Kəlbəcərə gedən karvanımızı Rusiya hərbçiləri ilə yanaşı, erməni "polisi" də yoxladı...-VİDEO
"Bizi qınayan rəsmi qurumlar cavab versin: bunları, bu haqsızlıqları necə yazmayasan?!."
"Laçın dəhlizində Ermənistandan Qarabağa gələn maşınlar bu dərəcədə ciddiliklə yoxlanılmır... Niyə? Rusiya hərbçilərindən bunu soruşan olacaqmı?.."
Azərbaycan Respublikasının Tərtər rayonunun Suqovuşan kəndindən Kəlbəcərə gedən yük maşınlarımız Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində olan ərazilərimizdən keçərkən həmin kontingent nümayəndələri ilə yanaşı, Qarabağ torpaqlarımızdakı separatçı-terrorçu rejimin qanunsuz “polis”ləri tərəfindən də yoxlanılır, lazım gəldikdə isə tam texniki baxışdan keçirilir.
Moderator.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin bu gecə Bakı vaxtı ilə saat 04:00-da yaydığı məlumata əlavə olaraq həmin qurumun faktiki tabeliyində olan “TVZvezda” kanalı tərəfindən yayılmış və Rusiyanın sülhməramlı kontingentinin əməkdaşalrı tərəfindən çəkildiyi üzərindəki emblemdən aydın görünən video-görüntülər tamamilə təsdiqləyir.
Sözügedən xəbərdə belə deyilir:
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağ ərazisindən humanitar yük daşıyan iki Azərbaycan karvanının təhlükəsiz müşayiətini təmin ediblər.
Rusiya hərbi polisləri 20-yə yaxın maşından ibarət karvanı tikinti materialları və ərzaqla birlikdə Madagiz(Suqovuşan-S.L.)-Getavan(Qozlukörpü-S.L.)-Vank(Vəng-S.L.) marşrutu boyunca və geriyə doğru müşayiət edib”.
Göründüyü kimi, Rusiya MN son 1 il 3 ay müddətində olduğu kimi, "Dağlıq Qarabağ" birləşməsini inzibati ərazi vahidi kimi işlədir və Azərbaycan Respublikasının inzibati ərazisinə aid toponimləri təhrif edərək ermənilərin istədiyi formada təqdim edir. Və bu da azmış kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımayan, ölkəmizin dinc vətəndaşlarına qarşı soyqırımlar törədən və oyuncaq başçıları Araik Arutyunyan və digər üzdəniraq rəhbərlərinin CM-nin 8 maddəsi ilə beynəlxalq axtarışda olduğu separatçı-terrorçu rejimin qondarma “polis”inin Azərbaycana məxsus avtomobilləri yoxlamasına şərait yaradır. Halbuki, Laçın dəhlizində Ermənistandan Qarabağa gələn maşınlar bu dərəcədə ciddiliklə yoxlanılmır... Və Azərbaycan hərbçiləri oraya yaxın da buraxılmır... Niyə? Rusiya hərbçilərindən bunu soruşan olacaqmı?..
Aşağıdakı bunu əyani sübut edən iki video-görüntü də təqdim edirik. Özünüz Kəlbəcərə gedən yüklərimizin yoxlanmasıyla Laçındakı yoxlamanı müqayisə edin və nəticə çıxarın...
P.S. Bizi qınayan rəsmi qurumlar cavab versin: bunları, bu haqsızları necə yazmayasan?!.