“Erməni separatçıları baş verənlərdən həvəslənəcəklər, Qarabağda təxribatların sayının artmasına hazır olmalıyıq”
“Gözlənilən baş verir. Rusiya prezidenti Vladimir Putin Donbass separatçılarını tanımağa hazırlaşır. İkinci mərhələdə rəsmən "tanınan" separatçılar Rusiyadan hərbi dəstək istəyəcək və Rusiya ordusu Ukraynanın şərqinə daxil olacaq. Növbəti addım Donbasın Rusiyaya birləşdirilməsi olacaq”. Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, erməni separatçıları baş verənlərdən həvəslənəcəklər: “Qarabağda təxribatların sayının artmasına hazır olmalıyıq. Moskvanın bizə mesajı bu olacaq ki, "mənim dediyimi etməsən, Qarabağla bağlı da oxşar qərar verə bilərəm". Rusiya ilə mənasız müttəfiqlikdənsə həqiqi müttəfiq Türkiyənin Azərbaycanda hərbi varlığını təmin etməliyik”.
Politoloq qeyd edib ki, Rusiyanın müasir tarixində ilk dəfə prezident Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası canlı yayımlanıb: “Bunun sadə səbəbi var idi. Kreml sahibi bununla daxili və xarici auditoriyaya nümayiş etdirmək istədi ki, Donbass separatçılarının tanınmasıyla bağlı kollektiv qərar qəbul olunur və bu tək onun şəxsi qərarı deyil. Təsadüfi deyil ki, Putin hər çıxış edəndən televiziya ekranları qarşısında soruşurdu: "Siz Donbasın tanınmasını tərəfdarısınızmı?" Etiraz edən olmadı. Ancaq bu görüntü aldadıcıdır. Kreml sahibi bu qərara doğru illərdir gedirdi. Ətrafı sadəcə, onun çoxdan verdiyi qərarı dəstəklədi”.
Tarix: 21-02-2022, 22:09