Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsində vəziyyət gərgin olaraq qalır. Erməni silahlı birləşmələri son günlər Azərbaycan ordusunun mövqelərini mütəmadi olaraq atəşə tutur. Rusiya sülhməramlı qüvvələri isə bu təxribatların qarşısının alınması üçün heç bir tədbir görmür. Əksinə, bölgədə hərbi toqquşmaların artması fonunda sülhməramlı kontingentin bir hissəsi Azərbaycan ərazisini Laçın dəhlizi vasitəsilə tərk edərək müharibədə iştirak etmək üçün Ukraynaya aparılıb. Çünki Rusiyanın Ukraynadakı müharibədə minlərlə gənc çağırışçı əsgər itirməsi Vladimir Putin hakimiyyətinə qarşı etirazlara səbəb olub.
Ona görə də rəsmi Moskva yeni hərbi xidmətə çağırılan əsgərləri peşəkar, müqaviləli ordu ilə əvəz etmək qərarına gəlib. Qarabağdakı sülhməramlı qüvvələrin Ukraynaya göndərilməsi xəbəri inandırıcı görünür. Çünki Azərbaycan ərazisindəki sülhməramlılar, əsasən müqaviləli, yəni müddətdən artıq xidmət keçən hərbçilərdir. Ukraynada əsir düşmüş Rusiya hərbçilərinin bir qisminin əvvəl Qarabağda sülhməramlı missiya yerinə yetirdiyi, sonra isə Donbassdakı döyüşlərdə iştirak etdiyi məlum olub. Rusiyanın Moldovanın Dnestryanı bölgəsindəki sülhməramlı qüvvələri də Ukraynadakı döyüşlərə cəlb etdiyi barədə məlumatlar yayılıb. Hətta Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı buna etiraz edib.
Ancaq Qarabağdakı sülhməramlı kontingentin hamısının deyil, böyük hissəsinin çıxarılacağı gözlənilir. Belə ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 3-cü bəndində qeyd edilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Ancaq sonradan Kreml razılaşmaya məhəl qoymayaraq Azərbaycan ərazisinə bəyanatda göstəriləndən dəfələrlə artıq hərbçi, zirehli və xüsusi texnika yerləşdirdi. Hətta Rusiyanın sülhməramlı adı altında Qarabağa 8 minə yaxın hərbçi göndərdiyinə dair məlumatlar mövcuddur. İndi isə Ukrayna cəbhəsində ağır durumla üzləşən Rusiyanın Azərbaycan ərazisində razılaşmada göstərilən saydan artıq yerləşdirdiyi canlı qüvvə və zirehli texnikanı geri çəkərək Ukraynadakı müharibədə istifadə edəcəyi istisna edilmir.
Eyni zamanda Qərbin sanksiyalarından sonra iqtisadi problemlərlə üzləşən Rusiya başqa ölkələrdəki silahlı qüvvələrinin və hərbi bazalarının sayını ixtisar etmək məcburiyyəti ilə üzləşib. Ukraynada müharibənin uzanması Rusiyanı strateji təhlükəsizlik baxımından daha vacib istiqamətlərə yönəltməyə vadar edə bilər. Eləcə də Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrini çıxaracağı gözlənilir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərinin zəifləməsi müşahidə olunur. Diplomat hesab edir ki, İkinci Qarabağ müharibəsindən başlanan bu proses sürətlənib və sülhməramlıların Azərbaycandan çıxması Rusiyanın Cənubi Qafqazı tərk etməsinə işarədir:
“Rusiyanın yerində geosiyasi baxımdan Türkiyə öz mövqelərini gücləndirir. Hiss olunur ki, geopolitik dəyişikliklər koordinasiyalı şəkildə baş verir. Bunun nəticəsi olaraq Rusiya-Türkiyə əməkdaşlığı formalaşıb. İndi bu prosesin daha sürətli hal almasının bir neçə səbəbi var. İlk növbədə, Rusiya-Qərb böhranı və Rusiyanın Ukrayna ilə müharibəsi göstərdi ki, rəsmi Moskva bütün imkanlarından istifadə etmək məcburiyyətindədir. Çünki ilkin hesablamalar özünü doğrultmadı. Nə ordunun sayı kifayət etmədi, nə də asanlıqla məqsədə çatmaq mümkün olmadı. Ona görə də Rusiya azalan hərbi gücünü Ukrayna istiqamətində toplayacaq. Rusiyanın hərbi imic layihələri bundan sonra ya azalacaq, ya da ixtisar ediləcək. Mən bunu deyərkən, Rusiyanın Suriyada hərbi fəallığını, postsovet ölkələrindəki hərbi bazaların saxlanılmasını, Afrikadakı hərbi fəaliyyətini nəzərdə tuturam. Yəni ilk növbədə, bunu imic layihələri adlandırıram. Rusiya özünü dünyaya fövqəldövlət kimi göstərmək üçün belə layihələrdən istifadə edirdi. Artıq bunlar təxirə salınacaq. Həmin prosesi Qarabağa da aid etmək olar”.
