Vətən Müharibəsinin başlanmasının ilk 15 dəqiqəsi ərzində Ermənistan tərəfi hava hücumundan müdafiə vasitələrinin 50%-ni, artilleriyasının 40%-ni itirib Son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindən mövqelərimiz erməni silahlıları tərəfindən 4 istiqamətdən intensiv atəşə tutulması rus komandanlığın məsuliyyətsiz davranışının məntiqi nəticəsidir. Ermənistan ordusu tərəfindən sərhəddə ciddi sayda atəşkəs pozuntuları qeydə alınmadığı halda, seperatçıların aktivləşməsi, birmənalı olaraq Rusiya sülhməramlı kontingentinin komandanlığının dəstəyi olmadan mümkün deyil.
Görünür general Volkov da terrorçu Arayik kimi çiyinlərində minimal həcmli beyinə malik baş daşıyır. Yaxud da onlar Vətən Müharibəsinin və daha sonra baş verən toqquşmaların nəticələrini ən qısa müddətdə unutmağa cəhd edirlər. Belə olan halda Volkova və onun dəstək verdiyi erməni silahlılarının rəhbərlərinə bəzi fakt və rəqəmləri xatırlatmaq istəyirəm.
27 sentyabrda Vətən Müharibəsinin başlanmasının ilk 15 dəqiqəsi ərzində Ermənistan tərəfi hava hücumundan müdafiə vasitələrinin 50%-ni, artilleriyasının 40%-ni itirib. Bu rəqəm Ermənistan və seperatçı qurum rəhbərliyində olan hər bir kəsə məlumdur. Düşünmürəm ki, general Volkov dünya tarixində 15 dəqiqə ərzində baş verən səmərəli “döyüşün avisiya və artilleriya basqınına” dair başqa bir fakt ortaya qoya bilər.
26 il müdafiəni möhkəmlədən erməni ordusunun mövqeləri müharibənin ilk saatlarında, şimalda 5 km, cənubda isə 14 km enində yarıldı və Azərbaycan Ordusu 5 istiqmətdən irəllədi. Nəticədə nə baş verdiyini hamı bilir. Erməni ordusunda 10 min hərbçisinin fərariliyi, 70 faiz zabitlərin vəzifələrinə uyğun olmadığını, erməni generalların sprinter sürətli geriçəkilmələrini yaxşı xatırlayırıq. Tək Suqovuşan istiqamətində müdafiəni təşkil edən Cəlal Arutunyan istisnadır, o bir az təmkinlə geri çəkilirdi.
Vətən Müharibəsindən əvvəl Qarabağda 280 km olan cəbhə xətti hazırda 470 km təşkil edir. Son günlər aktivləşən erməni silahlıları bu gün yenə də atəşkəsi Ağdam istiqamətində 28 dəfə pozublar. Bu atəşkəs pozulmalarının cavabsız qala biləcəyini düşünənlər, o cümlədən üzümbaz fermer-general Volkov və onun dəstəlkədiyi A.Arutunyan dərindən yanılır.
Tam komplektləşdirilmiş vəziyyətində 280 km ərazini qoruya bilməyən erməni silahlılarının darmadağın vəziyyətdə 470 km ərazini havadan və qurudan qoruya biləcəyi əfsanədir. Bunu müharibədən sonra Ermənistan sərhəddində baş verənlər də aşkar şəkildə sübut edib.
470 km-lik geniş bir coğrafiyada müdafiəni təşkil etmək üçün erməni seperatçılarına həm böyük ordu birləşmələri, həm də bir neçə zenit raket hissəsi lazımdır. I Qarabağ müharibəsində Qarabağdan 20 min nəfər müharibədə iştirak edirdisə, II Qarabağ müharibəsində cəmi 8000 səfərbər edilə bildi. Arayik 100 min Qarabağ ermənisindən məğlubiyyətdən əvvəl cəmi 8 min toplaya bildi. Onlardan 3000 isə döyüş əməliyyatlar zonasında gözə dəymədi. İndi isə real əməliyyatlar başlayarsa, 27 minlik Qarabağda, həm də məğlubiyyət sindromu altında olanlar arasından əlinə silah almaq istəyən 1000 nəfəri toplamaq belə çətin olacaq. Silah təchizatı da əvvəlki kimi rahat deyil, bəlkə də artıq mümkünsüzdür.
Hava hücumundan müdafiə vasitələrinə gəlincə Qarabağda mövcud olan 6 ədəd “Tor-M2KM” kompleksindən 4 ədədi müharibənin ikinci həftəsindən sonra məhv edildi. Sonra daha 4 ədəd Ermənistandan (böyük ehtimalla 102-ci bazadan) Qarabağa gətirildi. Onlardan da 1 ədədi Cəbrayıl istiqamətində noyabrda məhv edildi. “Tor-M2KM” Ermənistanın silahlanmasında mövcud olan ən müasir Rusiya istehsalı zenit kompleksidir.
Ermənistanın işğal olunmuş ərazilərə və ona yaxın yerləşdirdiyi S-300 ZRK-nın 7 atıcı qurğusunun, bir “S-300” radiolokatoruun və iki “S-300” aşkaretmə stansiyasının, 40 ədəd “Osa”, 4 ədəb “Kub”, 1 ədəd “Kruq”, 14 ədəd “Zastava”, 2 ədəd “S-125” zenit-raket kompleksinin də sıradan çıxarıldığını nəzərə alsaq, nəinki Qarabağın, hətta bütün Ermənistan səmasının nə qədər müdafiəsiz və həssas olduğunu görə bilərik.
İstənilən normal cəmiyyət erməni xalqını onillərlə miflərlə aldadan və başının altına yastıq qoyan prezidentləri, nazirləri, baş qərargah rəislərini dövlətə xəyanətə görə 3-cü ayağından asmalı idi. Amma Ermənistanda və Qarabağda müharibədəki uğursuzluqlara görə kiçik rütbəli zabitləri “günah keçisi” təyin etdilər. Halbuki, müharibəni xalq, əsgər və ya zabit deyil, rəhbərlik və komandanlıq uduzur.
Belə olan bir vəziyyətdə erməni silahlılarının rus sülhməramlılarının tumanı altından Azərbaycan Ordusunun mövqelərini, o cümlədən Şuşaya ən yaxın məsafədə yerləşən Ağdam rayonu istiqamətində əsgərlərimizə atəş açması, ən azından ağılsızlıqdır. Bu təxribatların da əvvəlkilər kimi cavabsız qalmayacağına tam əminəm.
Allah Ordumuzu qorusun.
Ədalət Verdiyev, hərbi ekspert
Tarix: 11-03-2022, 10:44