Paşinyan “sülh sazişi” deyir: “Amma ərazi bütövlüyümüzü tanımır” - TOFİQ ZÜLFÜQAROV
“Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırıq”.Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi belə bir sənədin imzalanmasını nəzərdə tutur. Paşinyan bildirib ki, indiki mərhələdə hazırlıq işləri və substantiv müzakirələr aparılmalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçən ay yerli televiziya kanallarına müsahibəsində Ermənistanla sülh, delimitasiya və demarkasiya prosesi barədə suala cavab verərkən bir daha bəyan edib:
“Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın”.Göründüyü kimi, Azərbaycan sülh müqaviləsi üçün şərtlərini açıqlayıb.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov
Cebhe.info-ya açıqlamasında bildirib ki, həmişə olduğu kimi ermənilərin yalan dediyi açıq şəkildə görünür:
“Nikol Paşinyan sülh sazişini imzalamağa hazır olduğunu deyir, amma Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu demir. Bu məsələ həll olunmalıdır və ondan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımalıdır. Hazırda isə söhbət onların köhnə mövqeyindən gedir. Paşinyan “Qarabağ siyasəti”nə yeni şəraitdə davam etmək istədiyini dəfələrlə bəyan edib. Yəni Ermənistan 30 illik layihəsinə bu şəkildə davam etmək niyyətindədir. Rəsmi İrəvan Azərbaycanın sülh çağırışına ümumi sözlərlə cavab verir. Onlar sadəcə olaraq bu sözlərin əsasında beynəlxalq ictimaiyyət qarşısında özlərini sülhpərvər bir tərəf kimi göstərmək istəyirlər. Lakin onlar əsl mənanı demək istəmirlər. Düşünürəm ki, Paşinyanın məqsədi budur”.
Tarix: 10-02-2022, 17:18