Ermənilər Şuşanın Malıbəyli kəndində 15 binanın tikintisini davam etdirir...-FOTOLAR
2021-ci ilin oktyabrından Şuşa rayonunun 30 illik işğal dövründə Xankəndinə birləşmiş və “Açapnyak” adlandırılmış Malıbəyli kəndində çoxmənzilli binaların tikintisinə başlanılıb.Moderator.az xəbər verir ki, bu məlumat erməni müxbirinə müsahibəsində Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin qanunsuz “şəhərsalma nazirliyi”nin mətbuat katibi Marta Danielyanın açıqlamasından bəlli olub.
“Hazırda 12 binanın tikintisi üzrə işlər aparılır və yaxın vaxtlarda digər 3-nün tikintisinə başlanılacaq. Layihəyə görə, bütün evlər dördmərtəbəli, hər birində 16 mənzil olacaq”, - deyə M.Danielyanı qeyd edib.
Onun sözlərinə görə, ümumilikdə 240 mənzil istifadəyə veriləcək: 40 iki otaqlı, 120 üç otaqlı və 80 dörd otaqlı. Bu mərhələdə təməllərin, xüsusən də divarların və zirzəmi divarlarının tikintisi davam edir. Rayonun tikintisi ümumerməni “Hayastan” fondunun vəsaiti hesabına aparılır.
Xatırladaq ki, fevralın 10-12-də Malıbəyli kəndinin erməni terrorçuları tərəfindən işğalının 30 ili tamam olub.
Zəruri arayış:
Malıbəyli — Azərbaycan Respublikasının Şuşa rayonunun Malıbəyli kənd inzibati ərazi dairəsində kənddir. Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Malıbəyli Xankəndindən avtomobil yolu ilə cəmi 2,5 kilometr məsafədə yerləşirdi, Şuşadan 18, Ağdamdan isə 51 kilometr aralı idi. Kəndin dörd bir tərəfi erməni kəndləri ilə əhatələnmişdi. 1992-ci il 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Malıbəy (şəxs adı) və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir. 1912-ci ildə nəşr olunmuş Qafqaz təqvimi jurnalında Yelizavetpol quberniyasının Şuşa qəzasına aid edilən kəndin əhalisi 1.060 nəfər təşkil edir, onların əksəriyyəti tatar kimi qeyd olunan azərbaycanlılardan ibarətdir. 1921-ci ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən kənddə 942 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət idi. 1986-cı ildə aparılan siyahıya almanın nəticələrinə görə kənddə 1224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət olub. Kənd Qarabağ müharibəsi dövründə böyük ziyan görüb, bir neçə dəfə erməni qüvvələri kəndə hücumlar təşkil edib. Kəndə edilən hücumların bir neçəsi qeydə alınıb. 23 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli kəndində 1 nəfər qətlə yetirilmişdir. 29 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli, Kosalar, Qeybalı kəndində 16 nəfər dinc sakin qətlə yetirilmişdir. 17 yanvar 1992-ci ildə Şuşa rayonunun Kosalar və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir. 25 yanvar 1992-ci ildə Şuşa rayonunun Xəlfəli və Malıbəylə kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir. 1992-ci il fevralın 8-dən 12-dək Malıbəyliyə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Bu hücum davamlı olaraq 5 gün çəkdi... Nəhayət, 1992-ci ilin fevralın 10-dan 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfər dinc sakin həlak olub. 1992-ci il oktyabrın 10-da Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən Azərbaycan HHQ-nə məxsus “Su-25” təyyarəsi vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub. Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra Şuşa rayonunun Malıbəyli kəndi müvəqqəti olaraq Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətində qalıb... Sultan Laçın
Tarix: 16-02-2022, 21:08