Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki erməni separatçı-terrorçular son günlər aktivləşiblər. Ötən həftə Suqovuşandan Kəlbəcərə gedən Azərbaycana məxsus yük karvanını separatçı qurumun "polisi"nin sülhməramlılarla birgə yoxlaması görüntüsü yayıldı. Bununla bağlı sülhməramlı kontingentdən hansısa açıqlama verilmədi. Terrorçuların hansı əsasla Azərbaycan ərazisində Azərbaycana məxsus avtomobildə yoxlanış aparılmasına rəsmi aydınlıq gətirilmədi.
Görünür, bundan ilhamlanan terrorçular bir qədər də irəli gedərək atəşkəsi pozdular. Belə ki, sülhməramlıların nəzarətində olan ərazilərimizdən erməni yaraqlıları Tərtərdəki mövqelərimizi atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-sı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur. Mövqələrimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib. Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib. Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib”, - deyə Nazirlik bildirir.
Maraqlıdır ki, nə sülhməramlıların komandanlığından, nə də Birgə Monitorinq Mərkəzindən bununla bağlı hansısa reaksiya verildi.Daha bir reaksiya verilməyən məsələ isə, özünü hələ də "Artsax Respublikası" adlandıran separatçı qurumun qondarma "parlamentində" "işğalda olan ərazilərin azadlığı ilə bağlı qanun layihəsinin müzakirəsi"dir. Separatçılar yaxın müddətdə Şuşanı, Hadrutu alacaqlarını iddia edirlər. Məsələ bununla da bitmir. Terrorçular Goranboy və Xanlar rayonlarının da "azadlığı uğrunda mübarizə aparacaqlarını" bildirirlər.
Qarabağdakı separatçı-terrorçuların aktivliyinin səbəblərini AYNA-ya müsahibəsində şərh edən, Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib ki, erməni separatçıları cəzasız qaldıqları üçün belə addımlar atırlar:
- Bilirsiniz ki, 10 noyabr Üçtərəfli Birgə Bəyanatın 4-cü bəndinə uyğun olaraq, erməni terrorçuları Azərbaycan ərazisində tərksilah edilməli, oradan çıxarılmalı idilər. Təəssüflər olsun ki, il yarımda bu bənd icra olunmayıb. Açıq-aydın görünən odur ki, sülhməramlı adlandırılan Rusiya hərbi kontingenti üzərinə düşən missiyanı yerinə yetirmir. Səbəb də Kremlin belə istəməsindədir. Çünki aydındır ki, məsələnin tez zamanda həlli Rusiya sülhməramlı adlandırılan qüvvələrin 5 ildən sonra ərazidən çıxmasına zəmin yaradacaq. Rusiya da müxtəlif bəhanələrlə problemlərin həllini əngəlləyir. Oradakı silahlı terrorçu qrupları zərərsizləşdirmir, məsələni uzadır, Azərbaycanın ərazi bütövlüyünə barmaqarası yanaşır. Səbəb də dediyim kimi, hərbçilərinin Qarabağda daha çox qalmasına nail olmaqdır.
- Belə anlaşılır ki, sülhməramlıların davranışları separatçılara stimul verir...
- Separatçıların aktivləşməsinin səbəblərindən biri də Azərbaycanın məsələlərdə bir qədər passivliyidir. Unutmaq olmaz ki, Rusiya sülhməramlıları bölgədə olsa da, o ərazilər Azərbaycan ərazisidir. Orada qısa zamanda Azərbaycan qanunlarının işləməsinin təmin olunması lazımdır. Bu sahədə rəsmi Bakının aktivliyini görmürük. Belə olan halda, əlbəttə, təxribatlar olacaq. Təxribatlar bölgədə uzunmüddətli sülhün təmin olunmaması üçün atılan addımlardır. "Yaxınlaşma olmasa, məsələ də həllini tapmayacaq" tezisinə uyğun təxribatlar həyata keçirilir, bundan sonra da keçiriləcək. Hələlik destruktiv qüvvələr Qarabağda varlığını qoruyub-saxlayır.
Eyni zamanda, Ukrayna ətrafında baş verən proseslər fonunda yaşanan hadisələr, Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin parlamentlərdə təsdir edilməsi Rusiyadakı bəlli siyasi çevrələrin xoşuna gəlmir. Onlar da Qarabağ məsələsində Azərbaycan və Türkiyəni sancmağa çalışırlar. Ona görə də bu məsələlərdə Azərbaycan dövləti aktivlik nümayiş etdirməlidir. Düzdür, rəsmi qurumlar bəyanat verir, müraciətlər olunur. Amma gərəkdiyi anda qəti addımların atılması vacibdir.
- Qəti addım dedikdə antiterror əməliyyatını nəzərdə tutursunuz?
- Düzdür, Azərbaycanı təxribata çəkməklə istəyirlər ki, qarşılıq verilsin, yenidən hərbi vəziyyət yaransın və bütün razılaşmalar pozulsun. Amma diplomatik hərəkətliliklə yanaşı, bəzən öz iradəni və hərbi gücünü sərt şəkildə ortaya qoymalısan.
- Separatçıların bu addımına Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin reaksiya verməməsi nə ilə bağlıdır?
- Mərkəzin funksiyalarına baxmaq lazımdır. Mənim müşahidələrimə görə, Mərkəz monitorinq aparır, sadəcə vəziyyətlə bağlı hesabat hazırlayır. Bu işi də davam etdirirlər. Bu baxımdan, Monitorinq Mərkəzindəki hərbçilərin hansısa hadisəyə müdaxilə etməsi mümkün deyil. Bu gün bölgədə Türkiyə sülhməramlıları yoxdur, sadəcə Rusiya hərbi qüvvələri var. Sülhməramlı adla Qarabağda olan rusların isə nələr etdiyini ilk gündən müşahidə edirik. Məncə, onların əməllərini təkrarlamağa lüzum yoxdur. Ruslar separatçıları yaşatmağa, diriltməyə çalışırlar. Hələ də Qarabağdakı separatçı qurumlar fəaliyyətindədir. Rusiya dövlət qurumlarının məlumatlarında da görünür ki, Qarabağdakı qondarma qurumun yaşadılması gündəmdədir.
Bunlar hamısı separatimzmə dəstək anlamı verir. Əslində sülhməramlı adlandırılan qüvvələrin davranışları Rusiya qanunlarına belə, ziddir. Təkrar edirəm, separatçıların aktivləşməsinin əsas məsuliyyəti bölgədəki Rusiya sülhməramlı adlandırılan qüvvələrin üzərinə düşür. Bunun qarşısını rus hərbçilər almalıdır. Eyni zamanda, təbii ki, Azərbaycanın müvafiq dövlət orqanları addımlar atmalıdır ki, separatçılar ərazilərimizdə aktivləşməsinlər.