Sabiq nazir bildirib ki, bu prosesin başlandığı müşahidə edilir:
“Ermənilər bunu hiss edib bölgədə mürəkkəb bir dövrün yaşanacağını başa düşürlər. Son günlər baş verən təxribatların məqsədi də Qarabağ məsələsini gündəmdə saxlamaqdır. Ermənilər Azərbaycanla Rusiyanın münasibətlərini mümkün qədər gərginləşdirməyə çalışır. Onlar göstərmək istəyir ki, Rusiyanın zəifləməsindən istifadə edən Azərbaycan, guya razılaşdırılmış mövqelərdən irəli getmək istəyir. Məqsəd isə Rusiya ilə azərbaycan arasında gərginlik yaratmaqdır. Hiss olunur ki, Rusiya qısa müddətdə Azərbaycan ərazisini tərk edəcək. Ermənilər də buna hazırlaşır. Onlar başa düşür ki, yaxın gələcəkdə gərgin mərhələ yaşanacaq. “Rusiyanı kim əvəz edəcək?” sualını verərkən onların yadına ilk növbədə, Fransa düşür. Ermənilər hesab edir ki, Fransanı regiona cəlb etmək üçün imkanlar yaranıb. Bu imkan da uzunmüddətli olmayacaq. Fransada aprel ayında keçiriləcək prezident seçkilərinə qədər bu mümkün ola bilər. Paşinyan Fransaya səfər edəcək, orada Rusiya sülhməramlı qüvvələrini Qərbin missiyası ilə əvəz etməyi təklif edəcək. Ona görə də düşünürəm ki, Azərbaycan hazırda bu proseslərə süni şəkildə müdaxilə etməkdə maraqlı deyil. Yəni indiki mərhələdə hərbi əməliyyatların başlanması ermənilərin xeyrinə olar. Mən əminəm ki, Rusiya qısa müddətdə Azərbaycandakı sülhməramlı qüvvələrini və Ermənistandakı hərbi bazalarını hissə-hissə çıxararaq ləğv edəcək”.
Tofiq Zülfüqarov onu da bildirdi ki, ermənilər Qarabağda süni şəkildə qarşıdurma yaratmağa çalışır:
“Bununla da bölgədə münaqişəni alovlandırmaqla Rusiya sülhməramlılarının qalmasına nail olmaq istəyirlər. Hətta ermənilər sülhməramlı hərbçilərdən də təxribat törətmək məqsədilə istifadə edə bilər. Rusiya hazırda ciddi iqtisadi və siyasi böhran ərəfəsindədir. Hamı başa düşür ki, Qarabağ mövzusunun yenidən gündəmə gəlməsini heç kim istəməz. Onsuz da strateji baxımdan başa düşürük ki, sülhməramlılar Azərbaycan ərazisindən çıxacaq. Separatçı dəstə başa düşür ki, mövcud vəziyyət onlar üçün ölümə bərabərdir. Qarabağda ermənilərin sayı azalır. Çünki onlar sülhməramlı kontingentin çıxıb gedəcəyini anlayırlar. Ona görə də cinayətkar ünsürlər təxribatlar törətməklə vəziyyəti dəyişməyə cəhd edir”.
Diplomat onu da qeyd etdi ki, Azərbaycanın antiterror əməliyyatlarını həyata keçirməsi mümkündür. Lakin bu proses Rusiya ilə koordinasiyalı şəkildə həll edilə bilər:
“Rusiya elə bir vəziyyətdədir ki, imic layihələrini saxlamaq gücündə deyil. Bu gün Rusiya ölüm-qalım savaşı aparır. Qarabağ məsələsi Rusiya üçün artıq 20-ci, 30-cu yerdədir. Ona görə də ermənilərin təxribatına gedib xoşagəlməz mövzuları gündəmə gətirmək bizim xeyrimizə olmaz. Həm də Qərb dairələri burada Rusiyanı əvəz etməyə tələsirlər. Onlar yaxşı başa düşürlər ki, Rusiyanın yerinə ən güclü namizəd Türkiyədir. Çünki Azərbaycanda, Gürcüstanda və gələcəkdə Ermənistanda Türkiyənin artan nüfuzu çox real görünür. Ona görə də Fransanı kənardan gətirmək reallığa ziddir”.
Sabiq nazirin sözlərinə görə: "Ermənistan Qarabağa Fransa sülhməramlılarının yerləşdirilməsində maraqlıdır. Baş nazir Nikol Paşinyanın bu günlərdə Fransaya səfəri də həmin məqsədə xidmət edir. Ancaq Rusiya onu Fransanın deyil, Türkiyənin əvəz etməsini istəyər. Ümumiyyətlə isə, Qarabağ məsələsinin həlli prosesində yeni mərhələ başlanıb. Bu mərhələdə Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini beş ildən tez də tərk edə bilər”.
T.Zülfüqarov onu da vurğuladı ki, Rusiyanın gücünün azalması müşahidə olunur. Bu da öz növbəsində Cənubi Qafqazda Türkiyənin güclənməsinə şərait yaradır.
Tarix: 12-03-2022, 09:24