“Rusiya hərbçiləri Qarabağda Azərbaycan Ordusuna mane ola bilməyəcək”
Mərkəz rəhbəri: “Moskva Bəyannaməsində deyilir ki, “iki ölkə bir-birinin ərazilərindəki separatçıların, terrorçuların təmizlənməsinə yardım etməlidir” və biz də ərazimizi separatçılardan təmizləyirik” Azərbaycan Ordusunun Xocalı rayonu ərazisində - Fərrux dağı yüksəkliklərində və tarixi Fərrux kəndi ərazisində keçirdiyi dislokasiya işləri gündəmin əsas müzakirə mövzusuna çevrilib. Məlumatlarda qeyd edilir ki, tarixi torpaqlarımızdan olan Fərrux kəndi artıq Azərbaycanın nəzarəti altındadır. "Caliber" kənddə Azərbaycan bayrağının dalğalandığını əks etdirən videogörüntülər də paylaşıb. Xocalının deputatı Elman Məmmədov isə “modern.az” saytına Fərrux kəndinin azad olunması barədə məlumatı təsdiqləyib. Deputat Azərbaycan Ordusunun öz suveren ərazilərində dislokasiya həyata keçirdiyini vurğulayıb. Ordunun dislokasiya həyata keçirməsinə qarşı Ermənistan rəsmi qurumları ilə yanaşı, Rusiya Müdafiə Nazirliyindən də Azərbaycanı ittiham edən bəyanatlar səsləndirildi. Rusiya tərəfi həmin istiqamətin Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına daxil olduğunu qeyd edir. Eyni zamanda, bəyanatlarında "Dağlıq Qarabağ" ifadəsi səsləndirilir. Bu, Azərbaycana Rusiya tərəfindən növbəti hörmətsizliyin nümunəsi sayılır. Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı dalbadal iki bəyanat səsləndirməsi, ikinci bəyanatda Fərrux kəndindən Azərbaycan Ordusunun çəkilməsi ilə bağlı məlumat yayması cəmiyyətdə müəyyən narahatlıqlara səbəb oldu. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin saytından həmin bəyanatlar sonradan silinib. Lakin bəzi mənbələrin xəbərinə görə, bəyanatlar silinməyib, saytda həmin məlumatlara Azərbaycandan girişə blok qoyulub deyə biz o məlumatları görə bilmirik. Martın 27-də Rusiya tərəfindən verilən ikinci bəyanata Azərbaycan Müdafiə Nazirliyi cavab verdi. Cavabda qeyd edilir: "Təəssüflə bildiririk ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir. Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb". "Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Rusiya Müdafiə Nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”, - deyə Azərbaycan tərəfi vurğulayıb. Müdafiə Nazirliyimizin kifayət qədər sərtliyi ilə seçilən məlumatında o da qeyd edilir ki, Bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirir: "Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir. Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kənd yoxdur. Qeyd edilən kəndin adı FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir". Azərbaycan Ordusunun Azərbaycan ərazisində dislokasiya işləri aparmasına Rusiya Müdafiə Nazirliyindən adekvat reaksiya verilməməsi ictimaiyyətdə o qədər də təəccüblə qarşılanmır. Çünki bundan əvvəl də Rusiyanın rəsmi qurumlarından bu cür məsuliyyətsiz açıqlamaların şahidi olmuşuq. Yəqin ki, bundan sonra da Azərbaycanın haqlı addımlarına qarşı bəyanatlar səsləndiriləcək. Amma Azərbaycanla müttəfiqlik haqqında 43 maddəlik sənədə imza atmış Rusiyanın davranışı qəbuledilməzdir. Yaşanan gərginlik və baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan öz üzərinə düşən vəzifəni icra edir və etməlidir də:
