“Malıbəylilər bir nəfər kimi öz torpaqlarına, özü də Şuşa şəhərinə, yaxud başqa kəndə yox, məhz Xankəndi şəhərinə bitişik olan doğma Malıbəyli kəndinə qayıtmaq istəyirlər...” "44 günlük savaşdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 maddəsi ilə axtarışda olan Araik Arutyunyanın kriminal xuntası Şuşa və Hadrutdan köçmüş ermənilərin bir hissəsini məhz bu kənddə yerləşdirmək niyyətindədir..." 30 il öncə - 1992-ci ilin bu günlərində Şuşa rayonunun Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndləri Rusiyanın 366-cı alayının dəstəyi ilə işğalçı Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfərdən çox dinc sakin həlak olub.
Hazırda Malıbəyli camaatının əksəriyyəti Bakının Sabunçu rayonunda salınmış “Ramana-450” qəsəbəsində onlar üçün tikilmiş yeni evlərdə yaşayır.
Bəs bu gün hələlik ermənilərin qanunsuz məskunlaşdığı Malıbəyli kəndinin gerçək durumu necədir?..
Son 30 ilə yaxın işğal müddətində Xankəndində tikintilər çoxaldığında şəhərdən cəmi 2,5 kilometr məsafədə yerləşmiş Malıbəyli kəndi demək olar ki, şəhərə bitişmiş və separatçı-terorçu rejim tərəfindən“Stepanakertin Açapnyak rayonu” adlanmağa başlanmışdır. İşğal dövründə kənddəki əksər yaşayış evləri və inzibati tikililər, o cümlədən XVIII əsrə aid iki məscid yandırılıb dağıdılmışdır.
Moderator.az-ın araşdırmalarından bəlli olur ki, 44 günlük savaşdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 maddəsi ilə axtarışda olan Araik Arutyunyanın kriminal xuntası Şuşa və Hadrutdan köçmüş ermənilərin bir hissəsini məhz Şuşa rayonunun Malıbəyli kəndində yerləşdirmək niyyətindədir. Araikin aparatının ümumi informasiya şöbəsinin məlumatına görə, layihəyə əsasən iki, üç və dörd otaqlı 240 mənzildən ibarət 15 dördmərtəbəli binanın 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır. Artıq tikinti işlərinə başlanılıb. 2021-ci il oktyabrın 22-də Araik Arutyunyan Malıbəyli ərazisinə gələrək tikinti işləri ilə tanış olub....
Bəs görəsən, Malıbəyli sakinlərinin gələcək taleyi necə olacaq? Ermənilər Xankəndində qalacağı təqdirdə malıbəylilər yenidən onlarla demək olar ki, eyni yaşayış məntəqəsində yanaşı yaşamağa razılıq verəcəklərmi?.. Malıbəylinin tanınmış sakinlərindən biri, 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli, eləcə də Yuxarı və Aşağı Quşçular kəndləri sakinlərinin erməni terrorçularının mühasirəsindən çıxarılmasında böyük rolu olmuş keçmiş könüllü tabor komandiri, ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimov
Moderator.az-a ötən ilki açıqlamalarının birində kənd camaatının Şuşa şəhərinə yox, məhz öz kəndlərinə -Malıbəyliyə qayıtmaq niyyətində olduğunu bildirmişdi.
“Bildiyiniz kimi, bu saat Malıbəyli camaatı Bakının Sabunçu rayonunda salınmış “Ramana-450” qəsəbəsində onlar üçün tikilmiş yeni evlərdə yaşayır. Onu da deyim ki, bəlkə də Malıbəyli Qarabağda işğal olunmuş yeganə kənddir ki, sakinləri Azərbaycanın onlarla rayonuna səpələnməyib, hamısı kompakt olaraq bir yerdə yaşayır. Buna 1992-ci ilin fevralında dörd tərəfdən mühasirədə qalmış kənddən döyüşə-döyüşə çıxmağa məcbur olarkən ağsaqqallarla birlikdə könüllü tabor komandiri kimi mənim də səylərim nəticəsində nail olduq. Yaşadığımız qəsəbədə də Malıbəyli sakinləri normal həyat üçün dövlət tərəfindən hər şeylə təmin olunub. Və çoxları evinin yanında oğluna da, qızına da ev tikib... Lakin bütün bunlara rəğmən malıbəylilər bir nəfər kimi öz torpaqlarına, özü də Şuşa şəhərinə, yaxud başqa kəndə yox, məhz Xankəndi şəhərinə bitişik olan doğma Malıbəyli kəndinə qayıtmaq istəyirlər. Yəni mən də daxil olmaqla kənd camaatı daimi sakin kimi Şuşa şəhərinə qayıtmaq istəmir, çünki, Şuşa da bizim üçün doğma, canımız, ürəyimiz olsa da, hamımız öz kəndimizə, dədə-babalarımızın uzun əsrlər yaşadığı yurdumuza dönmək istəyindəyik... Amma təəssüf ki, hazırda doğma kəndimiz, sizin də yazdığınız kimi, hələ də separatçı erməni rejiminin nəzarətindədir və oraya Hadrutdan köçən erməniləri yerləşdirmək istəyirlər. Və əldə etdiyimiz son məlumatlara görə, artıq Daşaltı kəndindən çıxmış ermənilərin də hamısı Malıbəyliyə köçürülüb və hazırda orada yaşayır... Bunlara mane olmaq üçün isə əlimizdən bir iş gəlmir...” – deyə kəşfiyyatçı polkovnik bildirib.
