Rusiya-Ukrayna müharibəsi fonunda son günlər Xankəndindəki separatçı erməni quldur dəstələrinin fəallaşaraq Azərbaycan Ordusuna məxsus hərbi mövqeləri mütəmadi şəkildə atəşə tutması birmənalı deyil. Burada bir neçə səbəbə və ya detala diqqət ayrılması vacibdir.
Əvvəlcə ondan başlayaq ki, martın 3-də Ermənistanın baş naziri Nikol Paşinyanın Arazdəyən-Sədərək-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun, yəni Zəngəzur dəhlizinin Ermənistan hissəsində çöl işlərinə başlandığını elan etməsi, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbulu zamanı - “... Bilirsiniz, biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin bahasına olursa-olsun edəcəyik”, deməsi, görünür həm Ermənistandakı daşnaqları, həm də Xankəndindəki quldurbaşı Araiki ciddi şəkildə narahat etdi.
Bunun ardınca Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın “Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biridir” deməsi isə şübhəsiz ki, Azərbaycana qarşı barışmaz düşmən mövqeyində dayanan daşnaqları məmnun etməyən əsas amillərdən biri kimi görünür.
Digər bir səbəb də ondan ibarət ola bilər ki, separatçılar Azərbaycan ərazisində təxribat törətməklə, görünür rəsmi Bakını dünyada şantaj etmək, eyni zamanda Rusiyanın bu gərgin vaxtında onu Azərbaycana qarşı guya hiddətləndirəcəklərini və bununla da nəticədə nəyəsə nail olacaqlarını güman edirlər.
Ancaq indiki məqamda Azərbaycan-Rusiya münasibətlərinə zidd olaraq separatçıların bu və ya digər təxribatlarına rəvac verən şəxsin əslində Rusiya “sülhməramlılarının” hazırki komandiri Andrey Volkov, eləcə də birbaşa olaraq Rusiya müdafiə nazirliyi olduğunu desək bu, daha doğru olar.
Bildiyimiz kimi istənilən dövlətin suveren ərazisindəki şəhər, rayon, kənd və digər yer adları hansısa bir şəxs və ya hansısa bir digər ölkə tərəfindən təhrif edilmədən, o dövlətin konstitusiyon hüququna hörmət olunaraq olduğu kimi də adlandırılmalıdır. Bu o deməkdir ki, əgər Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdursa, demək Rusiya “sülhməramlıları” və Rusiya müdafiə nazirliyi öz gündəlik hesabatlarında “Dağlıq Qarabağ” adını çəkməklə Azərbaycana qarşı hərtərəfli şəkildə həm hörmətsizlik edir, həm də bununla separatçılara birbaşa dəstək olaraq onlarla bərabər təxribata əl atmış olurlar.
Baxın, məgər fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanmış Bəyannamənin 1-ci bəndində “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”, yazılmayıbmı?
Yox əgər məlum Bəyannamədə bu sözlər yazılıbsa, o zaman Rusiya müdafiə nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycana qarşı təxribat deyil bəs nədir? Bu mənada Azərbaycan müdafiə nazirliyinin Rusiya müdafiə nazirliyinə Azərbaycannın suveren ərazilərində mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağır etməsi, dövlətin maraqlarına və ölkə qanunlarına tamamilə cavab verir.
Yeri gəlmişkən, adı çəkilən Bəyannəmənin 11-ci bəndində “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar” yazılıb. İndi nəzərə alsaq ki, Xankəndi və ona yaxın digər ərazilər Azərbaycanın olsa da, ora müvəqqəti olaraq nəzarət funksiyasını hazırda Rusiya edir, onda bu o deməkdir ki, əslində “sülhməramlıbaşı” Andrey Volkov indiyədək hərəkətə keçib separatçıbaşı Araik Arutyunyanı, Vitali Balasanyanı və digər terrorçu “yanları” ən geci bu Bəyannamə imzalandığı günün səhəri “qulaqlayıb” Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verməli idi.
Ancaq görünən odur ki, məlum üçtərəfli Bəyannamənin 4-cü bəndi ötən vaxt ərzində havada qaldığından, hər hansısa səbəb olmasından asılı olmayaraq erməni quldurlarının fəallaşaraq silahlı təxribatlara əl atması Azərbaycan Ordusunu antiterror əməliyyatlara başlamasına məcbur edir. Bunun babalının “Andreyin” boynunda qalacağı isə rəsmi Bakını narahat etməməlidir.
Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Tarix: 9-03-2022, 11:55