- Müharibədən sonra bizim qarşımızda duran əsas vəzifələr sırasında Qarabağdakı separatçı ünsürləri tərksilah etmək, Laçın dəhlizini nəzarətə götürmək, Qarabağın tamamında ölkəmizin qanunlarının icrasını təmin etməkdir. Yavaş-yavaş bu işlərin görülməsi istiqamətində addımlar atılır. Fərrux kəndi və Fərrux dağı istiqamətindəki yüksəkliklərin nəzarətə götürülməsi, qanunsuz silahlı qruplaşmaların çıxarılması məsələsinin aktuallaşması bunun göstəricisidir. Eyni zamanda, Xankəndi və ətrafına qaz kəmərində yaranan problem və bunun ətrafında Ermənistanın şou yaratması məsələsi var. Dəfələrlə demişdik ki, işğal müddətində Qarabağa Ermənistandan qanunsuz olaraq qaz kəməri çəkilib ki, Rusiya qazı həmin kəmərlə separatçılara göndərilir. İndi həmin kəmərin keçdiyi ərazilərin bir hissəsi Azərbaycanın nəzarətindədir. Həmin kəmərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmalıyıq ki, bunu dayandırsınlar. Çünki Qarabağ Azərbaycan ərazisidir. Biz erməni vətəndaşlarımıza qazı özümüz verə bilərik - bir şərtlə ki, orada suverenliyimiz bərqərar olunsun. Hesab edirəm ki, bu məsələnin də həllinə başlamalıyıq. - Son gərginlik fonunda Rusiya Müdafiə Nazirliyinin məntiqsiz bəyanatlarının şahidi olduq. Rusiya kəskin bəyanatı ilə Azərbaycana nə deyir? - Rusiya Müdafiə Nazirliyi 2 gün ərzində iki bəyanat xarakterli açıqlama yaydı ki, bu, müəyyən suallar yaradır. Birinci açıqlamada bildirildi ki, "Azərbaycan tərəfi Üçtərəfli Birgə Bəyanatı pozub, Fərrux kəndinə daxil olub, PUA ilə erməni silahlılarına zərbə endirib". Açıqlamada kəndin adını da səhv yazdılar, növbəti dəfə hörmətsizlik göstərib "Dağlıq Qarabağ" ifadəsindən istifadə etdilər - bizdə artıq belə ərazi bölgüsü yoxdur - və mövqelərə qayıtmağımızı istədilər. İkinci açıqlamada isə bildirildi ki, "Azərbaycan hərbçiləri Fərrux istiqamətindən geri çəkilib". Bunun yalan olduğu bir saat ərzində ortaya çıxdı. Çünki Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin məlumatını təkzib etdi və görüntülər yayıldı ki, hərbçilərimiz Fərrux kəndində bayrağımızı qaldırıblar. Sonradan isə məndə olan məlumata görə, Rusiya Müdafiə Nazirliyinin saytından o açıqlamalar silindi. Sual yaranır: bu iki açıqlamanın mənası nə idi? Azərbaycanın haqlı mövqeyi ondan ibarətdir ki, 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatın 4-cü bəndi və 2022-ci ilin fevralın 22-də Rusiya ilə Azərbaycan arasında imzalanan 43 bənddən ibarət müttəfiqlik haqqında Bəyannamənin birinci bəndinə görə, separatçılar tərksilah edilməlidir. Rusiya bu işdə bizə mane olmaq yox, dəstək verməlidir. Rusiya hərbçiləri bu işi icra etmirsə, Azərbaycan bunu həyata keçirir. Burada qeyri-adi nəsə yoxdur. Düzü, Fərrux kəndi ətrafında bizim bu şərtləri yerinə yetirməyimizə sülhməramlılar mane olmadılar. Videogörüntülər əsasında bunu demək mümkündür. Görüntülərdən aydın olur ki, bizim zabit rusiyalı zabitlə danışıq aparır, mövcud vəziyyəti başa salır. Hər hansı insident baş vermir. Sülhməramlılar başa düşdülər, Azərbaycan Ordusu da dislokasiyanı həyata keçirdi. Ona görə də Rusiya Müdafiə Nazirliyinin ziddiyyətli açıqlamaları, yalan məlumatı