“Qarabağdakı Rusiya sülhməramlıları üçün “separatçılar” anlayışı yoxdur...”-Rus ekspert

“Qarabağdakı Rusiya sülhməramlıları üçün “separatçılar” anlayışı yoxdur...”-Rus ekspert
“Bütün bu kimi problemlər dövlət rəhbərləri, xarici siyasət və hərbi idarələr vasitəsilə həll edilməlidir...”
 
“Məhz bu səbəbdən sülhməramlı kontingentin xəritələrində sözügedən yaşayış məntəqələri orada yaşayan yerli sakinlərin özlərinin  adlandırdığı kimi  adlandırılırlar...”
 
Tanınmış hərbi politoloq,  G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ekspert şurasının üzvü,  istefada olan podpolkovnik Aleksandr Perenjiyev Rusiyanın Azərbaycanın Qarabağ torpaqlarındakı rəsmən sülhməramlı sayılan hərbi kontingentinin son bir il 3 aylıq fəaliyyəti ilə bağlı Moderator.az əməkdaşının suallarını cavablandırıb.
 
Qeyd edək ki, Aleksandr Perenciyev 44 günlük müzəffər savaşımız və ondan sonrakı dövrdəki  çıxışlarında əsasən ölkəmizin mövqelərini müdafiə edən rusiyalı şərhçilərdən biri olub . Hərbi ekspertin bu dəfəki cavabları Azərbaycanın maraqlarına tam uyğun olmasa da, məlumat üçün onları nəzərinizə çatdırırıq: 
 
- Aleksandr Nikolayeviç, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Qarabağda son bir il 3 aylıq fəaliyyətini necə dəyərləndirirsiniz? Azərbaycan Prezidenti İlham Əliyev ümumilikdə bu kontingentin fəaliyyətindən razıdır. Amma o, öz çıxışlarında tez-tez Azərbaycan xalqını incidən və müəyyən dərəcədə Azərbaycan Respublikasının suverenliyini də təhdid edən bəzi nüanslara da eyham vurur. Məsələn, bu kontingentin ilk komandiri general-leytenant Rüstəm Muradov 2020-ci ilin noyabrında Qarabağda işinə başlayan kimi ilk işi olaraq Xankəndinə gəlib erməni separatçılarının qondarma lideri Arayik Arutyunyanla qucaqlaşaraq görüşüb. Halbuki, həmin Arutyunyan  44 günlük müharibə zamanı Gəncəni ballistik raketlərlə bombalamağı əmr etdiyi üçün Azərbaycan dövləti tərəfindən axtarışa verilmişdir... Yaxud 2021-ci ilin oktyabrında Azərbaycan hərbçilərinin postuna əl qumbarası atan erməni terrorçusu Norayr Mirzoyan sülhməramlılar tərəfindən dərhal Xankəndinə, yəni separatçı rejimə qaytarılıb. Baxmayaraq ki, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən bu faktla bağlı cinayət işi başlanıb...
 
-Hesab edirəm ki, Rusiya sülhməramlılarının iştirakı ilə bağlı bütün problemlər 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış Üçtərəfli münasibətlər çərçivəsində həll edilməlidir və edilir. Rusiya sülhməramlıları Rusiya Müdafiə Nazirliyinə və müəyyən mənada Rusiya Xarici İşlər Nazirliyinə, nəhayət, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə tabedirlər. Ona görə də bütün bu kimi problemlər dövlət rəhbərləri, xarici siyasət və hərbi idarələr vasitəsilə həll edilməlidir. Eyni zamanda, diqqətinizi ona cəlb edirəm ki, sülhməramlılar öz sülhməramlı missiyasının qaydaları çərçivəsində hərəkət edirlər. Ona görə də onlar üçün “separatçılar” anlayışı yoxdur. Bircə anlayış var - yerli sakinlər və yerli rəhbərlik. Məhz bu konsepsiyalar çərçivəsində sülhməramlıların komandanlığının yerli əhali və onların rəhbərliyi ilə qarşılıqlı əlaqəsi həyata keçirilir...
 
-Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi internet saytında Rusiya sülhməramlı kontingentinə aid bölmədəki xəritə və xəbərlərdə Azərbaycan Respublikasının şəhər və kəndlərinin adları ölkəmizin müasir rəsmi-inzibati xəritələrinə uyğun olaraq adlanmır. Və sanki işğalçı, separatçı ermənilərin xoşuna gəlmək üçün, demək olar ki, hər gün təhrif edilir.  Məsələn, Xankəndi əvəzinə "Stepanakert", Ağdərə-"Mardakert", Xocavənd-"Martuni" və s. yazılır, deyilir. Məgər bu, ədalətlidirmi?
 
-Bilirsiz, qeyd edilən ərazilərdə etnik ermənilər yaşayır.  Və həmin yaşayış məntəqələrinin sakinlərinin(mən vurğulayıram: bu, ərazilərin özlərinin deyil, sakinlərinin) statusu tənzimlənməyib. Məhz bu səbəbdən sülhməramlı kontingentin xəritələrində sözügedən yaşayış məntəqələri orada yaşayan yerli sakinlərin özlərinin  adlandırdığı kimi  adlandırılırlar...
 
Sultan Laçın

Tarix: 15-02-2022, 21:57
Xəbəri paylaş





Xəbər lenti