Erməni kilsəsi Qarabağda mövqelərini gücləndirməyə başladı - Təhlükəli gediş...
Xankəndindəki separatçı-terrorçu rejim “hökuməti”nin hər şöbəsində keşişlər oturacaq... 2022-ci ilin əvvəlində erməni apostol kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri yepiskop Vrtanes Abramyanın təşəbbüsü ilə kilsə-rejim əməkdaşlığını yeni səviyyəyə qaldırmalı olan yeni təşəbbüs irəli sürüb.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşrinə Qarabağ yeparxiyasından məlumat çatdırılıb.
“Bütün inzibati və hüquq-mühafizə orqanlarına dini xidmətçilər təhkim ediləcək və onlar bu orqanların işçilərinə qayğı göstərmək üçün mütəmadi olaraq onlara baş çəkəcəklər”.
Dünən – yanvarın 21-də erməni kilsəsi Qarabağ yeparxiyasının baş keşişi separatçı-terrorçu rejimin qanunsuz “dövlət naziri” Artak Beqlaryanın da iştirakıyla rejim “hökuməti”nin aparatı ilə görüşüb. “Hökumət” binasının yeni qərara uyğunlaşdırılması barədə göstəriş verilib.
Baş keşiş həmçinin Qarabağ yeparxiyasının xristian təhsili və təbliğatı mərkəzinin yeni təyin olunmuş direktoru keşiş Qor Gyurcyanı rejim nümayəndələrinə təqdim edib və gələcək əməkdaşlıq yollarından danışıb.
Zəruri şərh:
İlk baxışdan 44 günlük savaşdan sonra xeyli sarsıdılmış separatçı-terrorçu rejimin erməni kilsəsi ilə yaxın əməkdaşlığı ötəri bir olay kimi görsənir. Ancaq orta əsrlərdən və xüsusilə, XIX əsrin sonlarından bəri erməni kilsəsinin “Daşnaksütyun”, “Qnçak” kimi terrorçu təşkilatlarla yanaşı, Türkiyə və Azərbaycana qarşı soyqırımı və işğal planlarında aparıcı və ideoloji rol oynadığını, eyni zamanda super dövlətlərin də erməni rejiminə dəstəyini nəzərə alsaq, Azərbaycan torpaqlarının bir hissəsindəki separatçı xunta ilə erməni kilsəsinin qovuşmasının gələcək üçün nə qədər təhlükəli gediş olduğunu anlayarıq. Təsəvvür edin ki, Xankəndindəki “müdafiə nazirliyi”nin də, “polis”in də, digər qanunsuz qurumlarında hər şöbəsində bir keşiş oturacaq və oradakı əməkdaşlarının beyninə onlara “qayğı, mənəvi ruhlandırma” adı altında türklərə, Azərbaycana qarşı düşmənçilik, “Böyük Ermənistan” xülyası, “Şuşanın, Hadrutun, Kaşatağın azad edlməsi” və s. ideyalarını yeridəcək...
Tarix: 22-01-2022, 23:15