Ermənilər yolu bağlayır, sülhməramlılar izləyir: Nə vaxta qədər? - HƏQİQƏTƏN DƏ...
Ağdərədə yaşayan ermənilər Suqovuşan-Kəlbəcər yolunda Azərbaycana məxsusu maşın karvanının yolunu yenə bağlayıb.
Əraziyə gələn Rusiya sülhməramlıları onlardan yolu açmağı tələb etsə də, ermənilər bundan imtina edib. Qanunsuz aksiyaya səbəb kimi Azərbaycan hərbçilərinin guya dinc sakinlərə atəş açması göstərilib. Qeyd edək ki, fevralın 16-da ermənilər həmin yolda Azərbaycana məxsus 200 yük maşınından ibarət hərbi karvanın Kəlbəcərə getməsinin qarşısını almışdı. Həmin vaxt ermənilərin yolu açmadığını görən Azərbaycan maşınları geri qayıtmağa məcbur olub. Fevralın 16-da ermənilərin heç bir bəhanə gətirmədən təxribat törətməsi Azərbaycan hərbçilərinin guya dinc sakinləri atəşə tutması barədə iddiaların yalan olduğunu isbat edir. Görünür, Qarabağdakı cinayətkar rejimin tərəfdarları Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Suqovuşan-Qızqala-Vəng yolunu bloklamağa çalışır.
Həmin yolla hərəkət xususilə qış aylarında Toğanalı-Kəlbəcər yolu ilə müqayisədə daha əlverişli olur. Ermənilər bu yolu bağlamaqla azərbaycanlıların Kəlbəcərə giriş imkanlarını məhdudlaşdırmağa çalışır. Ümumiyyətlə, son vaxtlar ermənilərin Qarabağda, o cümlədən Suqovuşan-Kəlbəcər yolunda törətdiyi təxribatların sayı artıb. Fevralın 1-də həmin yolla Kəlbəcərə yük daşıyan Azərbaycan maşınlarına sülhməramlıların baxışı prosesində özünü “Qarabağ polisi” kimi təqdim edən separatçı rejimin nümayəndəsi də iştirak etmişdi. Sülhməramlı kontingentin komandanı Aleksey Volkov rəsmi Bakının etirtazına cavab olaraq belə halların bir daha təkrar edilməyəcəyini bildirsə də, təxribatların indi başqa şəkildə təkrarlanması müşahidə olunur.
Ermənilər yolu bağlayır və Rusiya hərbçiləri də bunun qarşısını almaqda özlərini aciz göstərir. Çıxış yolu kimi Azərbaycana bu yolla hərəkət etməmək və ermənilərə güzəştə getmək göstərilir. Eyni zamanda, qondarma rejimin “parlamenti” “İşğaldan azad edilmiş ərazilər” haqqında “qanun” qəbul edir. Bütün bu təxribatlar bölgədə gərginliyin artmasına xidmət edir və Azərbaycana təzyiq məqsədi daşıyır. Sülhməramlıların baş verənlərə göz yumması isə çox güman ki, son hadisələrin Rusiyanın maraqlarına cavab verdiyinə işarədir. Rusiya faktiki olaraq, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdakı öhdəlikləri pozub. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında rəsmi Moskvanın üçtərəfli razılaşmaların yerinə yetirilməsini müzakirə edib. Bu da problemin Rusiyadan qaynaqlandığını və Azərbaycanın sülhməramlıların fəaliyyətindən narazı qaldığını nümayiş etdirir. Ancaq ermənilərin təxribatlarına sülhməramlı qüvvələrin yenə müşahidəçi qalması rəsmi Moskvanın bu iradlardan nəticə çıxartmağa tələsmədiyinə dəlalət edir. DİA.AZ-ın məlumatına görə, politoloq İlyas Hüseynli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti gərginləşdirən addımlar atması ilə yanaşı, Rusiya sülhməramlı qüvvələrinin proseslərə köklü şəkildə müdaxilə edə bilməmək şəraiti formalaşdırılır.
Bununla da Qarabağdakı Rusiya hərbi kontingentinin legitimlik göstərici aşağı düşür.
