha çox aktivlik edirdilər. Sosializm, kommunizm və avrasiyaçılıq fəlsəfəsini təbliğ edərək, Sovet İttifaqının bərpa olunmasını arzulayırdılar. Belə şəxslər ictimaiyyətlə yanaşı çox yüksək dövlət vəzifələrində də təmsil olunurdular. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra belə şəxslərin çoxu dövlət tərəfindən zərərsizləşdirildi. Eyni zamanda, Rusiyanın zəifləməsi ilə belə şəxslərin bəziləri səssiz rejimə keçib.
Sovet İttifaqının tərkibində yaşadığımız 70 il müddətində ölkəmizdə islam dininin qadağan olunması, ateizmin təbliği, müstəqillik əldə etdiyimizdən sonra isə bu sahədə böyük boşluqların yaranmasına səbəb oldu. Nəticədə bundan istifadə edən qonşumuz İran ölkəmizdə din adı altında böyük şəbəkə qura bildi. Şiəçiliyin təbliğini, yayılmasını, başqa ölkələrdə dini dövlət yaratmağı özünün başlıca siyasəti halına gətirən fars rejimi, qurduğu şəbəkələrdən istifadə edərək ölkəmizin konstitusiyon quruluşuna qarşı təbliğat apardığı üçün dövlət tərəfindən böyük həcmdə sıradan çıxarıldı.
Yalçın Hacızadənin sözlərinə görə bu gün aktiv fəaliyyət göstərən daha bir agent şəbəkəsi Qərb ölkələrindən qidalanan media, qeyri-hökümət təşkilatları və özlərini “siyasi şərhçi” kimi təqdim edən şəxslərdi. Qərb ölkələri, əsasən ABŞ bu sahədə missionerlik fəaliyyətini insan hüquqları, demokratiya kimi universal dəyərlər adı altında həyata keçirirlər. Onlar bu prinsiplərdən öz imperalist maraqları üçün istifadə edirlər. Bu məsələlərə ikili yanaşma tətbiq edrək, maraqları təmin olunan ölkələrdə insan hüquqları, demokratik prinsiplərin pozulmasına göz yumur, maraqlarını təmin etmək istəməyən, müstəqil siyasət aparan ölkələrdə bu məsələlər daim qabardılaraq, gündəmə gətirilərək təsir etmə vasitəsi kimi istifadə edilir.
İran və Qərb agentura şəbəkələri müəyyən ideologiya əsasında formalaşsa da, Rusiya pərəstlərin hər hansı bir ideologiyası olmadığı görünür. Lakin onların əsas yanaşması keçmiş Sovet İttifaqı konseptini təbliğ etmək, Rusiya dövlətinin xalqımızın, dövlətimizin başına gətirdiklərini unutdurmaq, guya bugünkü Rusiyanın bizə baxışının başqa olduğunu, mənafeyimizə uyğun, dost ölkə olduğunu təbliğ etməkdir.
Çox təəssüflər olsun ki, uzun müddət hər üç agentura şəbəkəsinin qurulmasına, inkişaf etməsinə bəzi məmurlar tərəfindən göz yumulub, hətta inkişaf etməsinə şərait də yaradılıb. Xalqımız Qarabağ müharibəsində, zəfərdən sonrakı proseslərdə bildiki, belə qüvvələr kimlərə xidmət edir, dostunu və düşmənini bir daha gördü. Ona görə belə qüvvələrin dövlətimiz üçün böyük təhlükə olduğunu hesab etmirəm, amma inkişaf etmələrinin qarşısını almaq üçün tədbirlər görülməsi vacibdir.
Həmin şəbəkələr dövlət tərəfindən böyük həcmdə zərərsizləşdirilsələr də, kənar qüvvələr onların möhkəmlənməsi, təsirlərinin güclənməsi üçün fəaliyyətlərini dayandırmayacaqları, fürsət gözləyəcəkləri aydındır.
Tarix: 30-11-2023, 21:36