“Putinin Ukraynadakı qondarma separatçı qurumları tanıması anti-türk və işğalçı xislətli erməniləri fəallaşdırıb”





“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərgindir. Hazırda tərəflər arasında gərginliyə səbəb ola biləcək əsas mövzu Zəngəzur dəhlizi hesab olunur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Partiya təmsilçisi bildirib ki, Azərbaycan üçün mühüm siyasi və logistik əhəmiyyət daşıyan, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirə biləcək belə bir dəhlizin açılmasına Ermənistan razılıq vermir: 

“Son hadisələr iki ölkə arasında yaranmış kövrək münasibətləri korlaya, indiyədək əldə olunmuş müsbət irəliləyişləri zədələyə bilər. Putinin Ukraynadakı qondarma separatçı qurumları tanıması və ardınca guya öz xahişləri ilə həmin qurumlardakı əhalinin müdafiəsi məqsədi ilə Ukraynaya faktiki açıq təcavüz etməsi Qarabağdakı separatçı-terrorçu rejimi, eləcə də Ermənistanda Putinin dostu sayılan Xocalı qatilləri Robert Köçəryan və Serjik Sarkisyanın başçılıq etdiyi revanşist, anti-türk, terrorçu və işğalçı xislətli müxalifəti fəallaşdırıb. Rusiya, konkret olaraq onun lideri Putin bu saat əsas diqqət və gücünü Ukrayna istiqamətinə yönəldib və ona görə də istəməz ki, Cənubi Qafqazda, Qarabağda yenidən gərginlik ocağı yaransın. Amma bütün hallarda proseslər Rusiyanın zəifləməsinə doğru gedir. O da bəllidir ki, bu zəiflik ona gətirib çıxaracaq ki, Moskvadan çox uzaq nöqtələrdə Kremlin fəallığı azalacaq. Hazırda regionu idarəetmə üsulu, iki ölkəyə təsir mexanizmi kimi Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələsi onun üçün yetərlidir. Bu durumdan istifadə edilməli və rəsmi İrəvan problemin birdəfəlik həlli üçün məsuliyyətini dərk etməlidir”.
Tarix: 26-03-2022, 23:31
Xəbəri paylaş





Xəbər lenti