Belə gümanlar var ki, Rusiya vətəndaşlığı alanların böyük hissəsi Qarabağ erməniləri və ya müharibədən sonra oraya gətirilənlərdirErmənistan vətəndaşları ölkədən kütləvi şəkildə qaçır. Bunu son statistik rəqəmlər də sübut edir. Belə ki, təkcə 2021-ci ildə 46 900-dən çox erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son illərin ən rekord göstəricisi hesab olunur. Çünki 2020-ci ildə 30558, 2019-da 24024, 2018-də 27134, 2017-də 25144 nəfər erməni Rusiya vətəndaşlığı alıb. Ümumilikdə, 2017-2021-ci illərdə 153,8 min vətəndaşımız Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə nisbətdə bu, təxminən 5,2 faiz təşkil edir.
Vətəndaşların kütləvi miqrasiyasının əsas səbəbləri hamıya məlumdur - kütləvi işsizlik, minimum yaşayış səviyyəsi və aşağı gəlir insanları ölkədən qaçmağa vadar edən səbəblər sırasındadır. Əhəmiyyətli inflyasiya (ötən il 7,2%) və xüsusilə kənd təsərrüfatında ikirəqəmli inflyasiya (11,2%) Ermənistanda vəziyyəti daha da ağırlaşdırıb. Çoxları ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik içərisindədir.
Bütün bunlarla yanaşı, belə gümanlar var ki, həmin vətəndaşlıq alanların böyük hissəsi Qarabağ erməniləri və ya müharibədən sonra oraya gətirilən ermənilərdir. Rusiya bu yolla ikili vətəndaşlığı reallaşdıra bilərmi? Rusiya sərhədlərindən çox uzaq olan Qarabağda belə “qondarma Rusiya rejimi” yaratmaq Moskvaya lazımdırmı?
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli narahatlığını bu şəkildə bölüşdü: “Qarabağ ermənilərinə Rusiya çox rahat şəkildə vətəndaşlıq paylaya bilər. Onlara rus pasportları verib sonra məkrli planlarında istifadə edə bilərlər. Bunun nümunələri də çoxdur. Postsovet məkanına Rusiya pasportlarının verilməsinə meyllidir. Bu haqda qanunvericilikdə dəyişiklik də etmişdilər. SSRİ vətəndaşları olanlar müəyyən prosedura keçdikdən sonra Rusiya Federasiyası vətəndaşları ola bilərlər. Qarabağ kartını növbəti anlam və mərhələdə Abxaziya, Osetiya variantları kimi Azərbaycana qarşı istifadə edə bilərlər. Artıq rus icması söhbətini ortaya atıblar. Guya Qarabağda ruslar yaşayıb. Bütün bunları nəzərə alaraq təcili Xankəndi ətrafı və Laçın nəzarətə götürülməlidir. Bu il gec olmadan bu baş verilməlidir ki, biz rusların pasport sürprizi ilə üzləşməyək”.
QAT sədri Akif Nağı Azərbaycanın hədəflərinə çatacağını qeyd etdi: “İkili vətəndaşlıq məsələsi Rusiyanın müəyyən ərazilərə müdaxilə etmək variantlarından biridir. Abxaziya və Cənubi Osetiyada bu siyasət həyata keçirildi. Nəticələri də məlumdur. Qarabağda rus sülhməramlıları, orada yeridilən “humanitar yardım” siyasəti, orada “rus icması”nın yaradılması, əlbəttə, təhlükəli məqamlardan xəbər verir. Rusiya istənilən ad altında Qarabağın bir hissəsində möhkəmlənmək, oranı təsir dairəsində saxlamaq istəyə bilər. Bu istəyin müəyyən əlamətləri də müşahidə olunur. Amma Azərbaycan buna imkan verməmək gücündədir. Bizim Türkiyə ilə birgə siyasətimiz sonda Rusiyanın planlarını pozacaq. Türkiyə getdikcə güclənən, Rusiya isə zəifləyən tərəfdir. Ona görə də bizim qalib gələcəyimiz şəksizdir. Ermənistan rəhbərliyi də başa düşür ki, Rusiyanın aləti olmaqdansa, Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq daha sərfəlidir. Ermənistan rəhbərliyinin Türkiyə və Azərbaycana verdiyi mesajlar da bunu göstərir. İstənilən halda, biz qarşıya qoyduğumuz məqsədlərə tam nail olacağıq".
