Aylardır barəsində yazdığımız, danışdığımız sülhməramlıların nümayəndlərini ilk dəfəydi ki, yaxından müşahidə edirdim. Şuşaya çataçatda olan postumuzdakı bir neçə dəqiqəlik yoxlanış zamanı sol tərəfdəki sülhməramlıların davranışlarını izləmək bəs elədi onlar barədə qənaətimin möhkəmlənməsi üçün. Erməni maşınları qarşılarından irəli və geri şütüyür, amma onları görmürlərmiş kimi o tərəf, bu tərəfə var-gəl edir, tez-tez Azərbaycan maşınlarının dayandığı səmtə boylanırdılar. Necə deyərlər, bir gözü bizdəydi sülhməramlıların.Bura o yerdir ki, Xankəndidən gələn erməni maşından düşüb əlindəki qumbaranı hərbçilərimizə tərəf tullamış, ortadakı dəmir tor faciənin qarşısını almışdı. Məntiqlə, rusiyalı hərbçilər növbəti bənzər hadisələrin baş verməməsindən ötrü gözlərini bir an da ermənilərin üzərindən ayırmamalıdır. Çünki terrorçu mahiyyətlilər həmin istiqamətdədir. Təsəvvür edin, Azərbaycan hərbçiləri baş vermiş həmin hadisəyə görə, sonuncu postun ərazisində öz vətəndaşlarının maşınlardan düşməsini məsləhət görmür, hansası qanqaraçılıq yaranar deyə, amma sülhməramlılar təhlükənin mənbəyini görməzdən gəlirlər. Hərbçilərimizə qumbara atan erməni terrorçunu Xankəndidəki quldurlara “təhvil verən”lərdən əslində başqa bir şey gözləməyə də dəyməzdi...
Qardaş Qazax elində baş verənləri izlədiyimiz bu günlərdə də Qarabağla bağlı baş verənləri də bir an belə gözdən qaçırmamalıyıq. Adətən, imperiyalar, mənfur qüvvələr sağı göstərib, solla zərbə endirirlər. Qazaxıstan hadisələri Ukrayna böhranını arxa plana keçirməyə xidmət etdiyi kimi Qarabağ, Zəngəzur məsələlərinə də öz təsirini göstərir, bu, şübhəsizdir. Amma dövlətimizin prioriteti var, 2022-ci ilin “Şuşa ili” elan olunması da qətiyyətli siyasətin növbəti təzahürüdür. Deməli, ən azı media olaraq baş verənlərə həssas yanaşmamız olmalıdır.
KTMT-nin Qazaxıstandakı “sülhməramlıları” müzakirə mövzusu ikən Qarabağdakı sülhməramlıların məramsızlığı da diqqətimizdən yayınmamalıdır. Erməni mediası bu günlərdə Rusiya sülhməramlılarına geniş meydan ayırmaqdadır. Səbəbi bəlli, sülhməramlılar da Qarabağdakı ermənilər üçün hər şeylərindən keçirlər.
Diqqət edin, Milad günü ilə əlaqədar olaraq Rusiya sülhməramlıları Rusiya və Ermənistandan (!!!) olan zəvvarlarla birlikdə 5 mindən (!!!) çox avtomobilin “Dağlıq Qarabağa təhlükəsiz girişini təmin ediblər”. Bunu Rusiya sülhməramlıları kontingentinin nümayəndəsi Aleksey Sergeyev deyib. Hansı haqla, hansı əsasla bu qədər avtomobil və “zəvvar” maskalı insan Azərbaycan ərazisinə buraxılıb?! Məgər ermənilərin başqa ziyarət yeri yoxdurmu ki, axışıb gəlirlər Qarabağa? Doğrudanmı bunlar bu qədər ibadət edən, Allaha inanan, din-imanı olanmış, bəs, illər ərzində tökdükləri qan, körpələrin başını kəsdikləri, hamilə qadınları süngüyə taxdıqları, yaşlı adamları diri-diri yandırdıqları nəymiş, bəlkə dində “buyurulubmuş”. Görünən budur ki, ortada məkr, təxribat, hiylə var və sülhməramlılar da burada baş moderator rolunu oynayırlar.
