Biri deyir, Rusiya ədalətsiz dünya düzəninə qarşı çıxır və bunu bacaran yeganə lider Putindir, o biri deyir, Rusiya Ukraynaya qarşı müharibəyə başlamaqda(deməli, həm də minlərlə günahsız adamı qətlə yetirməkdə, suveren dövlətin ərazilərini işğal etməkdə, şəhərlərini yer üzündən silməkdə və s.) haqlıdır, başqa birisi bir az da qabağa gedərək, az qala deyir ki, Ukraynanı Rusiya yox, ABŞ və Qərb işğalı edib və s. Bildiyimiz kimi, Azərbaycandakı bu düşüncəyə və məntiqə sahib olan adamları son vaxtlar “rusbaş” adlandırırlar.Ancaq əslində, “rusbaş” belə həmin şəxslərə verilən olduqca yumşaq və mədəni addır. Hətta belələri bəlkə də bu adı daşıdıqlarına görə fəxr də edirlər. Ən pisi də odur ki, üzvlərinin sayı heç də az olmayan bu “şayka” qətiyyən çəkinmədən Azərbaycanı Moskvanın “quyruğuna bağlamaq” üçün dəridən-qabıqdan çıxırlar və bunlara “gözün üstə qaşın var” deyən də yoxdur...Bunların həyasızlığı o həddə çatıb ki, Azərbaycanda Ukraynanın haqlı mövqeyini müdafiə edənləri, Rusiya işğalını pisləyənləri az qala vətən xaini çıxarır, hətta hakimiyyətdən, hüquq-mühafizə oqranlarından bu insanların cəzlandırılmasını tələb edirlər. Özü də bilə-bilə ki, xalqın tam mütləq əksəriyyəti Ukraynanın tərəfindədir. Azərbaycan dövləti də Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və bunu açıq şəkildə ifadə etməkdən çəkinmir. Ancaq belələri bilməlidirlər ki, əsl vətən xaini əsrlər boyu milli maraqlarımıza, dövlətçiliyimizə, inkişafımıza qənim kəsilən və bu gün də əli günahsız insanların qanına batmış bir imperiyanı az qala dünyada ədalətin son və alınmaz qalası kimi təqdim edən, onu cani-dildən müdafiə edənlərin özləridir!
Hər nə qədər başı Moskva vaxtı ilə işləyən bu şəxslərin sosial şəbəkələrdə və mətbuatdakı aktivliyinə, məntiqsiz, savadsız, çox vaxt isə vicdansız, qırmızı, həyasız paylaşım və açıqlamalarına söz azadlığı, plürializm və s. kimi baxmağa çalışsaq da, çoxlarına bəllidir ki, hər şey heç də göründüyü qədər sadə deyil. Bu adamların böyük əksəriyyəti bir mərkəzə tabedirlər, eyni məqsədə xidmət edirlər. O da bəllidir ki, həmin mərkəz Azərbaycanla bağlı xoş niyyətlərə malik deyil və heç zaman da olmayıb!O mərkəz ki, Türkmənçay müqaviləsindən Şərqdəki ilk Cümhuriyyətin devrilməsinə, əsrlərlə sərvətlərimizin talanıb şimala daşınmasına, xalqımızın, dilimizin, mədəniyyətimizin 2-ci də yox, 3-cü, 5-ci sort kimi aşağılanmasına, 20 Yanvardan Xocalıya və 30 illik işğala qədər saysız -hesabsız ziyanlar, düşmənçiliklər, qətllər və başqa bütün pisliklər məhz onun adıyla bağlıdır.Qəribədir ki, Azərbaycandakı Rusiya yanlılarının bəzilərinin nə rus tarixindən, nə ədəbiyyatından, nə incəsənətindən, nə elmindən və s. xəbərləri var. Ancaq bütün bunlar belələrinin ağzı köpüklənə-köpüklənə Rusiya siyasətindən, onun strateji maraqlarından, dünya birliyi üçün yeri və əhəmiyyətindən, hətta rus xalqının möhtəşəmliyindən və s. danışmasına mane olmur...
Bunlar öz xalqına, cəmiyyətinə müharibəni müharibə adlandırmağı, yəni öz adı ilə çağırmağı belə qadağan edən, vəhşicəsinə qonşu ölkənin işğalına girişən, orada yaşayan xalqı, uşaqları, qocaları qətl edən, qadınlarını, qızlarını zorlayan bir dövlətin, onun daşıdığı zehniyyətin dünya liderliyinə iddiasına haqq qazandıracaq qədər nadan, sifətsiz və miskindirlər!Bunların həmin dövlətin “dünya lideri”, “dahi siyasətçi”, “böyük strateq” və s. adlandırdıqları rəhbəri isə sadəcə, hərbi cani, uşaq qatili olmaqla yanaşı, qonşu xalqa “xoşuna gəlsə də, gəlməsə də döz mənim gözəlim” deyəcək əxlaqa, mədəniyyətə və küçə leksikonuna malik birisidir...