Moderator.az-a bu dəfəki qısa açıqlamasında isə keçmiş tabor komandiri “Artıq çox danışmağa lüzum yoxdur" -söyləyərək "Ötən dəfə kəndimizin gələcəyi barədəki söylədiyim fikirlərin üzərində dayanıram. Və yadınızdadırsa, sizə digər açıqlamamda Xankəndində, eləcə də Malıbəylidə, Kərkicahanda və s. 30 ildən çoxdur qanunsuz məskunlaşmış ermənilərə xəbərdarlıq etmişdim ki, yurdlarımızı tərk etsinlər, biz, nə yolla olursa-olsun, öz kənd və şəhərlərimizə, o cümlədən Malıbəyliyə qayıdacağıq"- bildirib.
"İnşallah, dövlətimizin, Ali Baş Komandanımız başda olmaqla ordumuzun tezliklə düşmənin bu təxribatlarının da qarşısını alacağına və doğma kəndimizə qayıdışımıza şərait yaradacağına ümid edirik” - deyə Azay Kərimov ümidlərini ifadə edib.
Qeyd edək ki, hələlik müvafiq qurumlardan Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejim tör-töküntülərinin nəzarətində qalan digər yaşayış məntəqələrimiz kimi, Şuşa rayonunun faktiki olaraq Xankəndinə birləşmiş Malıbəyli kənd sakinlərinin də gələcək taleyi haqda heç bir rəsmi açıqlama yoxdur...
Zəruri arayış:
Malıbəyli — Azərbaycan Respublikasının Şuşa rayonunun Malıbəyli kənd inzibati ərazi dairəsində kənddir. Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Malıbəyli Xankəndindən avtomobil yolu ilə cəmi 2,5 kilometr məsafədə yerləşirdi, Şuşadan 18, Ağdamdan isə 51 kilometr aralı idi. Kəndin dörd bir tərəfi erməni kəndləri ilə əhatələnmişdi. 1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Malıbəy (şəxs adı) və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir. 1912-ci ildə nəşr olunmuş Qafqaz təqvimi jurnalında Yelizavetpol quberniyasının Şuşa qəzasına aid edilən kəndin əhalisi 1.060 nəfər təşkil edir, onların əksəriyyəti tatar kimi qeyd olunan azərbaycanlılardan ibarətdir. 1921-ci ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən kənddə 942 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət idi. 1986-cı ildə aparılan siyahıya almanın nəticələrinə görə kənddə 1224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət olub.Kənd Qarabağ müharibəsi dövründə böyük ziyan görüb, bir neçə dəfə erməni qüvvələri kəndə hücumlar təşkil edib. Kəndə edilən hücumların bir neçəsi qeydə alınıb. 23 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli kəndində 1 nəfər qətlə yetirilmişdir. 29 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli, Kosalar, Qeybalı kəndində 16 nəfər dinc sakin qətlə yetirilmişdir. 17 yanvar 1992-ci ildə Şuşa rayonunun Kosalar və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir. 25 yanvar 1992-ci ildə Şuşa rayonunun Xəlfəli və Malıbəylə kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir. 1992-ci il fevralın 8-dən 12-dək Malıbəyliyə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Bu hücum davamlı olaraq 5 gün çəkdi... Nəhayət, 1992-ci ilin fevralın 10-dan 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfər dinc sakin həlak olub. 1992-ci il oktyabrın 10-da Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən Azərbaycan HHQ-nə məxsus “Su-25” təyyarəsi vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub. Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra Şuşa rayonunun Malıbəyli kəndi müvəqqəti olaraq Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətində qalıb... Sultan Laçın
Tarix: 10-02-2022, 20:45