Bundan başqa, ötən il Xocalı ərazisində (!!!) tikilmiş kilsədə Məsihin doğum günü ilə bağlı 200 rus sülhməramlı, 100 “zəvvar”ın iştirakı ilə yürüş keçirilib. Bunu da Rusiya MN açıqlayıb. Artıq “Xaç yürüşü” keçrirlər Azərbaycan ərazisində, erməni terrorçularla birgə...
Rəsmi Moskva bu özbaşınalıqlara son qoyulması istiqamətində təcili addım atmalıdır, hər halda, sülhməramlılar özbaşına deyil. Rusiya neçə müddətdir ki, Azərbaycanla quru sərhədlərini pandemiya səbəbindən bağlayıb, hətta bu ölkədəki azərbaycanlı ölüsünü belə, Vətənə gətirib dəfn etmək üçün məşəqqət çəkir, Dağıstanda aylarla sərhədi – sənədli-sübutlu - bu taya keçmək üçün çalışır. Amma Rusiyanın Azərbaycandakı hərbçiləri Rusiya və Ermənistandan gələnləri Laçın dəhlizindən içəri elə buraxırlar, elə bil ki, nə beynəlxalq hüquq var, nə qanun, nə də pandemiya. Bu, özbaşınalıqdır, qırmızı xətti nümayişkəranə şəkildə keçməkdir! Azərbaycan dövləti dəfələrlə xəbərdarlıq edib, rəsmi Bakının icazəsi olmadan bir nəfər də olsun Laçın dəhlizindən içəri buraxılmamalıdır! Vəziyyət tələb edir ki, Azərbaycan gecikmədən Laçın dəhlizində sərhəd və gömrük postlarını qursun. İranlı idmançıdan tutmuş, rusiyalı, ermənistanlı “zəvvarlara”, fransız prezidentliyə namizədə, Rusiya Dövlət Dumasının deputatına qədər, kimi gəldi, Xankəndiyə buraxan sülhmərmalının terrorçulara, silah-sursat dolu maşınlara yaşıl işıq yandırmadığına kimsə bizi inandıra bilməz. Bunlar heç yük yerlərini belə, yoxlamırlar...
Başqa bir özbaşınalıq: Bu günlərdə Rusiya Müdafiə Nazirliyi rəsmi saytındakı xəritədə Tərtər rayonunun Suqovuşan kəndini sülhməramlı kontingentin məsuliyyət zonasına daxil olan ərazi kimi təqdim etmişdi! Təsəvvür edin, Azərbaycan oğullarının qanı bahasına erməni işğalından azad olunan ərazimizi! Özü də “Madagiz” adı altında. Moderator.az saytı məsələni ictimailəşdirəndən, Müdafiə Nazirliyinin təmsilçisi Anar Eyvazov Rusiya tərəfini və sülhməramlıları bu haqda məlumatlandırandan sonra xəritə silindi. Amma birinci dəfə deyil ki, deyək texniki xəta olub. Bundan əvvəl digər ərazilərimizlə bağlı da belə “səhv”lər edilib. Demək, məqsədlidir. Azərbaycan dövlət başçısı bəyan edib: Dağlıq Qarabağ yoxdur! Rusiya MN hər rəsmi məlumatında “Dağlıq Qarabağ” yazır. Azərbaycan ərazisində “Stepanakert” adlı ərazi vahidi yoxdur, cəhənnəmə göndərilib, 30 ildən çoxdur! Rusiya MN Xankəndi şəhərimizi yenə də erməni qaniçənin adı ilə adlandırır. Azərbaycan dövlətinə hörmət məhz burdan başlamalıdır: “Stepanakert” yox, Xankəndi! “Mardakert” yox, Ağdərə! “Martuni” yox, Xocavənd! Nəhayət, “Dağlıq Qarabağ” yox, Qarabağ!!!
Elşad PAŞASOY
Tarix: 8-01-2022, 10:01