verməsi, daha sonra saytlarından silməsi qəribədir. Hesab edirəm ki, bu gedişat ermənilər arasında daha çox vahimə yaradır. - Bu, Ermənistan tərəfindən verilən açıqlamalardan da hiss olunur... - Bəli. Ermənistan və Qarabağdakı separatçılar anlayırlar ki, onların terrorçu taleyi bölgədəki Rusiya hərbçilərindən asılıdır. Əgər Azərbaycan tərəfindən Fərrux kəndinin və dağ istiqamətindəki yüksəkliklərin götürülməsi zamanı Rusiya hərbçiləri ilə insident yaşanmayıbsa, demək ki, gələcəkdə hansısa insident olmaya bilər. Əslində Rusiya sülhməramlıları maneə yaratmayacaqlar və biz öz addımlarımızı atacağıq. Biz Fərrux kəndi və yüksəkliklərlə kifayətlənməyəcəyik. Düşünürəm ki, bu addımlarımızı bir qədər də sürətləndirməliyik. Ermənilərin təşvişi əbəs deyil, çünki proses davam edəcək. Hesab edirəm ki, biz informasiya savaşında fəallığımızı artırmalıyıq. Dünyaya da, ermənilərə də izah etməliyik ki, sülhün, razılaşmanın alternativi yoxdur. Ermənistan da, separatçılar da başa düşməlidirlər ki, reallığı qəbul etməli, məsələnin kökündən həllinə dəstək göstərməlidirlər. Bu, Qarabağ ermənilərinin özləri üçün də faydalı olacaq. Separatçılıqlarına davam etsələr, bu problemlərlə yenə üzləşəcəklər. Çünki bura Azərbaycan ərazisidir, oradakı yaşayışı da, kommunal xidmətləri də Azərbaycan təmin etməlidir. Yevlaxda, Gəncədə, Qazaxda, Bakıda yaşayan vətəndaş kommunal xidmətlərə görə pul ödəyirsə, Qarabağdakı ermənilər də pul ödəməlidirlər. İnformasiya müharibəsində fəallaşmalıyıq ki, çıxış yolu budur. Hər kəs anlamalıdır ki, müharibə bitib, biz ərazimizdə qayda-qanun yaradırıq və Ermənistan artıq bizim məsələlərə qarışa bilməz. - Rusiya tərəfinin Azərbaycana “diş qıcaması” cəmiyyətdə müəyyən narahatlıq yaradıb. İnsanlarımız məsələlərə münasibətdə sanki çəkingənlik nümayiş etdirirlər. Sizcə, buna lüzum varmı? - Bizdə Rusiya haqqında, Rusiya Ordusu haqqında çoxlu miflər var idi. Amma görürük ki, deyilənlər sadəcə nağıl imiş. Ukraynada Rusiyanın "böyük və güclü ordusu", "sistemli siyasəti" kimi miflər darmadağın oldu. Müharibə göstərdi ki, bunlar nə gündəymişlər. Təsəvvür edin ki, siyasi sistem iflic imiş, Rusiya elitasında hərənin ağzından bir avaz gəlir. Elə Qarabağla bağlı da hər qurum, hər rəsmi şəxs bir-birinə zidd açıqlamalar verirlər. Tutaq ki, Rusiya Prezidenti Azərbaycanı dost adlandırır, müttəfiqlik sənədi imzalayır, Müdafiə Nazirliyi əleyhimizə bəyanat yayır, sonra məlumat saytdan silinir və s. Yəni ki, Rusiyada məsələlərə sistemli yanaşma yoxdur. Görünür ki, Moskvada müxtəlif güc mərkəzləri var və hərə öz oyununu oynayır. Rusiyanın Ukraynadakı məğlubiyyətinin səbəblərindən biri də məhz hərənin öz oyununu oynamasıdır. "Güclü ordu", "güclü hərbi texnika" mifi bitdi. Bir aydır ki, Ukraynanın Mariupol şəhərini mühasirəyə alıblar, amma işğal edə bilmirlər. Düzdür, müqavimət güclüdür, Rusiya bunu hesablamamışdı. Amma hər halda, deyildiyi kimi olsaydı, işğal edə bilərdilər. Ona görə də biz qorxmamalıyıq, əksinə, işimizi sürətləndirməliyik. Ukraynada belə ağır müharibə getdiyi vaxtda Cənubi Qafqazda ikinci cəbhənin açılmasında Rusiya maraqlı deyil. Ukraynadakı proseslər nə qədər faciəvi olsa da, biz