“Sülhməramlıların Suqovuşan yolunu aça bilməməsi onların öz missiyasını yerinə yetirə bilməməsindən xəbər verir. Rusiya sülhməramlı kontingenti bölgəyə 5 il müddətinə yerləşdirilib və tərəflərdən biri istəməsə, onlar Azərbaycan ərazisini tərk etməlidir. 2020-ci ilin noyabr ayından bəri sülhməramlı qüvvələrin fəaliyyətində çoxsaylı neqativ hallar müşahidə olunub. Ona görə də Rusiya hərbçiləri öz hərəkətlərinə korrektələr etməlidir. Onlar öz vəzifələrini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun icra etməlidir. Ermənilər Azərbaycanın Şərqi Zəngəzurda möhkəmlənməsini böyük narahatlıqla nəzərdən keçirir.
Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları istiqamətində və Azərbaycanın Ermənistanla sərhəddində möhkəmlənmə işlərinin həyata keçirilməsi, hərbi, logistika əməliyyatlarının, yükdaşımaların həyata keçirilməsini narahatlıqla qarşılayırlar. Çünki Azərbaycanın güclü ordusu və hərbi potensialı var. Ona görə də hərbi maşın karvanlarının yerdəyişməsi erməniləri narahat edir.
Qəribədir ki, bu prosesdə sülhməramlılar Azərbaycana məxsus maşınları müşayiət etmək əvəzinə onların geri qaytarılmasına şərait yaradır. Halbuki hərbi yüklərin yerdəyişməsi Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisində həyata keçirilir. Ona görə də nə ermənilər, nə də sülhməramlılar hərbi yüklərin daşınmasına mane ola bilər”.
Ekspert bildirib ki, bu baxımdan, ermənilərin qarşısının alınması, sülh quruculuğu prosesinin genişləndirilməsində sülhməramlıların üzərinə böyük məsuliyyət düşür:
“Qeyd edilən məsələlər Rusiyanın Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı və sülhməramlı qüvvələrin komandanlığı ilə ciddi müzakirə olunmalıdır. Hətta diplomatik müstəvidə Rusiyaya nota da təqdim oluna bilər. Çünki söhbət Azərbaycanın milli təhlükəsizliyindən gedir. Heç bir qüvvə Azərbaycanın həyata keçirdiyi fəaliyyətə qarşı çıxa bilməz. Fikrimcə, bu təxribatların artması məqsədli şəkildə baş verir. Məqsəd bölgədə gərginliyi artırmaqdır. Ona görə də bu prosesləri sona çatdırmağa ehtiyac var. Regionda ciddi geosiyasi proseslər baş verir. Ermənilər də Rusiya sülhməramlılarına sığınaraq siyasi dividentlər qazanmağa çalışır. Lakin Azərbaycan öz təhlükəsizliyini təmin etmək gücündədir. “Şuşa Bəyannaməsi” Azərbaycanın əlini gücləndirir. Azərbaycan antiterror əməliyyatları keçirmək üçün müvafiq tədbirlər görür. Komando hərbi hissələrinin yaradılması da göstərir ki, Azərbaycan istənilən təhlükəinin qarşısını ala bilər. Lakin Azərbaycan bütün problemləri sülh yolu ilə həll etməyin və açılımın tərəfindədir”.
Politoloq hesab edir ki, Qarabağ bölgəsinin enerji təminatı, infrastrukturun yenidən qurulması Azərbaycan tərəfindən təmin olunur. Bu da öz növbəsində, erməni əhalisinin Azərbaycana reinteqrasiyasına hesablanıb. Ona görə də ermənilər seçim qarşısında qalacaq:
“Ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edəcək, ya da Qarabağı tərk edəcəklər. Lakin bunun üçün 10 noyabr Bəyanatı tam şəkildə icra olunmalıdır. Ermənistana məxsusu silahlı birləşmələr Azərbaycan ərazisindən çıxarılmalıdır. Təəssüflər olsun ki, ötən dövr ərazində biz bunu müşahidə etmədik. Sülhməramlıların bölgəyə daxil olması ilə bu razılaşma yerinə yetirilməli idi. Ancaq 10 noyabr Bəyanatının 4-cü bəndi tam şəkildə icra olunmamış qalır. Ona görə də Azərbaycan diplomatiyası bu prosesləri sürətlənməsi üçün hərəkətə keçməlidir. Belə olarsa, kiçik insidentlərin qarşısı alına bilər və ermənilərin etiraz etməsinə də lüzum qalmaz. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 2021-ci il noyabrın 26-da Soçidə imzalanmış üçtərəfli Bəyanatlarda əksini tapmış razılaşmalar yerinə yetirilıməlidir. Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri kompleks şəkildə həll olunmalıdır. Laçın dəhlizi də daxil olmaqla sərhədlərimizə Azərbaycan hərbçilərinin tam nəzarət ertməsi bu gün ən prioritet vəzifədir”.