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə bunları dedi: “44 günlük Vətən müharibəsindən sonra ermənilərin Qarabağdan və Ermənistandan qaçması kütləvi xarakter alıb. Bunun qarşısını almaq mümkün deyil. Bir az imkanı olan ermənilər öz ailələri ilə birgə Rusiyaya, Qərbə üz tuturlar. Hətta şişirdilmiş rəqəmlərə baxsan, bunu açıq şəkildə görmək olur. Faktiki, bu gün Qarabağda 30-35 min erməni qalıb. Bunların da çoxu pandemiya səbəbindən qalanlardır. Vaxtı çatanda bunlarında böyük əksəriyyəti Qarabağı tərk edəcəklər. Ermənistanın özündə də acınacaqlı vəziyyətdir. Bunu son statistik rəqəmlər də sübut edir. Ermənilər acından ölürlər. İqtisadi dayaqları yox dərəcəsindədir. Rusiyadan tam asılı vəziyyətdədirlər. Dotasiya ilə yaşayan dövlətdir. Ermənistanın bütün infrastrukturlarını Rusiyanın şirkətləri idarə edir. Vətəndaşın sosial durumu çox ağırdır. Son ildə Erməsitandan köç edənlərin sayı 47 nəfərə çatıb. Və bu rəqəm ildən-ilə artan sürətlə davam edəcək. Son 5 ildə Ermənistandan Rusiyaya köçənlərin və Rusiya vətəndaşlığını alanların sayı 150 mindən çoxdur. Hətta düşünürəm ki, növbəti illərdə bu rəqəm daha çox olacaq. Vətəndaşların kütləvi miqrasiyasının əsas səbəbləri var. Kütləvi işsizlik, sosial rifahın həddindən artıq aşağı olması, minimum yaşayış səviyyəsi və aşağı gəlir insanları ölkədən qaçmağa vadar edən səbəblər sırasındadır. Ermənilər ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik içərisindədirlər. Rusiya bütün yolla çalışır ki, ermənilər Qarabağı və Ermənistanı tərk etməsin. Bu səbəbdən ola bilər ki, ikili vətəndaşlığı ortaya çıxarıb. Məqsəd nəyin bahasına olursa-olsun, həm Ermənistanda, həm də Qarabağda erməniləri saxlaya bilsinlər. Ancaq buna nail ola bilməyəcəklər. O ki qaldı Rusiya sərhədlərindən çox uzaq olan Qarabağda belə ”qondarma Rusiya rejimi" yaratmaq Moskvaya lazımdırmı sualına, bunu, faktiki, Rusiya istəsə də belə əldə edə bilməyəcək. 30 min ermənidən ötrü Rusiya Azərbaycanla münasibətləri pozmaz. Azərbaycan Rusiya üçün çox yaxın strateji qonşu dövlətdir. Qarşılıqlı və ikitərəfli qonşuluq siyasətinin aparılması bu gün Rusiya üçün daha uyğun və əlverişlidir. Azərbaycan Rusiya üçün etibarlı dövlətdir. Rusiya istəməz ki, bu gün Azərbaycanla və o cümlədən regionda böyük nüfuz sahibi olan Türkiyə dövləti ilə münasibətlər pozulsun, korlansın. Bu baxımdan Azərbaycanla münasibətlərin pozulması Rusiyaya sərf etməz".
“Yeni Müsavat”
Tarix: 2-02-2022, 10:40