Şimaldakı ağalarının təlimatları ilə hərəkət edənlər həm də o qədər bəsit və heç bir tənqidə dözməyən tezislərdən istifadə edirlkər ki, belələrinin bu “xidmətlər”ə görə aldıqları rubllara adamın heyfi gəlir. Əksəriyyəti Rusiyanın Azərbaycandakı təsir agentləri olan bu adamcığazların sözlərindən belə çıxır ki, Azərbaycan dövlət, xalq olaraq onların özləri kimi mütləq kiminsə qarşısında alçalmalı, “ağıllı olmalıdır”.“Ağıllı olsa”, rusun qəzəbindən qurtulacaq və bu, bizim dövlət və xalq olaraq maraqlarımıza uyğundur. Biz “ağıllı və sözəbaxan” olsaq, Rusiya guya onun qan qardaşı sayılan, dini, dili, adət-ənənəsi demək olar ki, eyni olan Ukraynanı və ukraynalıları məhv etdiyi halda, onu heç bir mənəvi, mədəni, dini və s. tellərlə bağlamayan Azərbaycanın və azərbaycanlıların “başını sığallayacaq”...
Ancaq suveren ərazilərimizə sülhməramlı adıyla soxulan bu imperiya qoşunu son olaraq, Fərrux kəndilə bağlı tutduğu açıq ermənipərəst mövqeyi, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi, olmayan “dağlıq qarabağ” anlayışını yenidən dirçəltmək cəhdi və bunu özünün rəsmi bəyanatına salması və s. ilə bir daha bizdəki rusbaşların “zəhmətini” yerə vurdu.Yeri gəlmişkən, Fərrux kəndində azərbaycanlı zabit və əsgərlərin rus zabitilə söhbətinə dair, eləcə də bundan öncəki bir neçə oxşar videolardan belə qənaət yaranır ki, ön xətdəki hərbçilərimizin arasında “ruskoyazıçnılar” azdır. Çünki həmin videolarda hərbçilərimiz rusları Azərbaycan dilində “başa salır”, dediklərini bir başqası tərcümə edir. Əslində belə də lazımdır. Azərbaycan zabiti öz torpağında niyə buraya “sülhməramlı” kimi soxulub, “erməniməramlı” kimi hərəkət edən yad ünsürün dilində danışmalıdır?Qeyd edək ki, bu fakt artıq hərbçilərimiz arasında, xüsusən də ön xəttdə rus məktəblərini bitirənlərin və ya “rusdillilərin” çox az olduğunu da təsdiqləyir...
Guya Azərbaycanın dövlət maraqlarından çıxış etdiklərini deyən rus yanlı “şayka”ya və onların ağalarına ən yaxşı cavabı isə elə Azərbaycan dövlətinin özü verir. Azərbaycan Müdafiə Nazirliyinin Fərruxu “purux”, “furux” edən rus hərbi qurumuna ardıcıl iki cavabı bunun bariz nümunəsidir.Bu cavablar bizə yuxarıdan aşağı baxmağa adət edənlərlə özlərinin başa düşdükləri dildə danışdığımızı göstərir. İndi onlar hər nə qədər rəsmi saytlarında özlərini sındırmayıb “furux”, “purux” yazsalar da, artıq Fərrux sözünü yaxşıca əzbərləyiblər...
Rusiyaya, Putinə xidmət edən və ya bu arzuda olanlar isə bilməli və qulaqlarına sırğa etməlidirlər ki, Azərbaycan öz seçimini artıq çoxdan edib! Azərbaycan üçün əsas olan Rusiya ilə bağlanan 10 noyabr, yaxud 22 fevral sazişləri yox, Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsidir!Fərruxda baş verən son olaylar və Azərbaycan tərəfinin rəsmi reaksiyası da bunun göstəricisidir!Rus gəmisinin Xəzər sahillərinə,Qarabağa lövbər salmasını istəyənlər və bunun üçün minlərlə həmvətəninin başını baltaya verməyə hazır olanlar isə öz ağaları ilə birgə ukraynalıların həmin gəmini ğöndərdikləri məlum yerə gedə bilərlər!...
AzPolitika
Tarix: 28-03-2022, 22:33