fürsətdən istifadə etməliyik. - Yəni ki, qorxmaq lazım deyil...? - Əlbəttə! Ümumiyyətlə, niyə qorxmalıyıq?! Eyni zamanda, mif dağılıb. Bilirsiniz, biz Qarabağda Rusiya ilə savaşmaq istəmirik. Rəsmi Bakının istəyi sadəcə odur ki, imzalanan bəyanatlar icra olunsun. Əgər sülhməramlılar vəzifələrini yerinə yetirmirsə, biz özümüz işimizi görürük və toqquşmaq istəmirik. Əslində bizim xeyrimizə olan daha bir məqam var. Bölgədə sülhməramlılar yerləşdikdən sonra ilk dəfə idi ki, Azərbaycan Ordusu bizə qarşı təxribat törədən separatçılara dəqiq zərbələr endirdi. Deməyim odur ki, bunu davam etdirə bilərik və Rusiya hərbçiləri buna mane ola bilməyəcək. - Hesab edirsiniz ki, Rusiyanın hazırda çöküş yaşadığı məqamda biz öz məsələmizi birdəfəlik həll etməliyik? - Çöküşü deməyək, Ukraynada başı qarışıb desək, daha doğru olar. Eyni zamanda, Rusiya Azərbaycanla müttəfiqlik haqqında sənəd imzalayıb. Biz qanundankənar iş görmürük, Moskva Bəyannaməsinin müddəalarına uyğun addımlar atırıq. Həmin sənəddə deyilir ki, iki ölkə bir-birinin ərazilərindəki separatçıların, terrorçuların təmizlənməsinə yardım etməlidir. Biz də ərazimizi separatçılardan, silahlı quruplaşmalardan təmizləyirik. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında da Moskva Bəyannaməsindəki müddəalar vurğulanıb. Biz hansısa razılaşmanı pozmuruq, Rusiya ilə toqquşmuruq. Deyirik ki, məsələlər həllini tapmalıdır, Qarabağdakı separatçılar təmizlənməlidir, qayda-qanun yaradılmalıdır. Rusiya vaxtilə Çeçenistanda qayda-qanun yaratdığını dedi, əməliyyatlar keçirdi, biz də eyni qaydada ərazimizdə qayda-qanun yaradırıq. Rusiyanın müttəfiqi olan Ermənistana hücum etmirik ki... Azərbaycan öz ərazilərində qayda-qanun yaradır ki, buna heç kim mane ola bilməz. - Baş verənlər fonunda Ermənistan hansı addımları atacaq? - Düşünürəm ki, Ermənistanın manevr imkanları tükənib. İrəvan başa düşürdü ki, yeganə xilaskarı Rusiyadır, amma Rusiyanın hazırkı vəziyyəti bəllidir. Ermənistan Rusiyaya yalvarsa da, hansısa müsbət nəticə əldə edə bilməyəcək. Bununla yanaşı, Rusiyanın Ukraynadakı müharibəsi, məğlubiyyətə doğru gedişi İrəvanda da vahimə yaradıb. Erməni mediasında yazılanlardan da aydın olur ki, Rusiyanın Ukraynadakı məğlubiyyəti Qarabağdakı problemlərin birdəfəlik həlli üçün Azərbaycana böyük şans verir. ABŞ, Fransa bölgəyə gəlib erməniləri qoruyası deyil. Bu, eyni zamanda, ABŞ-ın, Fransanın siyasətinə də zidd olardı. Çünki bölgədəki rusiyalı hərbçilərdir ki, özləri Rusiya zabitlərinə, generallarına sanksiyalar tətbiq edirlər. Orada Rusiyaya sanksiya tətbiq edib, burada rusiyalı hərbçilərin nəzarətindəki separatçılara dəstək verəsən - bu, ziddiyyətlidir. Ona görə deyirəm ki, informasiya təbliğatımızı çoxaltmalıyıq. Səfirliklərimiz, diplomatik korpusumuz çox çalışmalıdır. Səfirlər olduqları ölkələrin rəsmilərinə çatdırmalıdırlar ki, Qarabağdakı separatçılara dəstək Rusiyaya dəstək anlamı verir. İkincisi, Rusiyaya qarşı sanksiyalar fonunda Avropanın Azərbaycanın enerji resurslarına marağı daha da artıb. İqtisadi tərəfdaşlıq çərçivəsində Avropa ölkələrindən istəyimiz bu olmalıdır ki, ərazimizdə qayda-qanun yaratmağımıza mane olmasınlar.